Azərbaycan kinosunun nadir səsli Şahmarı
Bu il görkəmli kinoaktyor, rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan
olmasının 80 illiyidir.
Azərbaycan kino salnaməsində
adı hörmətlə
çəkilən sənətkar
yaratdığı bir-birindən
maraqlı obrazlarla sənətsevərlərin yaddaşında
silinməz iz qoyub.
Şahmar
Zülfüqar oğlu
Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə
anadan olub. Əslən Cəbrayıl
rayonundan olan ailəsi Şahmarın 9 yaşı olanda Bakıya köçüb.
O, İncəsənət İnstitutunun
(indiki ADMİU) Aktyorluq
fakültəsində görkəmli
kino xadimi, rejissor, Xalq artisti Rza
Təhmasibin sinfində
sənətin sirlərini
öyrənib. Məzun
olduqdan sonra bir bu təhsil
ocağında assistent
işləyib, aktyorluq
sənətindən dərs
deyib.
Hələ üçüncü kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. R.Stoyanovun
“Ustalar” tamaşasında
uğurlu çıxışı
ona aktyor imzası qazandırıb və o, görkəmli sənətkar, SSRİ Xalq
artisti Adil İsgəndərovun
“xüsusi diqqət-rəğbət
dairəsi”nə düşüb.
A.İsgəndərovun
sonralar “Azərbaycanfilm”
kinostudiyası nəzdində
yaratdığı “Kino aktyorluğu”
studiyasına dəvət
alan Şahmar Ələkbərov burada daha da püxtələşib.
“Dağlarda döyüş”lə
uğurlu yol...
O sanki anadan aktyor
doğulmuşdu. Aydın
diksiyası, ifa manerası hələ gənc ikən kinorejissorların diqqətini
çəkirdi. İlk dəfə
1967-ci ildə rejissor
Kamil Rüstəmbəyovun yazıçı-jurnalist Əhmədağa
Qurbanovun ssenarisi (“Tikanlı məftillər”
povesti əsasında)
üzrə ekranlaşdırdığı
“Dağlarda döyüş”
filmindəki Fərrux
obrazı ilə kino karyerasına başlayır.
Rejissor sərhəd qoşunlarında xidmət
edən sıravi əsgər obrazı üçün cəmlədiyi
səkkiz aktyor içərisindən məhz
24 yaşlı Şahmarı
bəyənmişdi. O da ilk sənət imtahanından
üzüağ çıxa
bilmişdi.
Sərhədi keçən bir
nəfərin izinə
düşən Fərrux
böyük çətinliklərdən
sonra onu yaxalayır. Məlum olur ki, bu onun
II Dünya müharibəsi
zamanı Vətəndən
qaçaq düşmüş
öz atasıdır.
Filmdə Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılıb...
Ümumilikdə yaradıcılığı dövründə Ş.Ələkbərov Qəzənfər
(“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı
aşırım”), Arif
(“Həyat bizi sınayır”), Rizvan (“Qızıl qaz”), Azad (“Bakıda küləklər
əsir”), Qatır Məmməd (“Qatır Məmməd”), Gündüz
Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”),
İbrahim (“Atları yəhərləyin”)
kimi bir-birindən fərqli, xarakter və dünyagörüşcə
müxtəlif obrazları
uğurla canlandırıb.
Əməkdar incəsənət xadimi,
kinoşünas Aydın
Kazımzadə sənətkarın
yüksək intellekt sahibi olduğunu vurğulayaraq deyib: “Şahmar Ələkbərov
aktyor kimi öz işinin öhdəsindən layiqincə
gəlməklə yanaşı,
zəngin biliklərə
malik idi. Sənətin
nəzəri və təcrübi tərəfləri
haqqında özünəməxsus
yanaşmaları vardı.
49 illik nakam ömrünün 25 ilini sırf kinoya həsr etmişdi. 30-dək
filmə çəkilmiş,
hər birində də fərqli ifası ilə tamaşaçıların qəlbinə
yol tapmışdı”.
Sürücü Məzahir – kinomuzda
yeni obraz
Ş.Ələkbərovun yaradıcılığında
“Mən ki gözəl
deyildim” (1968, rejissorlar
Tofiq Tağızadə,
Ağarza Quliyev, Ramiz Əsgərov) filmində canlandırdığı Məzahir
obrazının özünəməxsus
yeri var. Filmin qəhrəmanı, sadə,
səmimi gənc Məzahirin obrazı elə bil aktyorun
xarakterinə biçilmişdi.
