Yubilyar sənətkarlarla
görüşlər keçirilib
Müasir Azərbaycan təsviri sənətinin
görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədov
bu günlərdə (5 avqust) 65 yaşını qeyd edib. Bu
münasibətlə Mədəniyyət Nazirliyində rəssamla
görüş keçirilib.
Nazir Adil Kərimli sənətkarı təbrik edib,
ona möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına
Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd olunub ki, Sakit Məmmədov zəngin
yaradıcılığı ilə Azərbaycan rəssamlıq
sənətinin inkişafına, dünyada tanınmasına
mühüm töhfələr verib, sənətdə
özünəməxsus üslubunu, dəst-xəttini
yaradıb. Onun beynəlxalq incəsənət
festivallarının qalibi olması, müxtəlif ölkələrdə
təltiflərə layiq görülməsi, əsərlərinin
mötəbər şəxsi kolleksiyalarda, muzey və
qalereyalarda saxlanılması eyni zamanda Azərbaycan rəssamlığının
nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə
də həvəslə öyrədir.
Sakit Məmmədov fəaliyyətinə və
yaradıcılığına göstərilən diqqətə
görə minnətdarlığını ifadə edib.
Görüşdə milli rəssamlıq sənətinin
inkişafı və təbliği ilə bağlı fikir
mübadiləsi aparılıb.
***
Avqustun 8-də Azərbaycan kinosunun korifey sənətkarlarından
biri, Xalq artisti Rasim Balayevin 75 yaşı tamam oldu.
Sənətkarın zəngin yaradıcılıq fəaliyyəti
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı
ilə görkəmli aktyorun “İstiqlal” ordeni ilə təltif
edilməsi bu diqqət və qayğının daha bir
nümunəsidir.
Rasim Balayevin 75 illiyi münasibətilə Mədəniyyət
Nazirliyində sənətkarla görüş keçirilib.
Nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, möhkəm
cansağlığı, yeni yaradıcılıq
uğurları arzulayıb. Sənətkara nazirliyin Fəxri diplomunu
təqdim edib.
Aktyorun Azərbaycan kinematoqrafiyasına töhfələrini
yüksək qiymətləndirən nazir onun
canlandırdığı obrazlarla
tamaşaçıların dərin sevgisini
qazandığını vurğulayıb. Qeyd olunub ki, Rasim
Balayevin çəkildiyi bir çox ekran əsərləri
milli kinomuzun “qızıl fondu”nu təşkil edir.
Rasim Balayev yaradıcılığına göstərilən
diqqətə görə minnətdarlığını ifadə
edib, bundan sonra da kino sənətinin inkişafına töhfə
verməyə çalışacağını deyib.
***
Azərbaycan estrada sənətinin görkəmli
nümayəndəsi, Prezidentin fərdi təqaüdçüsü
Akif İslamzadə də avqustun 8-də 75 yaşını
tamamlayıb. Mədəniyyət Nazirliyində yubilyarla
görüş keçirilib.
Nazir Adil Kərimli Akif İslamzadəni təbrik edib,
ona möhkəm cansağlığı və uzun ömür
arzulayıb. Sənətkara Mədəniyyət Nazirliyinin Fəxri
diplomu təqdim olunub.
Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan
estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin
zənginləşməsinə töhfələr verib.
Musiqiçi ailəsində dünyaya gələn müğənni
milli musiqi ənənələrimizə sadiqliyi ilə hər
zaman nümunə olub. Estrada ifaçılıq sənəti
ilə bərabər, xalq mahnılarımızın da
ifasında fərdi üslubunu, dəst-xəttini yaradan
müğənni xalqın böyük sevgisini qazanıb.
Mahnı ifaçılığında özünəməxsus
yeri olan Akif İslamzadənin səsində lentə alınan
nəğmələr bu gün də sevə-sevə dinlənilir,
müğənnilərin repertuarında yer alır.
Akif İslamzadə fəaliyyətinə göstərilən
diqqətə görə minnətdarlığını ifadə
edib. Görüşdə musiqi sənətimizin
inkişafı və klassik estrada ənənələrinin
yaşadılması ilə bağlı fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.5.