“Yaşıl eynəkli adam”la gələn
Əjdaha ili
1987-ci il, dekabrın 31-i... Köhnə ilin son
axşamı Azərbaycan Televiziyası gözəl bir
tamaşanı – “Yaşıl eynəkli adam”
tamaşasını təqdim etdi. Əsərin müəllifi
Vaqif Səmədoğlu, quruluşçu rejissorları Ramiz Həsənoğlu
və Tariyel Vəliyev, quruluşçu operatoru Eldar Məmmədov,
quruluşçu rəssamı Rəfael Əsədov, bəstəkarı
Cavanşir Quliyev idi.
Tamaşanın uğurunu təmin edən ən
mühüm cəhət isə onda çağdaş Azərbaycan
teatrının ən gözəl aktyorlarının çəkilməsi
idi. Hətta həmin vaxt hələ ulduzu parlamamış bir
neçə xarakterik aktyor var idi ki, məhz “Yaşıl eynəkli
adam” onların sənət taleyinə işıq saldı.
Tamaşanı maraqlı edən başqa bir məqam isə
onun Şərq təqvimi ilə qarşıdan gələn
Əjdaha ili ilə bağlanması idi. O gündən bu
günə Azərbaycan seyrçisi üç Əjdaha ilini
“Yaşıl eynəkli adam”la yola salıb,
dördüncüsünü qarşılamağa
hazırlaşır. Biz də “Mədəniyyət” qəzeti
olaraq Əjdaha ili ərəfəsində “Yaşıl eynəkli
adam” tamaşasını yada salmaq istədik.
Xalq artisti Afaq Bəşirqızı – Zəhra
xalaqızı:
“Yaşıl eynəkli adam” tamaşası mənim
üçün çox əziz və doğma
tamaşadır. Bəlkə də Vaqif Səmədoğlunun
sağlığında onun adını, əsərlərini,
onlarda oynamaq səbəbimi indiki qədər səmimiyyətlə
deməmişəm. Bu gün isə Vaqifdən qalan hər
xatirə mənə çox əzizdir. Onun mənim
yaradıcılığımda oynadığı rol əvəzedilməzdir.
Tamaşanın çəkilişində əziyyətim
çox olub. Zəhra xalaqızı mənim o vaxtadək
oynadığım xarakterlərə çox yaxın idi, buna
görə də onu fərqləndirməliydim. Rejissor da istəyirdi
ki, bu obraz seçilsin. Rəhmətlik Vaqif Zəhranı məhz
mənim üçün yazmışdı, mənim
yaradıcılığımın bəzi
nüanslarını nəzərə almışdı.
Bununla belə, axırıncı səhnələrdə hiss
etdim ki, obrazı yaratmışam. Çünki ilk çəkiliş
günlərində mənə elə gəlirdi ki, mən
rolumu oynayıram, vəssalam. Həmin tamaşada birgə
çəkildiyimiz, dünyasını dəyişmiş
aktyorlara Allah rəhmət eləsin, qalanlara
cansağlığı versin.
Çox təəssüf ki, bu gün Vaqif Səmədoğlu
kimi dramaturq yoxdur. Mən istəyərdim ki, yenə də
“Yaşıl eynəkli adam” kimi tamaşalar çəkilsin,
orta, gənc nəsil aktyorlar həmin tamaşalarda oynadıqları
rollarla tamaşaçıların yadında qalsınlar.
Xalq artisti Hacı İsmayılov – Qafar müəllim:
– 1987-ci il dekabrın 31-də “Yaşıl eynəkli
adam” teletamaşası ilk dəfə göstərildi.
Çox uğurlu tamaşa alındı, o vaxtdan bu günədək
demək olar ki, hər Yeni il bayramında, Novruz bayramında da
bu tamaşa göstərilir. Unikal aktyor heyəti
yığılmışdı, hətta epizodik rollarda da məşhur
aktyorlar çəkilmişdi. Mənim oynadığım
Qafar müəllim çox sadə, hətta sadəlövh
adamdır. Bir arzusu var ki, yadlaşmış qohumları bir
yerə yığsın.
İnanın ki, çəkiliş zamanı nə qədər
improvizə etmişik. Hər aktyor
çalışırdı ki, yaddaqalan tipaj yaratsın.
“Yaşıl eynəkli adam”da işlənmiş nə qədər
ifadə xalqın dilində zərb-məsələ
çevrilib. Mənim Qəriblə ilk görüşümdə
(Qafar ona Karib muellim deyir) dediyim “tabutik xoroşo, a molla ploxo?”
ifadəsi dillər əzbəridir. Tamaşada Qafarın
daşıdığı əjdaha başı əvvəlcə
qutudan əl ilə çıxarılırdı. Təklif
etdim ki, bəlkə qutunu açanda baş
sıçrayıb çıxsın? Çünki belə
reaksiya daha maraqlı olar. Bəyəndilər. Əjdaha
başlarını purjinlə birtəhər qutuya saldılar.
