Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1995-ci il 15 mart
Prezident Heydər Əliyev respublikada dövlət
çevrilişi cəhdi nəticəsində yaranmış
vəziyyətlə əlaqədar televiziya və radio ilə
xalqa müraciət edib. 15-17 mart 1995-ci ildə daxili işlər
nazirinin müavini Rövşən Cavadovun
başçılığı ilə Xüsusi Təyinatlı
Polis Dəstəsinin qaldırdığı qiyam Azərbaycan
dövlətçiliyinə qarşı böyük təhdid
idi. Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq
üçün bir sıra addımlar atdı, amma nəticə
hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq
edilməsi ilə yatırıldı.
1995-ci il 20 mart
Heydər Əliyev Bakıda Novruz bayramı münasibətilə
tədbirdə çıxış edib, şəhid və
qaçqın uşaqları üçün
“Gülüstan” Sarayında təşkil olunmuş bayram şənliyinə
qatılıb.
1995-ci il 27 mart
Heydər Əliyev Azərbaycanın görkəmli
balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin 80
illiyi münasibətilə təntənəli yubiley mərasimində
iştirak edib.
1995-ci il 6 aprel
Heydər Əliyev Xalq şairi Məmməd Arazla
görüşüb.
1995-ci il 8 aprel
Prezident Heydər Əliyev Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında beynəlxalq müsabiqələrin
laureatları və diplomantları ilə görüşdə
çıxış edib.
“...Çox sevindirici haldır ki, Azərbaycanın
böyük tarixə malik olan incəsənəti, musiqi sənəti
hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin,
incəsənətinin zənginliyini nümayiş etdirir...
Bilirsiniz, xalq bir çox xüsusiyyətləri ilə
tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi,
ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə
malik olan xalq həmişə irəli gedəcək, həmişə
yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət
bir tərəfdən bəşəriyyətin
topladığı ən yaxşı nümunələrlə
xalqları zənginləşdirir və onların mədəniyyəti
bu yolla inkişaf edir. Amma bundan əvvəl, bundan əsas
xalqın, millətin içində o fitri istedadların
olmasıdır...
Son illər xalqımız, respublikamız ağır
şəraitdədir. Yeddi ildir müharibə şəraitində
yaşayırıq... Mən vaxtaşırı mədəniyyətimizdə,
incəsənətimizdə gənc istedadları görərkən
həddindən artıq sevinirəm və bir daha
özüm-özümə deyirəm ki, doğrudan da,
xalqımız nə qədər ağır vəziyyətdə
də olsa mədəniyyəti, incəsənəti unutmayacaq
və nə qədər çətin şəraitdə
yaşasa da, o istedadlar cücərəcək, meydana
çıxacaqlar. Necə ki, bəzən qarın altından
çiçək çıxır. Yaxud, bir də
görürsən ki, asfaltın altından ot cücərib
çıxır. Bax, bu istedadlar da bizim indiki çətin
dövrdə, şəraitdə meydana çıxırlar.
...Şübhəsiz ki, istedad qayğı istəyir.
Qayğı olmayanda istedad bəzən özünə yol tapa
bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur. Bilin ki,
indi həyatımız nə qədər çətin olsa,
dövlət işləri başımızı nə qədər
çox qarışdırsa da, biz istedadlara daim qayğı
göstərəcəyik.
Mən Fərhad Bədəlbəyliyə baxıram.
25 il bundan öncə Fərhad Bədəlbəyli gənc bir
pianoçu idi, gəlib konsertlərdə musiqi ifa edirdi.
Şübhəsiz ki, fitri istedadı onu gətirib o dərəcəyə
çatdırmışdı, ancaq o vaxt o, sizin kimi gənc
bir pianoçu idi. Onun yetişməsində rəhmətlik
Niyazinin xidmətləri çoxdur. Mənim xatirimdədir,
70-ci ilin əvvəllərində ilk dəfə böyük
simfonik konsertlərdə Niyazi Fərhadı təqdim etdi... Fərhad
da yəqin unutmayıb ki, onun inkişafı üçün
biz nə qədər qayğı göstərdik.
Çünki mən görürdüm ki, belə bir istedad
meydana çıxıb. Ona qayğı göstərmək
lazımdır və onun yolu geniş açılsa, o öz
istedadını daha da parlaq göstərə biləcəkdir.
İndi bax, onun həyat yolu göz
qabağındadır. Sizin üçün də örnəkdir...
Bu gün sizin həyatınızda yeni bir mərhələ
başlanır. Qalib gəlmisiniz, məşhurlaşmısınız.
İstərdim ki, bununla kifayətlənməyəsiniz. Öz
üzərinizdə çox çalışasınız,
işləyəsiniz. Mənə belə gəlir ki, sizin hər
biriniz böyük yaradıcılıq yolu ilə gedəcəksiniz.
Hər birinizin böyük gələcəyiniz var...
...İndi Azərbaycan dövləti çox
ağır sınaq dövrü keçirir. Keçdiyimiz
yollar sizin bu yaradıcılıq yollarınızdan bilirsiniz,
nə qədər ağırdır, nə qədər
çətindir... Bu müstəqillik yolu qədər çətin
yol yoxdur. Kim belə hesab edirsə
ki, biz müstəqilliyi elan etdik, deməli, hər şey
qurtardı, – belə deyil. Bizim müstəqilliyimizi xaricdən
də boğmaq istəyənlər var, daxildən də buna
qarşı təxribat etmək istəyənlər var.
Son illərdə Azərbaycanda gedən ictimai-siyasi
proseslər bunu sübut edir. Bunlar hamısı göz
qabağındadır və heç bir vətəndaş, o
cümlədən mədəniyyət işçiləri, mədəniyyət
xadimləri, incəsənət sahəsində
çalışan vətəndaşlar bu işlərə
biganə qala bilməzlər. Necə biganə qala bilərsiniz
ki, əgər sabah bu müstəqil dövlət
dağılsa siz nə olacaqsınız, başınıza nə
iş gələcəkdir?
...İndi tutaq ki, dövləti devirdilər, kimi isə
öldürdülər, nəyi isə dağıtdılar.
Bu bir tərəfə. Axı bu xalq var, bu cəmiyyət var,
yüz illərlə toplanmış mədəniyyət, incəsənət
sərvətlərimiz var, yeni-yeni addım atan, parlaq gələcəyi
olan bu gənc qız, gənc oğlan var... Ona görə də
siz bilməlisiniz, biz bu cür cinayətkarların
qarşısını alarkən, dövləti qoruyarkən hər
bir vətəndaşı qoruyuruq. Hər birinizi bu bəlalardan
qoruyuruq. Ona görə də bu işlərə biganə
qalmaq olmaz. İncəsənətlə də məşğul
olun, əsərlər də yazın, ifaçılıq
işini də inkişaf etdirin. Ancaq həyatda heç nəyə
biganə olmayın.
...Bunları sizə, bizim gənc istedadlara deməkdə
məqsədim ondan ibarətdir ki, arxayın olun. Hər bir vətəndaşın
hüququ, həyatı qorunur və biz
çalışacağıq ki, dövlətimizi də, cəmiyyətimizi
də, hər bir vətəndaşı da, onun hüququnu da
qoruyaq...”.
Vüqar Orxan
(davamı var)
Mədəniyyət.-
2023.- 4 avqust.- S.5.