Sənəti ilə əbədiyyət qazanan...
Müslüm Maqomayevin 81 yaşı məzarı başında və abidəsi önündə
qeyd olundu
Ey əziz
anam, Azərbaycan!
Sənə bağlıyam,
Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan,
Azərbaycan…
Xalq şairi
Nəbi Xəzrinin misralarını dillər
əzbərinə çevirən
və bu sözlərə əbədi
sənət ömrü
bəxş edən onun ecazkar musiqisi
və bənzərsiz
səsi oldu...
Avqustun 17-də Azərbaycanın dünya
şöhrətli opera
və estrada müğənnisi, bəstəkar
Müslüm Maqomayevin
(1942-2008) anadan olmasının
81-ci ildönümü tamam
oldu.
Azərbaycanın musiqi mədəniyyəti
salnaməsinə parlaq
səhifələr yazmış
Müslüm Maqomayev zəngin və rəngarəng repertuara malik ifaçı idi. Bu zənginlikdə
onun özünün bəstələri
də xüsusi yer tutur. Qüdrətli
sənətkar opera ifaçılığının ecazkar nümunələrinə
vokalçı kimi öz möhürünü
vurmaqla bərabər,
milyonlarla musiqisevərin
rəğbətlə qarşıladığı
mahnıların müəllifidir.
Bizim üçün
isə onun şah əsəri himnimiz qədər möhtəşəm səslənən
“Azərbaycan” (“Baharlı
yurdum”) mahnısıdır.
O, doğulduğu torpağı çox sevirdi. Bakıya, ona layla çalan
mavi Xəzərə də gözəl mahnılar həsr etmişdi. Onun heyrətamiz səsi insan qəlbinin fövqəladə təsirə
malik çırpıntılarını
ifadə etməyə
qadir idi. Səsinin pərəstişkarlarının
alqış sədaları
məşhur konsert və tamaşa salonlarını titrədirdi.
Bu gün də o səs qəlbləri riqqətə
gətirir. Dünyadan
on beş il əvvəl cismən köçən
sənətkar səsi
ilə əbədi yaşayacaq...
SSRİ-nin və
Azərbaycanın Xalq
artisti Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü
münasibətilə avqustun
17-də Mədəniyyət Nazirliyinin rəsmiləri,
mədəniyyət və
incəsənət xadimləri
1-ci Fəxri xiyabanda sənətkarın məzarını
ziyarət ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov populyar mahnılarla yanaşı, klassik əsərləri, filmlərə
yazılmış mahnıları
məharətlə səsləndirən
sənətkarın dünya
musiqisində tutduğu
yer, onun parlaq və zəngin yaradıcılığı
barədə danışıb,
Müslüm Maqomayevin
doğma Azərbaycana
bağlılığından söz açıb.
Bakı Musiqi
Akademiyasının rektoru
Xalq artisti Fərhad Bədəlbəyli
Müslüm Maqomayevin
bənzərsiz ifaçılığından
bəhs edib: “O, fantastik musiqiçi idi. Bu gün
səhər mən onun vaxtilə Fransa səhnəsində ifa etdiyi Fiqaronun
ariyasına qulaq asdım. Çox cəsarətlə deyə
bilərəm ki, Fiqaronun ariyasını bu cür ifa
edə bilən ikinci sənətkar tapmaq olmaz. O, dünyanın ən yaxşı vokal ifaçıları ilə
bir sırada dayanan sənətkar idi. Buna görə
də dünyanın hər yerində sevilirdi. Bütün bunlarla yanaşı, o, çox təvazökar və sadə idi”, – deyə Xalq artisti Fərhad
Bədəlbəyli bildirib.
O, M.Maqomayevin təkcə
müğənni yox,
həm də heykəltaraş, pianoçu,
rəssam, bəstəkar
kimi də parlaq istedada malik olduğunu qeyd edib.
Azərbaycan Rəssamlar İttifaqının
sədri Xalq rəssamı Fərhad Xəlilov onun zahiri ilə daxili aləminin gözəlliyinin vəhdət
təşkil etdiyini, başdan-ayağa musiqi olduğunu söyləyib:
“Şübhəsiz ki,
Müslüm çox
böyük istedad sahibi idi. O, peşəkar vokal müğənnisi kimi zaman-zaman ürəklərdə,
xatirələrdə yaşayacaq.
Müslüm öz təvazökarlığı və
ürək açıqlığı
ilə də həmişə xatırlanmağa,
yad edilməyə layiq sənətkardır”.
Sənətkarın ömür-gün yoldaşı,
SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxışına
bu sözlərlə başlayıb: “Hər dəfə Müslümün
ad günündə onu sevən, xatirəsinin işığına
toplaşan çoxsaylı
sənətsevərləri görəndə tüklərim
biz-biz olur. Çox sağ olun ki, onu
belə sevir və yüksək dəyər verirsiniz. İnanın ki, bu izdihamı, onun yaradıcılığının
bu qədər pərəstişkarını görəndə
həmişə həyəcanlanıram”.
O daha sonra
deyib: “Mən hər il iki-üç
dəfə Bakıya gəlirəm, əvvəllər
demək olar ki, hər ay
gəlirdim. İndi səhhətim imkan verdiyi təqdirdə ildə iki dəfə,
ən azı bir dəfə gəlirəm, çünki
mən onunla nəfəs alıram. Onun olduğu hər yer mənə
doğmadır – istər
Bakı, istər Moskva, istər konsert salonları, istərsə də ev... O, bir an
da olsa, məndən ayrılmır,
həmişə, hər
yerdə mənimlədir...”.
Çıxış edənlər ötən əsrin 60-70-ci illərində
böyük şöhrət
tapan Müslüm Maqomayevin hər zaman anşlaqla keçən çıxışlarından,
qastrol səfərlərindən
də söz açıb, onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu kimi
xarakterizə ediblər.
***
Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü
avqustun 17-də axşam
saatlarında Dənizkənarı
bulvarda, sənətkarın
abidəsi önündə
də qeyd edilib. Azərbaycanın tanınmış vokal ifaçıları burada
improvizə olunmuş
konsert proqramı ilə çıxış
ediblər. Müslüm
Maqomayevin repertuarından
seçmələr, məşhur
bəstələri səslənib.
Sonda sənətçilər
birlikdə Müslüm
Maqomayevin əzəmətli
“Azərbaycan” mahnısını
oxuyublar.
İmprovizə olunmuş proqram abidə ətrafına toplaşan yüzlərlə şəhər sakini və Bakının qonaqları tərəfindən alqışlarla qarşılanıb.
Mədəniyyət.-
2023.- 23 avqust.- S.1;3.