Filarmoniyanın yay səhnəsində
Niyazi rüzgarı
Maestronun doğum gününə həsr olunan konsert
Avqustun
20-də dünya şöhrətli
dirijor və bəstəkar, SSRİ Xalq
artisti Niyazinin
(1912-1984) anadan olmasının
111-ci ildönümü tamam
oldu. Bu münasibətlə
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi.
Filarmoniyanın yay səhnəsində uzun fasilədən sonra təşkil olunan konserti izləməyə çoxsaylı
musiqisevərlər, paytaxtımızın
qonaqları, Mədəniyyət
Nazirliyinin nümayəndələri,
musiqi xadimləri gəlmişdi.
Konsertdə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə
solistlər Fatimə Cəfərzadə (soprano) və
Gülnar Qüdrətli
(xanəndə) çıxış
etdilər.
Niyazinin
“Konsert valsı” ilə başlayan konsert proqramı ilk notlarla açıq səmadan mavi Xəzərə bir salam yollayaraq həmin gün unudulmaz maestronun ruhuna sürəkli alqışları bəxş
etdi. Daha sonra Niyazinin işləməsində “Qaragilə”
xalq mahnısını
Gülnar Qüdrətli
özünəməxsus ifa
tərzi ilə təqdim etdi.
Fatimə
Cəfərzadənin ifasında
“Arzu” romansı da bu dəfə Niyazi yaradıcılığına
yeni yanaşmanı ortaya
qoydu. Bu da əbəs
deyildi. Çünki Niyazi özü də vaxtilə Azərbaycan bəstəkarlarının
bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata
və oratoriyalarının
ilk ifaçısı olmaqla
yanaşı, bu əsərlərin təqdimatında
özünəməxsus orijinal
ifaçılıq üslubu
yaratmışdı.
Filarmoniyanın yay səhnəsində həm əyləşən,
həm də konserti elə ayaqüstü dinləyən
tamaşaçılar orkestrin
çıxışını və solistlərin ifalarını sürəkli
alqışlarla qarşıladılar.
Dahi dirijorun doğum gününə töhfə
olan konsert proqramı bəstəkarın
“Rast” simfonik muğamı ilə yekunlaşdı. Niyazi bu məşhur əsəri 37 yaşında,
1949-cu ildə nota alıb.
Azərbaycan milli dirijorluq məktəbinin
formalaşmasında müstəsna
rol oynayan sənətkarın zəngin
irsi musiqi mədəniyyətimizdə əbədi
yaşayacaq.
L.Azəri
Mədəniyyət.-
2023.- 23 avqust.- S.5.