Avqust istisindən
də qaynar tarix
Səfalı Lənkəranı gəzib,
gözəl təbiətindən
zövq aldıqdan sonra baş çəkdiyim iki məkanın təəssüratı
hələ də məni tərk etmir. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi
və Həzi Aslanovun Ev-Muzeyi.
İlk ünvan tarix-diyarşünaslıq
muzeyi oldu. Şəhərin mərkəzindəki
tikili memarlıq quruluşu ilə ilk andan diqqəti cəlb edir. Günortanın istisinə
rəğmən ziyarətçi
sıxlığı yaşanan
muzeyə daxil olanda elmi işçi
Səadət Abdullayeva
ilə qarşılaşdıq.
“Maşallah, qonaqlarınız
çoxdur” deyəndə
bu mənzərənin
onlar üçün
xoş olduğunu, xüsusən də yay aylarında muzeyə çoxlu turist gəldiyini söylədi.
Biz də 12 otaqdan ibarət muzeyi gəzməyə başlayırıq.
Bələdçimiz eksponatlar
haqqında danışmazdan
əvvəl “Xan evi” kimi tanınan tikilinin tarixindən söz salır.
Bu sarayı Lənkəran xanı Mirmustafa xanın varislərindən
Mirəhməd xan öz sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa
etdirib. 1912-ci ildə
Tiflis şəhərində, kübar cəmiyyətə
məxsus toplum içərisində Qafqaz
gözəli müsabiqəsi
keçirilir, Mirəhməd
xanın həyat yoldaşı gözəl
Tuğra xanım birinci yeri qazanır.
Elə müsabiqədəki
qalibiyyətindən sonra
həyat yoldaşı
ona Lənkəranın
ən gözəl yerində bu möhtəşəm sarayı
inşa etdirir.
Müasir
və zərif tikili sahibəsini xoşbəxt etsə də, Tuğra xanım burada cəmisi üç il yaşayır. Həyat yoldaşının ağır
xəstəlikdən sonra
dünyasını dəyişməsi,
sovet hakimiyyətinin qurulması və onun zadəganlara divanı bu zərif qadını da təqib edir və 1921-ci ildə Bakıdakı birotaqlı
evinə sığınır,
ömrünü tənhalıq
və ehtiyac içində başa vurur.
Bu barədə muzey bələdçisi maraqlı
detallara diqqət çəkir: “Mirəhməd
xan 1916-cı ildə Fransada xəstəlikdən
vəfat etsə də, Tuğra xanım 60-cı illərə
qədər yaşayıb.
Hər ikisinin məzarı hazırda Lənkəran qəbiristanlığındadır.
Muzeyimizdə onlara aid
guşə və eksponatlar o qədər də çox deyil. Amma buna rəğmən
ziyarətçilər məhz
bu evin sahiblərinə
aid tarixçə ilə
daha çox maraqlanırlar. Bu ailənin
təəssüf ki, övladları
olmayıb. Tuğra xanım özünü daha çox tənha hiss etməsin deyə bu ev
daim qonaq-qaralı olub. Onlardan qalan eksponatlar arasında məişət
əşyaları, ikinci
mərtəbəyə qalxan
pilləkənin üzərindəki
tavanda çilçıraq
və daş güzgülərdir”.
Evin, demək olar ki, hər mərtəbədəki
dəhlizində rast gəldiyim güzgü, zərif və dəbdəbəli məişət
əşyaları ev sahiblərinin incə zövqündən xəbər
verir. Bu mənada muzeyin ən maraqlı guşələrindən
biri elə xanlıq dövrü ilə bağlı bölmədir. Burada Mirəhməd xan və həyat yoldaşı Tuğra xanıma, eləcə də xanlığın digər nümayəndələrinə
aid əşyalar mühafizə
olunur. Tuğra xanımın gəlin gələrkən özü
ilə cehiz gətirdiyi altı daş güzgüdən üçü də muzeyin bu bölməsindədir.
Bir zamanlar bu malikanəyə
sahib cütlüyün indi
adama hüzn verən rəsmlərinin asıldığı divarın
o üzündən qədim
Lənkəran, eləcə
də ətraf rayonlardan qazıntılar zamanı tapılan qədim əşyalar, bölgənin xarakterini və məişətini əks etdirən eksponatlar sanki dilə gəlir.
Məlumat üçün deyim
ki, sovetlər dönəmində
bir neçə müəssisənin inzibati
binası kimi istifadə olunan üçmərtəbəli tikili
1978-ci ildən bütünlüklə
Lənkəran Tarix-Diyarşünaslıq
Muzeyinə verilib.
10 minə yaxın əsas fonda malik muzeyin ekspozisiyası altı bölmədən
ibarətdir: Təbiət;
Qədim dövr; Orta əsrlər tarixi; Yeni dövr; Ən yeni dövr
(1917-1945-ci illər); Müasir
dövr (1945-ci ildən
hazırkı dövrə
qədər). Eksponatlar
xronoloji qaydada yığılıb. Burada
etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatika nümunələri, Lənkəranın
görkəmli şəxsiyyətlərinin
şəxsi sənədləri
və digər eksponatlar var.
