“Nə yaxşı
ki, rejissor olmuşam...”
Vaqif Mustafayev: “Yaxşı kino odur ki, tamaşaçını təsirləndirir,
düşündürür, həyata çağırır...”
Avqustun
28-də görkəmli kinorejissor,
ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin anadan olmasının 70 illiyi tamam oldu.
O, yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün
satirik-bədii və sənədli süjetlər
çəkib. Quruluş
verdiyi “Bəyin oğurlanması”, “Yaramaz”,
“Nakəs”, “Fransız”,
“Milli bomba”, “Hər şey yaxşılığa
doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmlər böyük tamaşaçı rəğbəti
qazanıb. Yaradıcılıq
nümunələri beynəlxalq
festivallarda mükafatlar
qazanıb.
Vaqif
Mustafayev Ümummilli lider
Heydər Əliyevə
həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü
(“Əsl məhəbbət
haqqında”, “Bir həsədin
tarixi” və “Xüsusi təyinat”) Moskvada keçirilən Avrasiya teleforumunun Qran-pri mükafatına layiq görülüb.
2022-ci ildə “Həyat,
deyəsən, gözəldir”
bədii filminə görə Türkiyədə
keçirilən “Dədə
Qorqud” Beynəlxalq
Film Festivalında “Türk
dünyasının ən
yaxşı rejissoru” adına layiq görülüb...
Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri
yüksək qiymətləndirilən
rejissor “Xalq artisti” (2005) fəxri adına, “Şöhrət”
(2003), “Şərəf” (2018) ordenlərinə, “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu”na
(2013) layiq görülüb.
O, eyni zamanda bir sıra ölkələrin
mükafatları ilə
təltif olunub.
Yaxından tanımayanlar onu
tündxasiyyət insan
kimi qələmə verir, tanıyanlar isə səmimi, şən və optimist olduğunu qeyd edirlər. Nikbin insan kimi qəbul
etdiyimiz Vaqif müəllimlə yubileyi
öncəsi görüşüb
söhbətləşdik
O, görüş üçün
AMEA-nın qarşısındakı
parkı seçmişdi.
Görüş yerinə
çatana kimi yolboyu düşünürdüm
ki, “Bu kino ki var, çox qəliz
məsələdir. Həm
qəlizdir, həm də ki vacib” – aforizminin müəllifi ilə söhbətimiz qəliz də ola bilər. Amma səmimi olacağına tam əmin
idim.
Azərbaycanın kino sənətinə fərqli üslub gətirən rejissor kədərdə sevinc, sevincdə kədər görən adamdır. Bu baxış hər insana nəsib olmur. Onun hər
bir filmi bir hadisədir. Rejissor filmlərinin bir-biri ilə əlaqəsi haqqında heç vaxt düşünmədiyini
deyir: “Sadəcə, bu filmlər mənim düşüncə
tərzimdir. Bu da yəqin
ondan irəli gəlir ki, uşaqlıqda
ciddi olmuşam. Böyüklər də həmişə onların
yanında oturmağıma
icazə veriblər”.
Kinoya necə gəldiyini bilməsə də, kinoya gələn yolu gözəl xatırlayır. Deyir ki, dayım Tiflisdə “Gürcüfilm”də baş mühəndis işləyirdi. Evləri də kinostudiyanın həyətində idi – onları bir çəpər ayırırdı:
“Mən nənəmlə
babamın himayəsində
böyümüşəm və tez-tez onlara gedərdim. Atam rayonlarda texnikumlarda direktor vəzifəsində çalışırdı,
anam isə Moskvada təhsil alırdı. Uşaqlıqda
bir az dəcəl
idim və məni bəzi qohumlarımızın evinə
yollayırdılar ki, insanlarla
təmasda olum. Kasıb ailədə də olmuşam, varlı ailədə də. Çalışırdım
onların hər birində özümü
dəyişməyim”.
– Vaqif müəllim, yubiley ərəfəsində
özünüzü necə
hiss edirsiniz? Maşallah,
sizə 70-i vermək olmur. Ən çoxu 55 yaş...
– Bu mənim üçün naməlum bir zamandır. Mən axı bunu hələ
yaşamamışam. Ona görə
də ehtiyatla yanaşıram. Sizə maraqlı bir hadisə danışım.
“Yaramaz” filmini çəkəndə mənim
35 yaşım vardı.
Bir gün böyük
şairimiz mərhum Bəxtiyar Vahabzadə evimizə zəng vurur. Telefonu anam götürür. Deyir ki, bacı, Vaqifi olar telefona.
Anam deyir ki, Vaqif dostları ilə harasa gedib. Bəxtiyar müəllim təəccüblənir
və soruşur ki, hansı dostları ilə, onun neçə yaşı
var ki? Anam deyir 35. Yenidən soruşur ki, siz onun nəyisiz?
