Qardaş xalqları
həm də musiqi birləşdirir
Dekabrın 27-də Musiqi Mədəniyyəti Dövlət
Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
Qazaxıstanın “Turan” etno-folklor ansamblı və Azərbaycanın
“Zəfər” musiqi qrupu ilə görüş keçirildi.
Görüş Azərbaycan Gənclər Fondu, Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi,
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və
“İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı
ilə gerçəkləşdi.
Muzeyin direktor müavini Təranə Zeynalova tədbiri
açaraq Azərbaycan xalqının qədim musiqi ənənələri,
muzeydə qorunub nümayiş etdirilən qədim musiqi alətləri
haqqında danışdı. Qeyd etdi ki, hər bir musiqi aləti
özündə tarixin silinməz izini daşıyır. Azərbaycan
ərazisində ən qədim zamanlarda musiqi alətləri
mövcud olub.
“İrəli” İctimai Birliyinin layihə üzrə
katibi Riad Cəbrayılov, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova
çıxış edərək “Turan” ansamblı
haqqında danışdılar.
Çıxışlardan sonra gənclərin
suallarını cavablandıran “Turan” ansamblının üzvləri
ifa etdikləri qədim musiqi alətləri haqqında məlumat
verdilər.
Konsert proqramında 30 qədim musiqi alətində ifa
etmə bacarığına malik ansambl üzvləri Serik
Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan
Bekmuxanbetov, Maksat Medubek və “Zəfər” muğam qrupunun
solisti Nisbət Sədrayeva (xanəndə), Rüstəm
Müslümov (tar), Elnur Salahov (kamança) və Elnur
Əliyevin (nağara) ifalarında türk xalqlarının zəngin
musiqiləri təqdim olundu.
Sonra qonaqlar və tədbir
iştirakçıları muzeyin ekspozisiyası ilə tanış
oldular.
S.Fərəcov
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.5.