Ura! O Əjdahadan
hamımızda var!...
Bəli, üzümüzə gələn il Şərq
təqviminə görə Yaşıl Əjdaha ilidir.
Yaşıl Əjdaha da ünsürünə (oxu:
materialına) görə ağacdır. Yəni bu
Əjdahanın qəti qorxusu yoxdur. Düzdür, Əjdaha bu
təqvimdə yeganə mifik varlıqdır, bununla belə,
onu cırnatmasaq, bizə xeyli sevinc yaşada bilər.
Əjdaha – heyvanlar arasında avtoritet, Çin imperator
hakimiyyətinin rəmzi sayılır. Hakimiyyətə
sözsüz itaətin fonunda Əjdaha bir qədər qorxulu,
bir qədər də zəhmli təsir bağışlasa da,
Əjdaha ilinin hadisələri o qədər də vahiməli
görünmür. Belə hesab edilir ki, bir çox uğurlu
hadisələr onun himayəsi altında keçən ildə
baş verir. Deməli, 2024-cü ildən də yaxşı
olaylar, xoşagələn dəyişikliklər gözləməyə
dəyər.
Bu yerdə yaşıl rəng də öz töhfəsini
verir. Şərq mədəniyyətində yaşıl rəng
sakitlik, öz dəyərlərinə zərər vermədən
şəraitə uyğunlaşma bacarığı
anlamındadır. Üstəlik, yaşıl rəng
xalqın rəmzidir. Bu isə o deməkdir ki, Əjdaha planetin
sadə sakinlərinə qarşı xüsusilə
lütfkardır.
Təzə ili tam hazırlıqlı qarşılamaq
lazımdır. 2024-cü ildə uğur gətirən nələrinsə
seçim imkanı isə genişdir. Məsələn, mənzilinizi
bonsay üslubunda cırtdan ağaclarla bəzəyə,
komodun üstünə fotoşəkil çərçivəsi
rolu oynayan miniatür yarpaqlı dekorativ ağac qoya bilərsiniz.
Yarpaq çərçivələrə isə
doğmaların fotolarını keçirmək olar.
Evdə Əjdahanın olması da məsləhətdir.
O zaman “bəs onda həmin Əjdahadan bizdə niyə yoxdur”
ritorik sualını verməyə ehtiyac qalmayacaq.
Düzdür, yumşaq yaşıl Əjdaha oyuncağı hər
kəsə uyğun deyil, amma onun portreti həkk olunmuş
divan balışı, divar, ya da stolüstu təqvim, pled, masa
üçün dekorativ süfrə və s. çox
adamın ürəyincə ola bilər.
Deyirlər ki, ili necə qarşılasan, elə o
cür də yola salarsan. Əjdaha ili də istisna deyil. Onun istəklərinə
nə qədər çox diqqət yetirilərsə, ilin
hamisi sizdən bir o qədər razı qalar.
Əjdaha gözəgəlimli, nəcib, şəhanə
məxluqdur. O, parlamağı və diqqət mərkəzində
olmağı sevir. Odur ki, Əjdaha ilini ona yaraşan tərzdə
hay-küylü, şən və dəbdəbəli
qarşılamaq lazımdır.
Əjdaha üçün iki əsas rəng var:
qızılı və qırmızı. Bu yerdə
qadınların və uşaqların işi asandır,
çünki min kişidən bir nəfərin
qırmızı rəngdə pencəyi, köynəyi ya
olar, ya da olmaz. Amma qırmızı qalstuk, ya pencək
üçün dekorativ cib dəsmalı, qızılı
qol düyməsi, bəd ayaqda qırmızı corab da vəziyyəti
xilas edə bilər. Əgər qırmızı və
qızılı rənglər sizlik deyilsə, o zaman
yaşıl rəngi seçin. Üstəlik, yaşılın
o qədər çaları var ki! Təbii ki,
yaşıllığı unutmaq olmaz. Dekorativ, süni və
canlı dibçək gülləri ilə interyeri bəzəyin.
Ola bilsin ki, bu sətirləri oxuyan kimsə bizi
qınasın ki, Əjdaha ilinə dair tövsiyələrimizi
gec çatdırırıq. Amma məlumunuz olsun ki, Əjdaha
ili Çin təqvimi ilə gələn il fevralın 10-da,
bizə doğma olan təqvimlə isə mart ayının
20-21-də başlayacaq. Yulian təqvimi ilə qeyd etdiyimiz Yeni
il isə, belə deyək ki, Əjdaha ilinin baş məşqidir.
Odur ki, Əjdaha ilini onun adına layiq, öz arzularınıza
sadiq qalaraq qarşılamağa hələ vaxt var.
Yenə də olsun, Yeni iliniz mübarək!
Gülcahan
Mədəniyyət .- 2023.- 29 dekabr,(№96).- S.8.