Deyir anası. Bəxtiyar Vahabzadə deyir bayaqdan elə bilirdim bacısı ilə danışıram və elə düşündüm
ki, Vaqif Mustafayevin 70 yaşı var. Filmdəki
fikirlər belə təəssürat yaradır.
İndi özümə də
maraqlıdır ki, 30 yaşım
olanda məni yaşlı, 70 yaşım
olanda isə daha gənc kimi tanıyırlar. Çünki “Həyat, deyəsən, gözəldir”
filminin nümayişindən
sonra Xalq artistimiz Şəfiqə Məmmədova dedi ki, sən necə də gəncsən. Bu
filmi sanki 25-30 yaşlarında
rejissor çəkib.
– Bu yəqin həm də xarakterinizlə bağlıdır...
– Amma mən belə deyərdim: iş yaşda deyil, başdadır.
– Rejissor kimi geriyə
baxanda daha çox hansı kadrlar gözləriniz önündə canlanır?
– Bir kadr gəlmir axı. Kadrlar keçir, kaleydoskop kimi. Bax indi,
məsələn, mən
həyatımda ikinci reallığı yaşayıram.
“Sim-sim press” nəşriyyatına minnətdaram ki, onlar mənə özüm haqqımda kitab sifariş ediblər. Xatirələrimi
yazıram. Hazırda mən həm bu anı yaşayıram,
sizə müsahibə
verirəm, eyni zamanda da gedib oturub xatirələrimi yazıram. Uşaqlıq, gənclik illərimi, Yaşar Nurini, Həsənağa Turabovu və digər dostları xatırlayıram.
Bu, ikinci reallıqdır.
Sizinlə olan bu müsahibə də bir xatirəyə
çevriləcək. İnsan
xatirələr üçün
yaşayır. Bunu başa düşməli və elə xatirəyə çevriləcək
anların məsuliyyətini
hiss edərək yaşamalıdır.
– Bu günlərdə görkəmli
kino xadimi Şahmar Ələkbərovun anım
tədbirində “Mən
Şahmarı ilk olaraq
bir aktyor kimi tanıdım, daha sonra onun
atam, əmim, dayım kimi bir kişi olduğunu
görüb sevdim” dediniz...
– Mən başqa bir mühitdə tərbiyə almışdım.
Paytaxtımızın “Sovetski”
küçəsində böyüyən
bir adam gəlib kinoya. Kino da mənim arzum idi. O mənada yox ki, mən kinorejissor olmağı arzulayırdım. Mən televiziya efirində, kinostudiyada, jurnallarda gördüyüm bu böyük adamları kumir hesab edirdim.
Sonradan mən onlarla bir yerdə
işlədim və bununla fəxr etməyə başladım...
Mən Şahmarla tanış olanda onun şəxsiyyət olduğunu gördüm. Şəxsiyyət də bizim üçün ata, əmi, dayı, tanıdığım
ağsaqqallardır. Sonradan
başa düşdüm
ki, istər kino, istərsə
də incəsənətin
digər sahələrində
sənəti ilə şəxsiyyəti uzlaşan
insanlar az olur. Mən Yaşar Nuri ilə də dostluq edirdim. İncəsənət
aləmində dostluq etmək bir az çətin məsələdir. Dostluq
böyük məsuliyyətdir.
– “Sovetski” adlı o məkan həyatınıza,
xarakterinizə nə dərəcədə təsir
edib?
– Doğulduğum yerdir və təsiri çox böyükdür.
Mənəvi təsiri
odur ki, burada təmiz, saf insanlar çox idi. Burada insanlar
yazılmamış qanunlara
riayət edir və bir-birlərini dəstəkləyirdilər. Bu küçə mənə
çox müsbət
tərbiyə verib.
– Müsbət tərbiyə
demişkən, “Yaramaz”dakı Hətəm
xarakterli insanlar da mühitin, tərbiyənin
yetirməsidir...
– Hətəm faciəvi personajdır. Çoxları
onu komediya kimi qəbul etsə də, faciəvidir. Çünki
o, necə yaşayacağını
bilmir. Həyat tərzini dəyişir və olur yaramaz.
Ən asan şey də elə odur. Ən çətin odur ki, insan öz mənliyini, ləyaqətini, mərdliyini
axıra qədər saxlasın və heç vaxt öz yolundan dönməsin, cığırını
dəyişməsin. Mən
40 il əvvəl necə
düşünürdümsə, bu gün də
elə düşünürəm.
– Siz həm də
Ulu öndər Heydər
Əliyevlə bağlı
silsilə filmlər çəkmisiniz...
– “Mozalan” satirik kinojurnalında çalışdığım
zamanlarda Ulu öndər
Heydər Əliyev mənim süjetlərimi görüb təriflədi.