O, heç bir improvizəyə yol vermədən bu sadə sürücünün
bütün daxili dünyasını, ətrafdakılara
münasibətini çox
canlı ştrixlərlə
tamaşaçılara çatdırır.
Müharibənin ağır günlərində
baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında
nikbin xarakteri ilə seçilən Məzahir kinomuzda yeni bir obraz idi.
Sürücü oğlanın
nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə
gülür, zarafat edir, sanki insanların
qəlbinə çökmüş
müharibə ağrılarını
dəf etmək istəyir...
“Qəqənisən ki, Qəqəni...”
Tofiq Tağızadənin “Yeddi
oğul istərəm”
(1970) filmindəki Qəzənfər
obrazı aktyorun yaradıcılıq imkanlarının
üzə çıxarılmasında
əhəmiyyətli rol
oynayıb. Filmdə Qəzənfərin aktyor Fərhad İsrafilova dediyi “Qəqənisən
ki, Qəqəni” sözləri
tamaşaçıda təbəssüm
doğuran səhnələrdəndir.
Ekran əsərində
digər unudulmaz məqamlardan biri də Qəqəninin “Ölmə, Qəzənfər
dayı, ölmə!”
deyə onu yaralı halda qucaqladığı səhnədir.
Həm də rejissor...
Ş.Ələkbərov istedadlı
aktyor kimi özünü təsdiqləməklə
yanaşı, rejissor olaraq da uğur qazanıb. Sənətkar özü rejissorluq fəaliyyəti barədə
deyib: “Bir dəfə
Adil İsgəndərovun qəbuluna
“qoltuğumda” bir ssenari ilə girdim. Dedim, Ədil müəllim, bəs film çəkmək
istəyirəm. Ustad bir az o yan-bu
yana baxındı və... nə cavab versə yaxşıdır: “Qadam, sənin nə gözəl kostyumun var” dedi. Sonra yaxınlaşıb
əlini kostyumun parçasına sürtərək
“Gözəl materialı
var. Gəlsənə, bundan
birini də mənə tikdirək...”.
O saat bildim ki, məsələ nə yerdədi və o gediş bir müddət rejissorluq barədə düşünmədim”.
Lakin sərbəst film çəkmək
arzusu onu rahat buraxmayıb. O, 1987-ci
ildə ilk olaraq Gülbəniz Əzimzadə
ilə birlikdə Anarın “Şəhərin
yay günləri” pyesi
əsasında “İmtahan”
bədii televiziya filmini ekranlaşdırıb.
1989-cu ildə Elçinin “Toyuğun diri qalması” povesti əsasında “Sahilsiz gecə” filmini çəkib. Film hazır
olanda böyük hay-küyə səbəb olub. Səbəb isə müharibə dövründə bəzi
qadınların yüngül
həyat seçməsinin
film mövzusuna çevrilməsi
idi. “Sahilsiz gecə” bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan itib.
Xalq artisti Tariyel Qasımov film haqqında bunları deyib: “Elçinin ssenarisində ifa etdiyim rol
yox idi. Onu rəhmətlik Şahmar Ələkbərovun
özü əlavə
etdi ssenariyə. Dedi ki, həm filmdə iştirak edərsən, həm də gedib Riqanı
görərsən. Mənim
çəkildiyim səhnə
Riqada lentə alınıb. O vaxt da rəhmətlik Şahmar çox xəstə idi, əziyyət çəkirdi. Amma gözəl
film alındı...”.
Filmdə
Roza rolunun ifaçısı, mərhum
Xalq artisti Nuriyyə Əhmədova müsahibələrinin birində
söyləyib: “Bir dəfə
Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, millət dolub buraya, səni
öldürərlər. Demə,
qadınlar kinostudiyanın
həyətinə yığışaraq
etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin
keçirilməsində kinostudiyada
işləyən ermənilərin
də əli varmış. Əslində,
filmdə etiraz ediləsi məqam yox idi...”.
“Mən onun səsini
yazanda...”
