Laçınlar oylağının yeni növrağı
Laçın şəhəri günü təntənəli
şəkildə qeyd
olundu
Vətən müharibəsində işğaldan
azad olunan bütün yurd yerlərimiz kimi, Şərqi Zəngəzurun
dilbər guşələrindən
olan Laçın rayonu da özünün
yeni növrağını
yaşayır. Otuz il ərzində düşmənin dağıdıb
taladığı bu qədim elimiz yenidən qurulur, laçınlılar uzun ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar.
Yağıdan qurtarılmış şəhərlərimizlə
bağlı təqvimimizə
əlamətdar günlər
də həkk olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı
sərəncamla Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş əraziləri üzrə
şəhər günləri
təsis edilib. Sərəncama əsasən,
26 avqust Laçın
şəhəri günüdür.
Bu münasibətlə
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi
və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı
ilə 26-27 avqust tarixlərində Laçında
təntənəli tədbirlər
keçirildi. Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı,
mədəniyyət və
incəsənət xadimləri,
diplomatik korpusun nümayəndələri və
digər qonaqlar vardı.
Şəhər günü Laçının
üç məkanında
– Bayraq meydanı, Mənzərəli terras və Həkəri çayının sahili, bulvar ərazisində gerçəkləşdi.
Birinci gün
Bayraq meydanında ilk olaraq “Sarı
Aşıq və Yaxşı” dastan-tamaşası
nümayiş etdirildi.
Laçın elinin tanınmış bayatı
ustadlarından olan Sarı Aşığın
(XVI-XVII əsrlər) həyatı
haqqında olan dastan-tamaşa maraqla qarşılandı.
Zəngin proqramı
olan şəhər gününün təqdimatları
müxtəlif zonalarda
reallaşdı.
“Çay dəsgahı”
zonasında Laçın
elinin çay ənənələri təqdim
edildi.
“Laçın bazarı” zonasında bədii sənətkarlıq
nümunələri, əl
işləri, suvenirlər,
aksesuarlar, zərgərlik
və keramika məmulatları və s. satışı həyata
keçirildi. Bundan başqa, məkanda aktyorların ifasında maraqlı oyunlar və milli personajlardan
hazırlanan maskotların
gəzintisi təşkil
edildi.
***
Bayram şöləni
çərçivəsində Mənzərəli terrasda
rəngarəng proqramlar
həyata keçirildi.
Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil
olundu. Ustad dərslərində şəbəkə,
həsir sənəti,
keramika, dulusçuluq,
misgərlik, xalçaçılıq,
tikmə, papaqçılıq,
ipəkçilik və
s. sahələr üzrə
məlumat verildi, onların bir çoxunun hazırlanması
prosesi əyani nümayiş etdirildi.
“Sərgi pavilyonu”
zonasında qonaqlara “Laçın mənzərələri”
adlı rəsm sərgisi, incəsənət
düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi
və uşaqlar tərəfindən ceyran maketlərinin boyanması nümayiş etdirildi.
“I love Lachın”
yazılmış mənzərəli
məkanda isə qonaqlar şəhərin füsunkar təbiətini
seyr edib bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının
yaddaşına köçürdülər.
Bundan əlavə, məkanda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki
“Oyuq” teatr-studiyası
tərəfindən musiqili
tamaşa təqdim edildi. Həmçinin Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında “Məlikməmməd”
tamaşası nümayiş
olundu.
Uşaq İncəsənət
Festivalının yay düşərgəsi
Laçın şəhəri günü
tədbirləri çərçivəsində
Həkəri çayının
sahilində, bulvar ərazisində Ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Mədəniyyət Nazirliyi,
Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət
Festivalının yay düşərgəsi keçirildi.
Düşərgədə
xalq çalğı
alətləri, rəssamlıq,
bədii qiraət, xanəndəlik sənəti,
aşıq sənəti,
solo milli rəqs və s. nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edirdi.
Düşərgə müddətində uşaqlar
üçün maraqlı
və əyləncəli
oyunlar, fləşmob keçirildi. Xalq artistləri, xanəndə
Gülyanaq Məmmədova,
tarzən Elçin Həşimov, Əməkdar
artistlər, xoreoqraf Eteri Cəfərova, müğənni Anar Hüseynli, Əməkdar müəllim, professor Hökümə Əliyeva,
müğənni Elnarə
Xəlilova, aşıq
Əli Quliyev, bədii qiraət ustası Xəzər Süleymanlı və başqaları tərəfindən
müvafiq sahələr
üzrə ustad dərsləri təşkil
edildi.
Günün sonunda isə düşərgə iştirakçıları
birlikdə ocaq ətrafında toplaşıb
müxtəlif təamlardan
dadaraq rəqs edib mahnılar səsləndirdilər.
“Hünər meydanı” zonasında zorxana, pəhləvanlar və kəndirbazlar maraqlı proqramla çıxış etdilər.