Daha sonra Heydər Əliyevin xeyir-duası ilə o dövrdə bir çox Azərbaycan gəncləri ilə birlikdə Moskvada təhsil aldım. Vaxtilə bir çox mövzularda və şəxslər haqqında sənədli filmlərdən imtina etdim. Deyirdim ki, mən bədii film rejissoruyam. Amma Ulu öndər
haqqında filmlər ərsəyə gətirdim.
Bu xətt mənim taleyimi müəyyən etdi. Deməli, bu taledir. Mən
həyatımın axarında
baş verənlərə
baxıram və düşünürəm ki, bu,
talenin və Tanrının mənə
bəxş etdiyi qismətdir. Həyatın
xoşbəxtliyi də
elə budur. Özümlə fəxr edirəm. Ona görə yox ki, mən bədii filmlər çəkmişəm, filan
işlər görmüşəm.
Ona görə ki, mən
necə o qərara gəldim ki, dahi Heydər Əliyev haqqında filmlər ərsəyə gətirim
və bu ekran əsərləri dünyaya çıxdı,
mükafatlar da aldı.
Demək ki, qəhrəmanımı
düz seçmişəm.
Yaş gedir. Olsun lap 70. Nə olsun, əsas odur ki, mən sevdiyim və lazım bildiyim işimi reallaşdıra bilmişəm...
– Çıxışlarınızın birində deyirsiniz ki, kinonun olmaması yox, yaxşı kinonun olmaması faciədir... Yaxşı
kino nədir?
– Yaxşı kino odur ki,
film məni tamaşaçı
kimi təsirləndirir,
düşündürür. Tamaşaçını həyata
çağırır və
s.
– Bu gün bizdə yaxşı kino var?
– Var və olacaq. Hər bir insan
öz qabiliyyətindən
artıq düşünür.
Məsələn, mən
daxilimdə mahnı,
lap ariya da oxuyuram və hamıdan da gözəl oxuyuram. Bunu aşkara çıxarsam, biabır
olaram. Bax, rejissorluq da belədir. Hamı düşünə
bilər ki, mən hamıdan yaxşıyam. Amma
onu aşkara çıxaranda görürsən
ki, bu, kino deyil. “Bəyin oğurlanması”nda
deyildiyi kimi...
– Bu sualı sona saxlamağı düşünürdüm.
Madam ki, söhbət bu
filmdən düşdü,
burada məni həmişə düşündürən
bir epizod var: müxbir xanımın rejissorla müsahibəsi. Rejissorun həmin xanıma yanaşmasını
deyirəm.
– Hər bir şəxsə
individual yanaşmaq lazım.
Bu günlər ərzində
mən bir çox müsahibələr
vermişəm. Hər
kəsə də fərqli və hər kəsin sualına da fərqli yanaşma ilə. Filmdəki rejissor da yaradıcı adamdır və onun da həmin məqamda yanaşması belə idi. Amma orada belə bir məqam
da var. Siz yenidən həyata başlasaydınız,
rejissor olardınızmı?
O, səmimi olaraq
yox cavabını verir. Bu dəhşətdir...
– Bəs siz indi
bu suala necə cavab verərdiniz?
– Öncə də dediyim kimi, nə
yaxşı ki, rejissor
olmuşam. Kino həm
gözəl, həm də funksional olmalıdır. İnsanlar
nəyisə dərk etsinlər, kimisə tanısınlar.
– Sizi tanımayanlarda özündənrazı və
ciddi insan təəssüratı oyadırsınız...
– Biz neçə illərdir tanışıq. Çox
istərdim ki, məni
tanıdığınız Vaqif kimi təqdim
edəsiniz. Bu anlaşma
da qarşılıqlıdır.
– Yeni filminizin sorağını
almışıq: “Molla
Nəsrəddin, yaxud çətin günlərimin
dostu”. Çətin günlərinizin dostları
çoxdurmu?
– Bəli, var. Özü də kifayət qədər.
– Həyat gözəldir?
– Həyat, deyəsən, gözəldir. Belə
ümumi gözəl ola bilməz. Həyatda çətinlik
də olur. Royalın dilləri ağ-qaradır və bu dillərlə gözəl melodiyalar ifa olunur. Ona
görə də həyat hərdən adamı qorxudur, hərdən də düşünürsən ki,
deyəsən, gözəldir.
Həssas adamlar belə düşünə
bilər. Xoşbəxtlik
ani anlardan ibarət olduğu üçün həyat həmişə gözəl
ola bilməz. Ona görə də həyat, deyəsən, gözəldir.
– Maraqlı müsahibəyə
görə sağ olun. Redaksiyamızın kollektivi adından yubileyinizi təbrik edir, möhkəm cansağlığı, uzun
ömür və yaradıcılıq uğurları
arzulayırıq.
– Mən də
diqqətinizə görə
təşəkkür edirəm.
Lalə Azəri
Mədəniyyət.-
2023.- 30 avqust.- S.7.