Əhməd bəyin hüquqşünas qızı

 

Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi fikir tarixində adı hörmətlə anılan yazıçı, şərqşünas-alim və dövlət xadimi Əhməd bəy Ağaoğlunun (1869 – 1939) yeddi övladından biridir Sürəyya Ağaoğlu. Ailəsi Türkiyəyə mühacirət edəndə onun 7 yaşı olub. Sürəyyanın uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal paşanın yaxın dostları arasında keçib...

Dünya Hüquqşünas Qadınlar Assosiasiyasının vitse-prezidenti və Uşaq Dostları Dərnəyinin sədri olmuş Sürəyya Ağaoğlunu anadan olmasının 120 illiyi münasibətilə yada saldıq.

Sürəyya 29 iyul 1903-cü ildə Qarabağın mirvarisi sayılan Şuşa şəhərində dünyaya göz açıb. Ötən əsrin əvvəllərində çar Rusiyasının müstəmləkə ölkələrdə ziyalılara, milli düşüncə sahiblərinə qarşı amansız rəftarı üzündən onlarla tanınmış maarif və mədəniyyət, ictimai-siyasi xadimlərimiz öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalırlar.

Xalqımızın zəngin təfəkkür sahiblərindən olan Əhməd bəy Ağaoğlu üçün də doğma vətəndə yaşayıb fəaliyyət göstərmək mümkünsüz idi. Bu səbəbdən o, 1910-cu ildə Türkiyəyə gedir və İstanbulda məskunlaşır, ailəsi isə Bakıda qalır. İstanbulda işlərini sahmana salan Əhməd bəy həyat yoldaşı Sitarə Vəzirovaya məktub yazıb onları yanına çağırır...

Əhməd bəy övladlarını elmli, zəngin dünyagörüşlü görmək istəyirdi. Ona görə də böyük qızı Sürəyyanı Kolbenin fransız məktəbinə qoyur, eyni zamanda onunla fərdi şəkildə məşğul olur. Sürəyya bir müddət sonra “İttihad” məktəbində təhsilini davam etdirir. Bu məktəb bağlandığı üçün o, “Bəzmi-aləm” adlı qız liseyində oxumağa başlayır.

Araşdırmalarda qeyd edilir ki, Sürəyyanın mənəvi inkişafında və dünyagörüşündə təkcə məktəb həyatı yox, eyni zamanda ailə mühitinin – yəni evlərində keçirilən yığıncaqların böyük təsiri olur. Belə ki, Türkiyənin ən görkəmli tarixçiləri, ictimai-siyasi xadimləri tez-tez onlarda bir masa arxasında otururlar. Sonra “Türk ocağı” toplantıları onların daimi getdiyi məkan olur...

Sürəyya İstanbul Universitetinin Hüquq fakültəsinə qəbul olunur. Maraqlıdır ki, həmin dövrdə bu fakültədə yalnız oğlanlar təhsil alırdı. Onun bu addımı təəccüblə qarşılanır.

Sürəyya Ağaoğlu universitetdə böyük səylə oxuyur. Fransız və ingilis dillərini mükəmməl öyrənir. Praktiki biliyini artırmaq üçün məhkəmələrdə cinayət proseslərini izləyir. Beləliklə, o, tez bir zamanda İstanbulun hüquq aləmində tanınır... Ona qeyri-rəsmi işlər də tapşırılır. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşir Almaniyaya gedərkən bir müddət İstanbulda Əhməd bəyin evində yaşayır. 1921-ci ilin 18 iyulunda daşnak terrorçu Misak Torlakyan onu qətlə yetirir. Həmin qətllə bağlı məhkəmə prosesinə tərcüməçi kimi Sürəyya da dəvət olunur. Ona məsuliyyətli bir iş – ingilis dilindən tərcümələrə nəzarət etmək tapşırılır. O da bu işi yüksək səviyyədə yerinə yetirir. Daha sonra bir neçə məhkəmədə iştirak edir... Beləliklə, Sürəyya xanım hüquqşünas kimi daha geniş çevrədə tanınır və etimad qazanır.

Sürəyya Ağaoğlu 1925-ci ildə təhsilini uğurla başa vurur. Atasının məsləhəti ilə Ankarada Camal Nazim bəyin yanında çalışır. Həmin vaxt SSRİ-nin Türkiyədəki səfiri M.Suriç onu Rusiya ilə Türkiyə arasında ticarət işləri ilə məşğul olan “Neftsindikat” şirkətində vəkil işinə dəvət edir. O, əvvəlki işi qalmaq şərtilə orada da işləməyə razılıq verir. Səriştəli və savadlı bir vəkil kimi daim Türkiyənin hüquq-məhkəmə həyatında çətin və ağır məhkəmə proseslərinə dəvət olunur. 1930-cu ildə Dövlət Şurasında işə qəbul edilir. Bir müddət “Tənzimat” dairəsində nizamnamə hazırlamaq işi ilə məşğul olur.

O, Türkiyənin ilk vəkil qadını kimi hüquq aləmində gündən-günə məşhurlaşır. Təcrübəli bir hüquqşünas olaraq beynəlxalq tədbirlərə də dəvət olunur. Uzun müddət müxtəlif komissiyaların rəhbəri, “Azadlıq fikirlərini yayma cəmiyyəti”nin, “Türk-Amerika universitetləri dərnəyi” və “Ali təhsilli türk qadınları dərnəyi”nin yaradıcılarından olur. Dünya Hüquqşünas Qadınlar Assosiasiyasının vitse-prezidenti, Uşaq Dostları Dərnəyinin sədri seçilir. O öz vəsaiti ilə uşaq evi açır, uşaqların yaxın dostu və qadın hüquqlarının alovlu müdafiəçisi olaraq şöhrət qazanır.

Sürəyya Ağaoğlu dövri mətbuatda da aktiv çıxış edir. “Bir ömür də belə keçdi” və ingilis dilində çap olunan “Leninqradda gördüklərim” adlı kitabları işıq üzü görür.

Daim vətən həsrəti çəkən Sürəyya xanım 1976-cı ildə Bakıya gəlir. O zaman şəraitdən asılı olaraq o, Şuşa şəhərinə gedə bilmir. Ancaq 1989-cu ildə Bakıda Əhməd bəyin anadan olmasının 120 illik yubiley tədbiri planlaşdırılır. Tədbirə Sürəyya xanım da dəvət olunur. Bu dəfə ona söz verilir ki, arzusu çin olacaq, onu mütləq Şuşaya aparacaqlar. Ancaq o, yenə də Şuşa şəhərinə gedə bilmir. 29 dekabr 1989-cu ildə İstanbulda qatıldığı “Qadın hüquqları və çağdaşlaşma” adlı iclasdan çıxarkən pilləkəndən yıxılır və vəfat edir.

86 illik ömrünün 80 ilini Türkiyədə yaşayan hüquqşünas xanım vəfatından bir il qabaq – 1988-ci ildə yaxın qohumu Nigar Axundova ilə görüşür. Söhbət əsnasında deyir: “Məndən soruşurlar ki, vətənin haradır? Deyirəm, Şuşada doğulmuşam, orada dil açmış, addım atmış və yerimişəm. İlk dəfə orada ulduzlu səmanı seyr etmişəm, güllərin ətrini duymuşam. Azərbaycanlı səsi, musiqisi eşidəndə uşaqlıq illərim yadıma düşür. Xatirələr məni qoynuna alır...”.

 

S.Fərəcov

Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.7.