Özbək ədəbiyyatının
görkəmli nümayəndəsi
Qafur Qulamın yaradıcılığında Azərbaycanın söz ustadlarına dərin rəğbət duyulur
Bu il XX
əsr özbək ədəbiyyatının görkəmli
nümayəndələrindən Xalq şairi, Dövlət mükafatı
laureatı, akademik Qafur Qulamın anadan olmasının 120 illiyidir. Şair bənzərsiz poeziyası
ilə özbək ədəbiyyatına yeni ruh və üslub
gətirib. Onun yaradıcılığında Azərbaycana qəlbən
bağlılıq, klassik
ədəbi irsimizə
dərin rəğbət
hissi aydın duyulur.
Qafur Qulam
10 may 1903-cü ildə
Daşkənddə ziyalı
ailədə dünyaya
göz açıb. İlk təhsilini mədrəsədə alır.
Mütaliə yolu ilə biliyini artırır. Atası Qulam ağa savadlı şəxs olub, tacik dilini
də bilib. 44 yaşında ikən vəfat edib. Anası da yazıb-oxumağı
bacarıb, yaddaşı
el ədəbiyyatı
nümunələri ilə
zəngin olub. Dayısı Abdulla “Mirzə” təxəllüsü
ilə şeirlər yazıb. Belə bir mühitdə böyüyən Qafurda erkən çağlardan özbək və fars-tacik ədəbiyyatına
dərin maraq yaranıb. Məktəbli yaşlarından şeirlər
yazmağa başlayıb.
O, sonralar xatirələr
kitabında ədəbi
zövqünün formalaşması
ilə bağlı yazıb: “Mən öz mütaliəmlə
biliklər əldə
etdim. Buna görə də əvvəlcə atama, sonra isə anama borcluyam”.
II Dünya müharibəsi
zamanı valideynlərini
müharibədə itirən
özbək uşaqlarına
acıyan şair
1942-ci ildə “Sən
yetim deyilsən” şeirini qələmə
alır. Bu şeir 1958-ci ildə Azərbaycanda “Özbək
ədəbiyyatı antologiyası”nda şair
Qasım Qasımzadənin,
1979-cu ildə isə şair Əhəd Muxtarın tərcümələrində,
eləcə də Q.Qulamın “Ömrün baharında” kitabında işıq üzü görüb.
Ədəbiyyatşünas,
professor Pənah Xəlilov Q.Qulamın yaradıcılığı ilə
bağlı araşdırmasında
yazır: “Qafur Qulamın hər şeirində tamamlanmamış
bir poetik fikir vardır və müəllif əlvan təsvir vasitələrindən həmin
fikri vermək üçün istifadə
edir”.
Görkəmli ədibin şeirləri, xüsusilə poema, hekayə və povestləri, rus və dünya klassiklərindən etdiyi tərcümələr Özbəkistan
ədəbi mühitinin
zənginləşməsinə mühüm təsir göstərib. Nazim Hikmətin pyesləri, U.Şekspirin “Otello”, Ş.Rustavelinin “Pələng
dərisi geymiş pəhləvan” əsərləri
Q.Qulamın tərcüməsində
özbək oxucularına
təqdim olunub.
Özbək ədəbi tənqidinin tanınmış nümayəndələrindən
İbrahim Qafurov şairin yaradıcılığı
haqqında qeyd edir ki, xalqın
tarixi, insanı yer üzünün əşrəfi edən əmək və yaşadığı dövrün
ictimai-siyasi prosesləri
Q.Qulamın ədəbi
irsində həmişə
diqqət mərkəzində
olub. Şair bu ideyaları daim məhəbbətlə
tərənnüm edib.
Onun “Mən Şərqdənəm” şeiri
əzəmət, milli
iftixar və qürurdan yaranıb.
Q.Qulamın ədəbi
irsi Azərbaycan oxucusunun daim diqqət mərkəzində
olub. Tanınmış
Azərbaycan şairləri
Xəlil Rza, Qasım Qasımzadə, Məmməd Aslan, Səyavuş Sərxanlı,
Əhəd Muxtar, Nüsrət Kəsəmənli,
Vaqif Hüseynov, İsgəndər Coşqun,
Şəkər Aslan,
Cavad Zeynal və başqaları onun şeirlərini dilimizə tərcümə
ediblər.
Araşdırmalardan aydın olur ki, şairin əsərlərinin Azərbaycanda
sevilməsinin əsasında
onun xalqımıza və ölkəmizə olan sevgisi dayanır.
Müəllifin “Bir-birinə
şagird, bir-birinə
ustad”, “Qırx yaşlı Azərbaycan”,
“Qardaşım Səməd
Vurğuna”, “Qardaş
Azərbaycan pambıqçılarına”,
“Xəzər” və
s. şeirlərində onun
ölkəmizə səmimi
məhəbbəti əksini
tapıb. O, XX əsr Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi,
Xalq şairi Səməd Vurğunun pərəstişkarlarından olub.
Müəllif “Qardaşım
Səməd Vurğuna”
şeirini ölməz
şairin 50 illik yubileyinə həsr edib:
Burnumun ucu
göynər yada düşəndə dostlar,
Səməd Vurğun adını çəkərəm qürur
ilə.
Özbəkistan göyləri mənim qəlbimtək dolar
Azərbaycandan gələn sevinc ilə, nur ilə!
Q.Qulamın başqa
bir şeirində isə klassik ədəbiyyatımızın görkəmli simalarına
şükranlıq duyğusu
öz əksini tapıb:
Nizami dühasının
tükənməyən sərvəti
Şərqdə neçə şairin yapışıbdır qolundan.
Füzuliyə, Vaqifə, Vidadiyə min hörmət,
Canlı klassikidir
Səməd Vurğun
bu əsrin.
Bənzərsiz yaradıcılığı yüksək
qiymətləndirilən və
ədəbi ictimaiyyət
tərəfindən maraqla
qarşılanan Q.Qulam
1943-cü ildə Özbəkistan
SSR Elmlər Akademiyasının
həqiqi üzvü seçilir. “Xalq şairi” fəxri adına, SSRİ Dövlət
və Lenin mükafatlarına layiq görülür.
Özbək ədəbi fikrinin inkişafında mühüm
rol oynamış Qafur Qulam 10 iyul 1966-cı ildə Daşkənddə vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 16 avqust.- S.6.