Kulinariya məkanında
qonaqlara Laçın
mətbəxinin ləziz
təamları, “Laçın
poeziyası” adlı zonada isə aktyorların ifasında laçınlı şairlərin
şeirlərindən ibarət
bədii qiraət təqdim olundu.
Şəhər gününün musiqili qonaqları
Avqustun 26-da Həkəri
çayının sahilində
qurulmuş əsas səhnədə şəhər
gününün möhtəşəm
qala-konserti təşkil
edildi.
Prezident İlham
Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, tanınmış
mədəniyyət və
incəsənət nümayəndələri
və digər qonaqlar konserti izlədilər.
Konsertdən əvvəl dövlətimizin
başçısı çıxış
etdi.
Musiqi şölənində
Xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Teyyub Aslanov, Aygün Kazımova, Əməkdar artistlər Ramil Qasımov, Ehtiram Hüseynov, ifaçılar Kamilə Nəbiyeva, Aşıq Samirə, həmçinin
“Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı və Azərbaycan Xalq Çalğı Alətləri
Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi
Paşayev), “Qaya” vokal ansamblı, “Laçın aşıqları”
qrupu və “Laçın” muğam qrupu çıxış
etdilər.
Proqramda “Qarabağ”
kompozisiyası, Ü.Hacıbəylinin
“Cəngi”, V.Adıgözəlovun
“Bayram süitası”,
O.Kazıminin “Ey həyat, sən nə qəribəsən?”,
C.Cahangirovun “Cənnətim
Qarabağ”, E.İbrahimovanın
“Ey Vətən”, B.Nəsibovun “Qarabağ”, Ə.Məmmədovun “Xudayar
təsnifi”, N.Mirməmmədlinin
“Azərbaycan”, M.Kazımovun
“Laçınım” əsərləri
tamaşaçıların qəlbinə hərarət
bəxş elədi.
“Qarabağ şikəstəsi”,
“Ay Laçın” xalq mahnısı, aşıq havaları çələngi, “İgidlər”
rəqsi, “Qarabağ yallısı” da konsertə xüsusi ab-hava qatdı. Konsertin sonunda bütün ifaçılar
tərəfindən birgə
səsləndirilən R.Hacıyevin
“Azərbaycan” mahnısı
Laçının qurtuluşuna
dəyərli sənət
ərməğanı oldu,
böyük alqışlarla
qarşılandı.
Bir səhnə
– üç tamaşa
Laçın şəhəri günü
həm də tamaşa nümayişləri
ilə yadda qaldı. Həkərinin sahilindəki böyük səhnədə Azərbaycan
Dövlət Akademik Musiqili Teatrı kollektivinin təqdimatında
dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası nümayiş etdirildi. 110 yaşlı səhnə incisi həmişəki kimi, alqışlarla qarşılandı.
Şuşa Dövlət
Musiqili Dram Teatrı Laçın elinin bayramına “Dədə Qorqud” soraqlı səhnə əsərini – “Dəli Domrul” tamaşasını
gətirmişdi. Tamaşa
Altay Məmmədovun
“Kitabi-Dədə Qorqud”
dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı
eyniadlı pyes əsasında hazırlanıb.
Tamaşada dünyanın
faniliyi, məhəbbətin
ucalığı ön
plana çəkilir. Əzrayıla belə meydan oxuyan Dəli
Domrulun sərgüzəştləri
tamaşaçıların diqqətini səhnəyə
bağlaya bildi.
Azərbaycan Dövlət Pantomima Teatrı isə “Pantomim buketi” tamaşasını nümayiş
etdirdi. Teatrın ilk yaradıcılıq nümunələrindən olan
“Pantomim buketi”
1994-cü ildə hazırlanıb.
İntermediya nömrələrindən
ibarət tamaşa
2022-ci ildə yenilənmiş
aktyor heyəti ilə bərpa edilib. Bu səhnə
əsəri də maraqla qarşılandı.
***
Laçın şəhəri günü
tədbirlərinin birinci
gününün sonunda
axşam Həkəri
çayının sahilində
möhtəşəm atəşfəşanlıq
oldu. 30 il düşmən əsarətində
qalmış şəhərin
səması rəngbərəng
işıqlara büründü.
Bütün dağ-daş
doğma adamların, bu yurdun həqiqi
sahiblərinin gəlişindən
xəbərdar oldu...
Qarşıda Cəbrayıl (4 oktyabr), Füzuli (17 oktyabr) Zəngilan (20 oktyabr), Qubadlı (25 oktyabr), Şuşa (8 noyabr), Ağdam (20 noyabr) və Kəlbəcər
(25 noyabr) şəhəri
günləri var.
Nurəddin Məmmədli
Foto: Həbib
Hüseynov
Bakı-Laçın-Bakı
Mədəniyyət.-
2023.- 30 avqust.- S.1;4.