60 il sanki 60 dəqiqə
kimi keçdi…
Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrının aktrisası, Əməkdar artist Yelena Spitsina
öz yuvarlaq doğum gününü doğma səhnədə
qeyd etdi.
Dekabrın 21-də “60 il 60 dəqiqə içində”
adlı yubiley gecəsi fərqli tərzdə – monotamaşa
kimi qurulmuşdu. Aktrisa sanki teatrdakı
çalışmaları, sevimli rolları, həyatı barədə
etiraf edirdi. İlk etirafı isə özü, kökü-əsli
barədə idi: “Atam Gəncədə doğulsa da, iki
yaşında valideynləri ilə Rusiyaya köçüb.
Amma ömrü boyu özünü gəncəli kimi
apardı və tanıtdı. Anam isə bakılıdır,
İçərişəhərdə doğulmuşdu. Tale
onları Rusiyada görüşdürmüşdü, mən
də Moskva ətrafında, Elektrostal şəhərində
doğuldum. Hər yay Bakıya, nənəmin-babamın
yanına gələrdim. Buna görə də
özümü genetik bakılı hesab edirəm”.
İndiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində təhsil almaqla
Yelena ömrünü Bakıya, Azərbaycan mədəniyyətinə
bağlayır. 1986-cı ildə III kurs tələbəsi ikən
Rus Dram Teatrının səhnəsində ilk rolunu oynayır
və o zamandan bir teatrın səhnəsində
çıxış edir.
Həmin axşam Yelena Spitsina səhnədə
danışdı, xatirələrini bölüşdü,
şeir söylədi, mahnı oxudu və təbii ki, sənət
dostları onu tək qoymadılar.
Yubiley gecəsində mədəniyyət nazirinin
müşaviri Əməkdar artist Oleq Əmirbəyov Mədəniyyət
Nazirliyinin təbrik məktubunu səhnədən oxudu. Beləcə,
təbriklər bir-birinə qarışdı: dostlar və həmkarlar
Yelena Spitsinaya xoş sözlərini çatdırdılar,
yeni yaradıcılıq uğurları arzuladılar.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.5.