Mədəniyyətimizin böyük hamisi
İllərin xronikasından
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1995-ci il
15 aprel
Prezident
Heydər Əliyev Xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rzanın (ölümündən
sonra) “İstiqlal” ordeni ilə təltif olunması haqqında fərman imzalayıb.
Heydər
Əliyev həmin gün Xalq şairi
Bəxtiyar Vahabzadəni
qəbul edib.
1995-ci il
16 aprel
Heydər
Əliyev M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” adlı yaradıcılıq gecəsində
iştirak edib. O, tədbirdən sonra ziyalılarla görüşdə
çıxış edib.
“Öz əsərləri ilə yüksək bədii sənətkarlıq
və əsl vətəndaşlıq qeyrəti
aşılayan, doğma
Vətəni sonsuz məhəbbətlə sevən,
qüdrətli qələmi
ilə xalqımıza
sədaqətlə xidmət
edən Məmməd Arazın poeziyasını
Azərbaycan torpağından,
tariximizdən, el-obadan
ayrı təsəvvür
etmək çətindir...
Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə,
ədəbiyyatına verdiyi
töhfələri gördük,
eşitdik...
Dünən mən Bəxtiyar
Vahabzadə ilə görüşüb söhbət
edirdim. Son bir neçə ay ərzində
mən çox fikirləşirəm ki, bizim
ziyalıların, mədəniyyət
xadimlərinin, elm xadimlərinin
cəmiyyətdə hörmətini
qaldırmaq lazımdır.
Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz
elmi ilə tanınır... Son illər
bizim mədəniyyətimizə,
elmimizə, şeirə,
ədəbiyyata diqqət
azalıb. Bilirsiniz, bu axşam bizim
üçün nə
qədər böyük
bir mənəviyyat axşamı oldu...
Belə
şeir gecələri,
ədəbiyyat gecələri,
belə görüşlər
mənə elə gəlir ki, xalqımızın
həyatının, tarixinin
bu dövründə xüsusilə lazımdır.
Çünki mənəviyyat
bəzi yerlərdə
çox tapdalanıb,
unudulubdur, əxlaq pozulubdur. Bir tərəfdən
bunun obyektiv səbəbləri var – həyat
çətindir, ağırdır,
müharibə şəraitində
yaşayırıq. İkinci
tərəfdən də
cürbəcür ictimai-siyasi
proseslər, iqtisadi çətinliklər buna müəyyən
şərait yaradıbdır.
Ancaq biz bunların qarşısında təslim
ola bilmərik, geriyə
çəkilə bilmərik...
Buna görə də
mən hesab edirəm ki, belə görüşlərə, belə
gecələrin keçirilməsinə
böyük ehtiyac var
və Məmməd Araz poeziyasının bugünkü məclisi mənə elə gəlir ki, Azərbaycanın
mədəniyyət tarixində,
mədəni həyatında,
ictimai həyatında
böyük, görkəmli
bir hadisədir.
...Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə
bilmirdim. Bizim mədəniyyətimizin nə
qədər dərinliyi
var, yüksəkliyi var! Biz nə qədər zənginik! Biz özümüz-özümüzü
çox vaxt qiymətləndirə bilmirik.
Xalqımızın zəngin
mədəniyyəti keçmişdə
də olub, bu gün də
var, ümidvaram ki, gələcəkdə
də olacaqdır.
Bildiyiniz
kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç kəs təltif olunmayıbdır.
Dünən mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm...
Biz milli azadlığımız uğrunda çalışmışıq,
mübarizə aparmışıq...
Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Xəlil Rza kimi insanlar öz
yaradıcılığı ilə bu sahədə
çox işlər görüblər... İnsanlara
şeir qədər, ədəbiyyat qədər,
mədəniyyət nümunələri
qədər güclü
təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına,
tərbiyəsinə, fikirlərinin
formalaşmasına bu
qədər güclü
təsir göstərən
başqa bir vasitə yoxdur. Bu vasitədən xalqımız
keçmişdə də
istifadə edibdir... Məhz bunların nəticəsində bizdə
milli psixologiya, milli ideologiya
formalaşmağa başlayıbdır.
Bu milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir proqram yoxdur.
Amma bu olmalıdır
və biz bunun üzərində işləyirik.
Bunları toplayıb,
sistemləşdirib formalaşdırmaq
üçün bizim
böyük bir sərvətimiz var. O sərvət
də bizim mədəniyyətimizdə, ədəbiyyatımızda,
xüsusən şeirimizdə
olan bax, bu fikirlər, bu çox dəyərli
sözlərdir.
...Məmməd Arazın şeirlərini götürüb
oxuyursan, amma Mikayıl Mirzə kimi oxuya bilməzsən
axı. Mikayıl Mirzə oxuyanda sənə daha güclü təsir edir. Və yaxud
Zəlimxan Yaqub dediyi kimi, bunu
sən özün qavraya bilməzsən. Ona görə də bu gün mən
buradan böyük mənəvi qida aldım. Məmməd Arazın yaradıcılığı
ilə, bizim mədəniyyət xadimləri
ilə təmasda olmaq, görüşmək,
söhbət etmək
dövlət adamı
kimi mənim üçün böyük
bir hadisədir. Belə tədbirləri gələcəkdə də
keçirmək lazımdır...
Mən teleradio şirkətindən xahiş
etmişəm ki, bugünkü
görüşü sonra
televiziya ilə tamamilə versinlər. Qoy ictimaiyyət də bilsin. Biz də çalışmalıyıq
və mən də çalışacağam
ki, bizim yaradıcılıq
orqanlarımızda işlər
canlansın, sənətkarlarımız
yazsınlar, yaratsınlar...”.
1995-ci il
18 aprel
Prezident
Heydər Əliyev yazıçı, “Azərbaycan
qadını” jurnalının
baş redaktoru Xalidə Hasilovanı 75 illik yubileyi münasibətilə təbrik
edib.
1995-ci il
23 aprel
Heydər
Əliyev Gənc Tamaşaçılar Teatrında
keçirilən “Dünya
susur, tarix susmur” adlı ədəbi-bədii gecədə
iştirak edib.
1995-ci il
25 aprel
Prezident
Heydər Əliyev Azərbaycan Dövlət
Opera və Balet Teatrında görkəmli
türk alimi İhsan Doğramacının 80 illik
yubileyinə həsr olunmuş təntənəli
yığıncaqda çıxış
edib.
1995-ci il
6-7 may
Heydər
Əliyev faşizm üzərində qələbənin
50 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq
üçün Londonda
səfərdə olub.
Səfər zamanı
Londonda Azərbaycan mədəniyyət evinin açılışında iştirak
edib.
1995-ci il
13 may
Heydər
Əliyev Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında “Qadın musiqi dünyası” kamera konsertində olub.
Vüqar
Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.5.