Ş.Ələkbərov nəinki
çəkildiyi filmlərdə,
eyni zamanda dublyajlarda səsləndirdiyi
onlarla personajın xarakterlərini də tam dolğunluğu ilə tamaşaçıya çatdırmağı
bacarıb.
Əməkdar mədəniyyət işçisi,
mərhum dublyaj rejissoru Arif Həbibi bu barədə deyib: “Şahmar böyük sənətkar idi. Nadir səsə malik olduğuna
görə onu bədii filmlərlə yanaşı, sənədli
filmlərin oxunuşuna
da dəvət edirdilər.
Səsinin məlahətli
olmağı bir yana, o həm də, kino dili ilə desək, çox yaxşı “ukladçik” (düzücü)
idi. Bir çox aktyorun səsini yazırdıq. Amma “ukladka”
(düzmə) etməyə
daha çox Həsən Əbluc və Şahmar gəlirdi. Onu yerli filmlərimizlə yanaşı, xarici filmlərin səsləndirilməsinə
də çağırırdılar.
İl ərzində 60 xarici
film dublyaj edirdiksə,
Şahmarı ən azı 20-25 filmi səsləndirməyə
çağırırdıq... Mən onun səsini
yazanda işin mükəmməlliyinə görə
həmişə qürur
hissi keçirirdim”.
“Hər şey “Firəngiz” filminin çəkilişlərindən başladı...”
Sənətkar ömrünün son yeddi ili səhhətindəki
problemlərlə mübarizədə
keçib. Həyat
yoldaşı Kamilla Ələkbərova müsahibələrinin
birində deyib: “Hər şey “Firəngiz” (1975) filminin çəkilişlərindən başladı. Ondan əvvəl stomatoloqda dili zədələnmişdi.
Çəkilişlərdə soyuqladığı üçün
xoraya çevrildi. Şahmar dözürdü.
Çox möhkəm,
iradəli adam idi. 1992-ci ilin qışında onu Hamburqa apardıq, dedilər ki, təbabət bu işdə gücsüzdü.
Bakıya qaytarıb xəstəxanaya yerləşdirdik
ki, işin ümidsiz olduğunu hiss etməsin. Mən də, əkiz qızlarımız
da gecə-gündüz
yanında qaldıq. Onun ölüm proqnozu qızlara o dərəcədə təsir
etmişdi ki, hətta mənim sağ qalmağımı
da qısqanırdılar.
Çünki onlar tək elə atalarını yox, ən yaxın dostlarını itirmişdilər.
Amma sonralar mənə dedilər ki, atamızın son yeddi il
yaşamasının səbəbkarı
sən oldun. Məncə isə, onu yaşadan güclü iradəsi, sənətinə olan sevgisi idi. Bütün
o müalicə mərhələlərinə,
ağrılara, üzüntülərə
ona görə tab gətirirdi ki, hansısa bir yaradıcılıq işini tamamlaya bilsin...”.
“Qəzəlxan”ın
ekran taleyini görə bilmədi
“Sahilsiz gecə”
filmindən sonra çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu, məşhur şair, qəzəlxan Əliağa
Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və günlərin birində öz ssenarisi əsasında “Qəzəlxan” (1991) filmini
çəkməyə başladı.
O, filmin baş roluna gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Filmdə material çox olduğundan rejissor ekran əsərini iki hissədə çəkməyi qərara
aldı. 1991-ci ildə
isə film ekranlara çıxdı.
1992-ci ildə Daşkənddə
beynəlxalq kinofestivalda
mükafata layiq görüldü.
Əfsus ki,
Şahmar Ələkbərov
filmin ekran taleyini izləyə bilmədi. Uzun sürən əzab-əziyyətdən
sonra sənətkar
1992-ci il avqustun 12-də
vəfat etdi...
2021-ci ildə Azərbaycan Dövlət
Film Fondunda sənətkarın
şəxsi arxiv fondu yaradılıb. Arxiv fonduna Şahmar
Ələkbərovun həyat
və yaradıcılığını
əks etdirən 200-dən
artıq nadir fotoşəkil, həmçinin
qəzet məqalələri,
plakatlar, jurnallar, rejissor ssenariləri və başqa materiallar daxildir. Onların böyük hissəsi sənətkarın
ailəsi tərəfindən
təhvil verilib.
Hazırladı: N.Məmmədli
Mədəniyyət.- 2023.- 23 avqust.- S.6.