Qəhrəmanlar unudulmur
Yevlax
rayonunun Gülövşə kəndində şəhid
baş çavuş Təbriz Rəhimovun anım mərasimi
keçirilib. Çıxış edənlər müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində
qazandığı Qələbənin tarixi əhəmiyyətindən
danışıblar.
Bildirilib
ki, Təbriz Rəhimov 44 günlük Vətən müharibəsi
zamanı igidliklər göstərib. Müharibədən
sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu kimi xidmətini davam etdirib. O, Ermənistan
ordusunun 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycanın
Qərb istiqamətində sərhəd boyu törətdiyi təxribatlarının
qarşısının alınması zamanı Zəngilan
rayonu ərazisində qəhrəmancasına şəhid olub.
Ölkə başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Azərbaycan
Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə
təltif edilib. Şəhidin adı yaşadığı
küçəyə verilib.
Çıxışlardan
sonra şəhidin xatirəsinə inşa edilmiş abidə-bulaq
kompleksinin açılışı olub. Gülövşə
kənd tam orta məktəbinin şagirdləri və Yevlax
şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları
tərəfindən hazırlanmış kompozisiya
nümayiş etdirilib.
***
Xocavənd
rayon Qaradağlı kəndinin şəhid qəhrəmanı
Elzamin Tağıyev doğum günündə Xocavənd qəsəbəsindəki
(Beyləqan rayonu) Şəhidlər məzarlığında
anılıb.
Mərasim
iştirakçıları əvvəlcə şəhidlərin
məzarları önünə qərənfillər
düzüb, əziz xatirəsinə ehtiramlarını
bildiriblər.
Bildirilib
ki, Elzamin Tağıyev Vətən müharibəsinin ilk
günündən Füzuli istiqamətində
döyüşlərə qatılıb, oktyabrın 11-də
yaralanıb, müalicə aldıqdan sonra yenidən
döyüşlərə yollanıb. Noyabrın 9-da
Şuşa uğrunda gedən döyüşlərdə
şəhidlik zirvəsinə ucalıb. Ölümündən
sonra “Vətən uğrunda”, “Cəsur
döyüşçü”, Qubadlı, Füzuli və
Şuşanın azad olunmasına görə medalları ilə
təltif olunub.
***
Astara
rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində
Azərbaycanın Milli Qəhrəmanları Aslan Atakişiyev
və Fəxrəddin Cəbrayılova həsr olunan “Qəhrəmanlar
unudulmur” mövzusunda tədbir keçirilib. Əvvəlcə
Ulu öndər Heydər Əliyevin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Milli Qəhrəmanların
döyüş yolu haqqında məlumat verilib. Sonra şagirdlər
vətənpərvərlik ruhlu şeirlər söyləyiblər,
mövzu ilə bağlı sərgiyə baxış olub.
***
“Tək
millət, tək ürək” Beynəlxalq Humanitar
Platforması çərçivəsində Müdafiə
Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və
Dağlıq Şirvan RMİ-nin dəstəyi ilə şəhid
ailələri üçün tədbir təşkil olunub.
İsmayıllı rayonundakı Heydər Əliyev adına
parkda gerçəkləşən tədbirdə
tanınmış incəsənət ustalarının
ifasında konsert proqramı təqdim edilib. Tədbirdə həmçinin
şəhid övladları üçün müxtəlif
kompozisiyalar və İsmayıllı rayon Heydər Əliyev
adına Mədəniyyət Mərkəzinin
hazırladığı kukla tamaşası nümayiş
etdirilib.
***
1918-ci
ildə ermənilərin Azərbaycanın Naxçıvan
bölgəsini ələ keçirmək üçün
başlatdıqları qəsbkarlıq hərəkətlərinin
qarşısının alınması məqsədilə
Osmanlı ordusunun generalı Kazım Qarabəkir
paşanın başçılığı ilə ordu birləşmələri
bu qədim diyarın müdafiəsi üçün gəldilər.
Nəticədə erməni daşnakların arzusu ürəklərində
qaldı. Naxçıvan Azərbaycanın tərkib hissəsi
kimi varlığını qoruyub saxladı. Həmin illərdə
Anadoludan gələn türkiyəli
qardaşlarımızın sırasından da şəhidlər
olub. O şəhidlərdən biri də qəhrəman zabit Həsən
Bəşir Türkoğludur. Onun şəhadətindən bu
il 105 il ötür.
Ordubad
rayonunun Anaqut kəndində şəhidin xatirəsini əbədiləşdirmək
məqsədilə bulaq-abidə kompleksi inşa edilib. Abidənin
açılışında Prezidentin NMR-də səlahiyyətli
nümayəndəsinin müavini Samir Seyidəhmədli,
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Rəhimli və Türkiyənin NMR-dəki baş konsulu Asip
Kaya çıxış ediblər.
Bildirilib
ki, H.B.Türkoğlu 1918-ci ildə Ordubad rayonunun Dırnıs
kəndi uğrunda gedən döyüşlərdə şəhid
olub və bu kənddə dəfn edilib.
Tədbirdə
şəhidlərin xatirəsinə həsr olunmuş
şeirlər səsləndirilib. Sonda türkiyəli zabitin və
Dırnıs kənd şəhidlərinin məzarları
ziyarət edilib.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.4.