Akademik Kamal Talıbzadənin
doğum günündə
məzarı ziyarət
olunub
Avqustun 14-də görkəmli ədəbiyyatşünas-alim,
ədəbi tənqidçi,
akademik Kamal Talıbzadənin (1923-2006) anadan
olmasının 100 illiyi
tamam olub.
Bu münasibətlə
Abdulla Şaiqin Mənzil-Muzeyinin kollektivi alimin II Fəxri xiyabandakı məzarını
ziyarət edib.
Kamal Talıbzadə böyük maarifçi-ədib Abdulla Şaiqin ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib və 1945-ci ildən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb, ömrünü ədəbiyyatşünaslıq elminin inkişafına həsr edib. Akademik Kamal Talıbzadə çoxsahəli, məhsuldar yaradıcılıq yolu keçib, onun respublikamızdan kənardakı elmi mərkəzlər və alimlərlə sıx yaradıcılıq əlaqələri olub. Alimin müxtəlif illərdə onlarla monoqrafiya və kitabı, yüzlərlə elmi məqaləsi çap edilib. “Abbas Səhhət”, “Maksim Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan ədəbi tənqidi”, “Tənqidimiz haqqında qeydlər”, “Ədəbi irs və varislər”, “Sənətkarın şəxsiyyəti”, “Azərbaycan ədəbi tənqidinin tarixi”, “Tənqid və tənqidçilər” və s. kitabları müəllifinə geniş şöhrət qazandırıb. O, milli ədəbiyyatşünaslıqda tənqidşünaslığın müstəqil elm sahəsi kimi əsasını qoyub.
Mədəniyyət.- 2023.- 16 avqust.- S.3.