Maraqlı maketlər və
rəsmlərlə zəngin
Qədim dövr şöbəsini gəzərkən
bələdçimiz şəhərin
ən qədim zamanlarda yaşayış
məskəni kimi fəaliyyəti, əhalisinin
məşğuliyyəti, təbiəti
haqqında müxtəlif
məlumatlar verir. Əhali qədim zamanlarda dağlarda və dağətəyi ərazilərdə yaşayırmış.
Sonralar yerlərini dəyişib dağlardan arana doğru enməyə başlayıblar.
Lənkəran Xəzər
dənizinin sahilində
yerləşdiyindən əhali
əsasən balıqçılıqla
dolanıb. Dulusçuluq,
toxuculuq da əhalinin daha çox məşğul olduğu
peşələrdən olub.
Eksponatlar arasında bu iki sənət
növünə aid nümunələr
üstünlük təşkil
edir.
Muzeydə yer alan eksponatların mühüm
qismi Tunc dövrü və Orta əsrləri əhatə edir. Qədim dövrə aid ovçuluq, məişət
alətləri, silahlar,
qadınların zinət
əşyaları, XVI-XVIII əsrlərdə sənətkarlar
tərəfindən hazırlanmış
dulusçuluq məmulatları
və sair eksponatlar bölgənin etnoqrafik zənginliyindən
xəbər verir.
Muzeyin ən qədim eksponatları Neolit dövründən qalma sümükdən bıçaqlar,
daş çapacaqlar,
eləcə də zinət əşyalarıdır.
Muzeyin başqa bir şöbəsində 1747-1768-ci illərdə Lənkəranın
mühafizəsi üçün
tikilmiş mühafizə
qalalarının maketləri,
həmin dövrlərə
aid döyüşçülərin döyüş paltarları
və silah-sursatları
qorunub saxlanılır.
Bu nümunələr arasında
dağlardan şəhər
mərkəzinə çəkilən
su xətti üçün istifadə
olunan gildən hazırlanmış boruların
qalıqları, eləcə
də qazıntılar
zamanı tapılan kitabələr şəhərin
daş yaddaşı haqqında geniş təsəvvür yaradır.
Muzeyin başqa bir bölməsində Lənkəran
şəhərinin İkinci
Dünya müharibəsi
iştirakçılarının, repressiya qurbanlarının,
əmək qəhrəmanlarının,
qabaqcıl elm və mədəniyyət, təhsil
işçilərinin şəkilləri,
orden və medalları saxlanılır.
Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanları,
eləcə də
1990-cı illərin Qara
Yanvarı zamanı Lənkəranda da sovet ordusunun qətlə yetirdiyi azadlıq mücahidlərinin fotoları
və onlara aid sənədlər ayrıca
guşələrdə sərgilənir.
Muzeydə olduğum qısa
müddətdə onun
zəngin ekspozisiyası
ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, həm də bir yəqinimi qətiləşdirdim: lənkəranlılar
öz tarixlərinə,
yaşadıqları ərazinin
keçmişinə və
mədəni zənginliyinə
heyran, eləcə də bu barədə
yetəri qədər
məlumatlıdır. Bunu
ziyarətçilər arasındakı
yerli sakinlərin bələdçilərin verdiyi
məlumatlara öz əlavələrini etməsi,
məlumat lövhələrindəki
bilgilərə dair öz aralarında müzakirə və mübahisə açması
da göstərirdi...
***
Bu səmimi və bir az da təbəssüm
yaradan müzakirə-mübahisəli
tərəfləri baş-başa
qoyub yol aldım bu muzeydən
elə də uzaq olmayan digər
məkana.
Şəhərə bələd olmasam da, Həzi Aslanovun (1910-1945) doğulub
boya-başa çatdığı
evi tapmaq elə də çətin olmadı. Yolumun üstündəki açıq gördüyüm
ilk darvazadan başımı
içəri salıb
“Ay ev yiyəsi” deyə səsləndim. Özünəməxsus şirin
ləhcəsiylə məni
köhnənin tanışı
kimi xoş dindirib, evə dəvət edən yaşlı kişidən
muzeyin ünvanını
xəbər aldım.
Darvazadan çölə
çıxaraq mənə
məkanı elə gözəl və ətraflı təsvir etdi ki, üç küçə və tini az qala
gözüyumulu gedərək
ünvana çatdım.
İsti
nəfəsimi kəsdiyindən
özümü generalın
uzun illər öncə – hələ 8
yaşında əkdiyi
və indi də səxavətlə
bar verən innab ağacının kölgəsinə
verdim. Qəribə bir məhəbbətlə
Həzi Aslanovun büstünə söykənən,
bir növ ona sarılan ağacın kölgəsində
dərindən nəfəs
almaq istəyirdim ki, içəridən gələn
mehriban səs – “İçəri keçin,
bura daha sərindir” məni evə çəkdi.
