Berlində
soydaşlarımızın həmrəylik bayramı
Almaniyadakı səfirliyimiz Berlindəki Azərbaycan Mədəniyyət
Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə bayram tədbiri
təşkil edib. Tədbirdə Azərbaycan, türk və
digər dost ölkə icmalarının üzvləri, habelə
yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi
Ağayev təbrik nitqində bildirib ki, 2023-cü il Azərbaycan
xalqının tarixinin ən şanlı illərindən olub.
Məhz bu il Azərbaycan öz ərazisində mövcud olan,
xalqımıza saysız faciələr yaşadan 35 illik
silahlı separatizmə son qoyaraq, suverenliyini və ərazi
bütövlüyünü tam şəkildə bərpa
edib.
Səfir vurğulayıb ki, Azərbaycanın
suverenliyinin və ərazi bütövlüyünün tam bərpası
Ulu öndər Heydər Əliyevin ən ümdə arzusu
olub və bu arzu onun 100 illiyinin qeyd olunduğu ildə reallaşıb.
Tədbirdə Almaniyadakı Azərbaycan diasporunun
tanınmış simaları, bu il müvafiq olaraq 85 və 80
illik yubileyləri qeyd olunan rəssam İbrahim Əhrari və
animasiya rejissoru Məsud Pənahi
səfirlik tərəfindən təbrik şəhadətnamələri
ilə təltif edilib.
Bayram tədbirində Azərbaycanın Əməkdar
artisti Rəşad İlyasov öz musiqi kollektivi ilə birgə
proqramla çıxış edib.
Mədəniyyət .- 2023.- 29 dekabr,(№96).- S.8.