Memar Tofiq Abdullayevin
xatirəsi anılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) Əməkdar memar Tofiq Abdullayevin (1936–2021) xatirəsi
anılıb.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova
memarın fəaliyyətindən, Azərbaycanın milli memarlıq
sənətinə verdiyi töhfələrdən
danışıb. Bildirib ki, uzun müddət universitetdə
Memarlıq konstruksiyaları və abidələrin bərpası
kafedrasının professoru olmuş Tofiq Abdullayev Azərbaycanın
memarlıq ənənələrini öz yeni
axtarışları ilə zənginləşdirib, yüksəkixtisaslı
kadrların hazırlanmasında mühüm xidmətlər
göstərib.
Rektor görkəmli memarın layihəsi əsasında
AzMİU-da tədris-laboratoriyası, idman kompleksinin tikilməsi,
eləcə də çalışdığı
kafedranın memar alimləri ilə birgə Şəkinin
Kiş, Qəbələnin Nic kəndində məbədlərin
bərpası, Qaxda Qum məbədinin konservasiya işlərini
xatırladıb.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin
sədri professor Elbay Qasımzadə mərhum memar haqqında
fikirlərini bölüşüb. T.Abdullayevlə birgə
çalışmış AzMİU-nun müəllimləri də
ürək sözlərini, xatirələrini
bölüşüblər.
Mədəniyyət .- 2023.- 29 dekabr,(№96).- S.5.