Elə də hündür olmayan evin taxta
eyvanına ayaq basar-basmaz “Xahiş edirəm, ayaqqabılarınızı
soyunun. Evin sahibəsi Nuşu (Nuşafərin) xanımdan
qalan bu ənənəni pozmuruq.
O, evdə ayaqqabı ilə gəzməyi sevməyib” sözlərini
eşidəndə cəld
deyilənə əməl
etdim.
Bələdçim muzeyin elmi işçisi Vəfa Babayeva oldu. O, iki dəfə
Sovet İttifaqı qəhrəmanı, tank qoşunları
qvardiya general-mayoru Həzi Aslanovun ömür
yolu və muzey barədə ətraflı məlumat verdi.
Muzey
1969-cu ilin 9 mayında
açılıb. Həzi
Aslanovun həyat yoldaşı Xavər Aslanova muzeyin ilk direktoru olub və ömrünün sonunadək bu missiyanı layiqincə davam etdirib.
Beş zaldan ibarət muzeydəki zalların hər birində maraqlı eksponatlar qorunub saxlanılır. Əşyaların bir qismi Həzi Aslanovun anası Nuşafərin xanıma aiddir və ailəsi tərəfindən
muzeyə verilib. İki oğlunu müharibədə itirən
ana 1959-cu ildə dünyasını
dəyişib.
Muzeydə Həzi Aslanovun
qısa və şərəfli ömrünə
dair hər detala rast gəlmək
olar. Məsələn,
atasını uşaq
ikən itirən balaca Həzi bütün yükü çiyinlərinə alaraq
atasının çalışdığı
kərpic zavodunda işləməyə başlayır.
O zavoddan fotolar, ümumən Lənkəranın
dünənini əhatə
edən təsvirlər
bu mənada üstünlük təşkil
edir.
14 yaşında komsomol sıralarına qoşulan
Həzinin həyatı
bundan sonra dəyişir və ömrünü çox sevdiyi hərb sənətinə həsr
edir. Təbii ki, bu işdə ona ən yaxşı
dəstəkçi anası
olur.
32 yaşında Sovet İttifaqı Qəhrəmanı
adını alan generalın şəxsi əşyaları arasında
hərbi çantası,
kapitan vəsiqəsi,
saatı – yəni hərbçi kimi ilk əşyaları onun çox sevdiyi bu sahəyə diqqət və bağlılığının nümayişi kimi maraqlıdır.
Nümunələr arasında generalın
qardaşı Hacıbaba
Aslanovla fotosu diqqət cəlb edir. Həmçinin müxtəlif döyüşlər
və təlimlərdən
fotolar, xəritə-sxemlər,
generalın təlimat
üçün istifadə
etdiyi telefon və geyim nümunələri,
müxtəlif qol saatları da buradadır.
Məişətini, ailəsini, xüsusən
də yerdə süfrə ətrafında
toplaşaraq oturmağı
çox sevən generalın şəxsi əşyaları arasında
süfrələr xüsusilə
marağımı cəlb
etdi. Onlardan biri general xəstəxanada
yatan zaman ona hədiyyə olunub.
Bələdçimizin dediyinə görə, muzeyə keçmiş sovet respublikalarından gələn
ziyarətçilər də
çox olur. Bu da qəhrəman həmvətənimizə
olan böyük rəğbət və məhəbbətin nümayişidir.
Generalın ölümündən 4 gün əvvəl çəkilən fotosu
da ekspozisiyadadır. Onun
yaralandığı zaman əynindəki
geyimlər də xüsusi mühafizə şüşəsinin altında
nümayiş olunur. Qəhrəmanın müharibə
zamanı ailəsinə
yazdığı məktublar
da fondda saxlanılır.
Xatirə
zalında qəhrəmana
aid əşyalarla yanaşı,
onun ömrünə nəzər olan kitab və qəzet materialları, eləcə
də döyüşdüyü
şəhərlərdən gətirilmiş torpaqlar da
sərgilənir. Onun məzarı önündən
götürülən sovet
bayrağının parça-qırıntıları
da burada qorunur.
Generalın ilk yardım üçün
öz formasından kəsilərək yarasına
bağlanan parça və hələ də parlaqlığını
saxlayan çəkmələri
də sərgilənən
nümunələr arasındadır.
Bir də onun böyüdülmüş fotosu.
Elə də cüssəli olmayan, lakin çox çevik və qorxmaz qəhrəman Azərbaycan
oğlunun bu qürurlu təsvirinin önündən keçərək
yenidən eyvana çıxdım. İçəridə
olduğum müddətdə
zamanın necə keçdiyini bilməsəm
də, xəfif meh generalın ev-muzeyi önündəki büstü
üzərindəki əzəmətli
üçrəngli bayrağımızı
dalğalandırdıqca artıq
sərinin düşdüyünü
anladım.
Dünyanı faşizm kabusundan
qurtarmaq üçün
canlarını fəda
edən qəhrəman
Azərbaycan oğullarını
bir daha ehtiramla yad edərək muzeydən
üzü mərkəzə
yol aldım...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2023.- 30 avqust.- S.6.