“Döyüşdə
heç vaxt kürəyinizi düşmənə
çevirməyin...”
O, üç qardaşın
ortancılı idi. Uşaq yaşlarından zəhmətə alışmış,
bir usta kimi halal qazancı ilə ailəsini dolandırırdı. Amma Vətənə
olan sevgisi, bağlılığı sayəsində
hərbçi olmaq qərarına gəlmiş
və son nəfəsini
də bu şanlı formanın altında vermişdi...
Ölkəmizin ərazi bütövlüyünün
bərpa olunması ilə başa çatan 2020-ci ilin Vətən müharibəsi
şəhidlərindən gizir
Cəmil Həşimli
haqqında söz açırıq.
Cəmil Əflatun
oğlu Həşimli
1995-ci il avqustun 11-də
Kürdəmir rayonunda
anadan olub. Kürdəmir şəhər
F.Həşimov adına
3 nömrəli tam orta məktəbdə təhsil alıb. Sonra əsgərliyə gedir. Vətənə borcunu yerinə yetirib rayona qayıdır və avtomobil təmiri ilə məşğul olur. Lakin hərbçi
peşəsi onu özünə cəlb etmişdi. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu
müvəffəqiyyətlə bitirərək gizir rütbəsi alır və Füzuli rayonundakı N saylı hərbi hissədə tağım komandirinin müavini kimi xidmətə başlayır.
2020-ci ilin 27 sentyabrı... 44 gündə
tariximizin yeni şan-şöhrət səhifəsinin
yazıldığı Vətən
müharibəsi... Düşmən
30 ilə yaxın bir müddət idi ki, Qarabağı
işğal altında
saxlayırdı. Artıq
qisas günü yetişmişdi. Xalqımızın
mərd, igid oğulları yağının
ayağını torpaqlarımızdan
kəsmək üçün
ölüm-dirim savaşına
qalxmışdı...
Cəmil də
döyüşlərin ilk
günündən ön
sıralarda yerini alıb silahdaşları ilə düşmən üzərinə gedirdi. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə
böyük rəşadət
göstərirdi. Ta ki Füzuli istiqamətində düşmənin
xain gülləsi onu hədəf alanadək... Oktyabrın
5-də qorxmaz döyüşçü
öz silah yoldaşları ilə birlikdə “40 metr” adlanan üçkameralı
postun düşməndən
azad edilməsində böyük şücaət
örnəyi ortaya qoyur. Strateji əhəmiyyətli bu posta bayrağımızı
sancarkən düşmənin
snayper gülləsinə
tuş gələrək
şəhidlik zirvəsinə
ucalır. Bir gün sonra Kürdəmir rayon Şəhidlər xiyabanında
torpağa tapşırılır.
Şəhidin anası, rayonda tibb bacısı işləyən Simuzər
Bağırova oğul
itkisinə dözmək
çətin olsa da, əsl Azərbaycan
qadını kimi məğrur, mətanətli,
iradəli və güclü dayanaraq sözə başlayır:
“Cəmilin qəlbi Vətən məhəbbəti
ilə dolu idi. Uşaqlıqdan çox zəhmətkeş
olub. Həmişə
qardaşlarına və
mənə arxa olub. Hələ hərbi xidmətdə olanda dəfələrlə
hərbi hissə komandiri tərəfindən
mənə zəng edib təşəkkür
edirdilər ki, belə bir tərbiyəli,
vətənpərvər oğul
böyütmüsünüz. Vətən müharibəsi
başlayandan, demək
olar ki, hər gün Cəmillə əlaqə
saxlayırdıq. Oktyabrın
5-də səhər saatlarında
Cəmil mənə zəng vuraraq tək qalmamağımı
qohumlarımızın yanına
Bakı şəhərinə
getməyimi istədi.
Yadımdadır, həmin
gün güclü yağış yağırdı.
Təxminən günorta
saatlarında Bakıya
çatdım. Axşam
saat 8-də Kürdəmirdən
zəng vurdular ki, Cəmil yaralanıb, gətiririk. Mən onun yaralı
olduğuna inanmırdım.
Dedim, o, heç vaxt yaralı ola bilməz, yüz faiz şəhid
olub...”.
Simuzər ana
qeyd edir ki, Vətən müharibəsi zamanı Cəmildən başqa digər iki oğlu da döyüşlərdə
iştirak edib: “Həmin gecə Kürdəmirə qayıtdım.
Böyük oğlum Mərahimə zəng vurub dedim ki,
qardaşın şəhid
olub. Mən həmişə oğullarıma
söyləyirdim ki, düşmənlə döyüşəndə
heç vaxt kürəyinizi ona çevirməyin, sizi arxanızdan vura bilər. Böyük oğlum Cəmilin nəşini götürəndə
görüb ki, qardaşı ürəyindən
güllə yarası
alıb. Mənə dedi ki, ana,
sən necə demişdinsə, Cəmil elə də şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət
eləsin”.
Cəmil Həşimli
ölkə başçısının
müvafiq sərəncamları
ilə ölümündən
sonra 3-cü dərəcəli
“Vətənə xidmətə
görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”,
Şuşa, Füzuli
və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.
Şəhidin adına məzunu olduğu orta məktəbin həyətində
bulaq-abidə inşa edilib. Bundan başqa, Kürdəmir rayonunda iki küçəyə
şəhidin adı verilib.
Cəmil kimi
qəhrəman oğullarımızın
sayəsində ölkəmizin
ərazi bütövlüyü
bərpa olundu. Bu gün azad
Qarabağ torpağında
üçrəngli bayrağımız
dalğalanırsa, biz
şəhid və qazilərimizə, Cəmil
kimi qəhrəmanlara
minnətdarıq.
Allah rəhmət
eləsin.
Nurəddin
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.6.