Kino ilə yaşanan ömür
Vaqif Mustafayevin 70 illiyi qeyd olunub...
Avqustun 28-də Nizami Kino Mərkəzində
milli kinematoqrafiyamızda
dəst-xətti ilə
seçilən görkəmli
rejissor, ssenarist, Xalq artisti, Dövlət
mükafatı laureatı,
Avropa Kino Akademiyasının üzvü,
professor Vaqif Mustafayevin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi təşkil edilib.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası
Kino Agentliyinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimində rəsmilər, mədəniyyət
və incəsənət
xadimləri, ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Əvvəlcə Vaqif Mustafayevin peşə fəaliyyəti
ilə bağlı videomaterial nümayiş olunub.
Sonra dünyanın
tanınmış kino
xadimlərinin yubilyara
təbrik videomüraciətləri
təqdim edilib.
Rusiyanın Xalq
artisti, “Oskar” mükafatı laureatı,
kinorejissor və aktyor Nikita Mixalkov,
Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının aktyoru, Gürcüstanın
Xalq artisti Aftandil Maxaradze, rejissor Timur Babluani, rusiyalı aktyor Viktor Suxorukov
və başqalarının
təbriki səsləndirilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova mərasimdə çıxış
edərək Vaqif Mustafayevə təbriklərini
və xoş arzularını çatdırıb.
Qeyd edib ki, Vaqif Mustafayev
50 ilə yaxındır
məhsuldar yaradıcılığı
ilə Azərbaycan mədəniyyətinin, kino
sənətinin inkişafına,
dünyada tanınmasına
töhfələr verir.
Bu gün kino aləmində Vaqif Mustafayevin kino dili və
üslubu, Vaqif Mustafayevin kino qəhrəmanları kimi anlayışlar var. Yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün satirik bədii və sənədli süjetlər
çəkən rejissorun
quruluş verdiyi “Bəyin oğurlanması”
(Ceyhun Mirzəyevlə
birlikdə), “Yaramaz”,
“Nakəs”, “Fransız”,
“Milli bomba”, “Hər şey yaxşılığa doğru”,
habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı
rəğbəti qazanıb.
Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmləri ümumilikdə kino tariximizdə xüsusi yer tutur. Bu
ekran əsərlərindən
üçü – “Əsl
məhəbbət haqqında”,
“Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. Rejissor öz filmoqrafiyasını
və Azərbaycan kinosunu 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli
filmləri ilə zənginləşdirib. “Həyat,
deyəsən, gözəldir”
filminə görə
ötən il Türkiyədə (Bursa) keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Qeyd olundu
ki, Vaqif Mustafayevin milli kino və mədəniyyət
sahəsində xidmətləri
həm Ulu öndər Heydər Əliyev, həmçinin
Prezident İlham Əliyev tərəfindən
daim yüksək qiymətləndirilib. “Şöhrət”,
“Şərəf” ordenlərinə
layiq görülən
rejissor 70 illik yubiley günündə daha bir mükafat
– Azərbaycan mədəniyyətinin
inkişafında uzunmüddətli
səmərəli fəaliyyətinə
görə 2-ci dərəcəli
“Əmək” ordeni ilə təltif edilib.
Səadət Yusifova yubilyara Mədəniyyət Nazirliyinin
Fəxri diplomunu təqdim edib.
Xalq artisti
Şəfiqə Məmmədova
rejissor Vaqif Mustafayevi yubileyi münasibətilə təbrik
edərək, ona gələcək yaradıcılığında
uğurlar arzulayıb.
O deyib: “Əsl yaradıcı insanlar üçün yaş amili o qədər də vacib olmur.
Çünki dünyanın
ən dahi yaradıcı insanları
məhz ömürlərinin
ən müdrik vaxtlarında yaradıblar və dünyaya mükəmməl yaradıcılıq
nümunələri bəxş
ediblər. Vaqif ömrünü çox mənalı yaşayıb
və yaradıb, eləcə də bu gün milli
kinomuzda öz dəst-xətti olan böyük simalardandır.
O, həmçinin çox
cəsarətli insandır.
Təsadüfi deyil ki, o, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən gözəl film çəkmək qərarına
gəldi. Bu, çox çətin, eyni zamanda məsuliyyətli
iş idi. Vaqif Mustafayev bu məsuliyyətli işin öhdəsindən
peşəkarlıqla gəldi.
Bu filmi ilə Vaqif milli sənədli film janrına yeni nəfəs gətirmiş oldu...”.
Avrasiya Televiziya
və Radio Akademiyasının
prezidenti Valeri Ruzin yubiley mərasimində
iştirakından məmnunluğunu
bildirərək deyib:
“Bu gün Azərbaycan kinosunun ən önəmli simalarından birinin yubiley tədbirinə yığışmışıq. Bu, bizim üçün
də çox xoş bir hadisədir.
Vaqif Mustafayev bir çox gözəl filmlər yaradıb. Onları sadalamaqla bitməz. Lakin onun ən
uğurlu işlərindən
biri də ölkə rəhbəri haqqında çəkdiyi
film olub. Bu işin öhdəsindən
hər rejissor gələ bilməzdi, Vaqif bunu bacardı
və film çox uğurlu alındı. Bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları
arzu edirəm”.
Gürcüstanın Xalq artisti Avtandil
Maxaradze görkəmli
rejissoru yubileyi münasibətilə təbrik
edərək deyib: “Bu gün çox
xoşbəxtəm. Çünki
sevdiyim ölkədə
çox sevdiyim qardaşımın, böyük
istedada sahib insanın yubiley mərasimində iştirak
edirəm. Bu, mənim üçün də xoş hadisədir. Biz Vaqiflə illərin dostuyuq və 33 il birlikdə çalışaraq yaradıcılıq
mübadiləsi etmişik.
Mən onun 5 filmində rol almışam. Həmin filmlərin üçündə
baş rollara çəkilmişəm. Xoşbəxt
aktyoram ki, Vaqif Mustafayev kimi böyük rejissorla işləmək
imkanım olub. O, böyük yaradıcı
insan, gözəl şəxsiyyət və ən üstün zirvələrə layiq dostdur...“.
Vaqif Mustafayev
mərasimdə çıxış
edərək yaradıcılığına
göstərilən yüksək
diqqətə, fəaliyyətinə
verilən ali qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib,
həmçinin yubiley
gecəsinin iştirakçılarına
minnətdarlığını bildirib.
Sonda görkəmli
rejissorun “Həyat, deyəsən, gözəldir”
filmi nümayiş olunub.
Filmin nümayişindən sonra Vaqif Mustafayev ekran əsərinin yaradıcı kollektivini tamaşaçılara təqdim edib.
Mədəniyyət.- 2023.- 30 avqust.- S.5.