Doğrudan da, qapaq açılan kimi sıçrayan əjdaha
başına reaksiyalar müxtəlif oldu.
Bir maraqlı hadisə də danışım.
İçərişəhərdə Qafarın hansısa
qohumun evinə gəlişini çəkirdik. Küçədən
pilləkənlə qalxıb köhnə bir evin
qapısını döyməliydim. Qalxdım, qapını
döydüm, açan olmadı. Ramiz müəllim dedi ki,
olmadı, bir də çəkirik. Üçüncü
dublda qəfil qapını ağsaçlı, üzündən
nur yağan yaşlı bir xanım açdı. Mən ki
qapının açılacağını gözləmirdim
deyə, ani tutuldum. Həmin qadın da mənə “oğlum,
xoş gəlmisən, səni tanıyıram, artistsən, gəl
içəri” deyib evə dəvət etdi. Mən də ona
başa salmaq istəyirəm ki, çəkiliş gedir, olmaz,
qadın da məni dinləmir, elə hey içəri dəvət
edir. Demə, Abbas Mirzə Şərifzadənin ilk həyat
yoldaşı imiş. İndiyədək həmin
ağbirçək, nurani xanımın siması gözlərimin
qarşısındadır.
“Yaşıl eynəkli adam” o qədər maraqlı
alındı ki, onun ikinci, üçüncü hissələri
də çəkildi sonradan. Düzdür, bəzi aktyorlar dəyişildi,
amma tamaşa yenə sevildi. Tamaşanın musiqisi də
gözəl idi. Bir aktyor kimi həmin tamaşada çəkildiyim
üçün xoşbəxtəm. “Yaşıl eynəkli
adam” tamaşası o illərin ən yaxşı televiziya
tamaşalarındandır. 36 ildir ki, bu tamaşa
baxılır. Üzümüzə gələn il də
Əjdaha ilidir. Yəqin ki, onu yenə göstərəcəklər.
Xalq artisti Məbud Məhərrəmov – Qərib:
– Məni kəşf edən Ramiz Həsənoğlu
olub. O, çox aktyorları tamaşalarında çəkməklə
məşhur edib. Mən 1984-cü ildə “Bakı
payızı” estrada müsabiqəsində danışıq
janrında qalib gələndə Ramiz müəllim məni bəyənibmiş.
Sonra məni “Ordan-burdan” tamaşasına rəqs müəllimi
rolunun sınaqlarına çağırdı, amma o rola
dostum, rəhmətlik Telman Adıgözəlovu daha uyğun
bildi.
Nəhayət, məni “Yaşıl eynəkli adam”a dəvət
etdi. Hacıbəy Teflonskinin nəvəsi, Saratovda rəssamlıq
məktəbini bitirmiş Qərib – Qarik çox maraqlı
obraz idi. Bəzən müəlliflərin, rejissorların
çoxu aktyor improvizəsinə qısqanclıqla
yanaşır. Amma nə Vaqif Səmədoğluda, nə də
Ramiz Həsənoğluda elə xasiyyət var idi. Orada ən
kiçik epizod mənimki idi – 8 dəqiqə. Tamaşa
dekabrın 31-də efirə getdi. Səhər anam məni
çörək almağa göndərdi. Çörək
mağazasında hiss etdim ki, hamı mənə baxır,
bir-birinə də deyir ki, bax, “tabutik”. O vaxt bu, mənə pis
təsir etdi ki, tabutik nədir? Amma mən bir günün
içində tanınmışdım, sonradan
alışdım, o vaxtdan indiyədək məni “tabutik”,
“Qarib muellim” çağırırlar. Bir haşiyə
çıxım ki, evimi təmir etdirirdim, tez-tez tikinti
materialları bazarına gedirdim. Evə gəlib
satıcının yazdığı qaiməyə baxanda
görürdüm ki, müştərinin adı qrafasında
ya “tabutik”, ya da “Qarib müəllim” yazıblar. O vaxtdan qırxdan
çox filmə, televiziya tamaşasına çəkilmişəm,
amma tamaşaçılar yenə də məni Qərib kimi
yadda saxlayıblar.
***
“Yaşıl eynəkli adam”ın müəllifi Vaqif Səmədoğlu,
aktyorlardan Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov,
Ələkbər Hüseynov, Larisa Vinoqradova, Nuriyyə Əhmədova,
Ramiz Məmmədov, Ələsgər Məmmədoğlu həyatda
yoxdurlar. Amma digər sanballı əsərlər, maraqlı
tamaşalar kimi “Yaşıl eynəkli adam” da onları
yaşadır. Bu tamaşanı seyr edən hər kəs haqq
dünyasında olanlara rəhmət diləyir, Ramiz Həsənoğluna,
Afaq Bəşirqızına, Hacı İsmayılova, Məbud
Məhərrəmova, Cahangir Novruzova, Adışirin
Bağırova, Sədaqət Dadaşovaya
cansağlığı, uzun ömür arzulayır. Məhz
bizə gülüş dolu anlar, sənətlə
görüş bəxş etdikləri üçün...
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.7.