Kərkük elindən
əsən musiqi rüzgarı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində
(BMM) Kərkük musiqisi axşamı keçirildi.
Konsertdən öncə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müəllimi
etnomusiqişünas Gülxanım Əsədzadə
çıxış edərək bildirdi ki, əsrlər boyu
İraq türkmənləri ilə Azərbaycan arasında səmimi
bağlar olub. Bu əlaqələr özünü mədəniyyət
və musiqidə də göstərib: “Türk
dünyasının ayrılmaz parçası olan Kərkükün
adı çəkiləndə istər-istəməz ruhumuz
bizi ora aparır, mahnıları dilimizdə səslənir.
“Ninnə yarım”, “İpək yaylığım”, “Gözələ
bax” kimi mahnılar həm Kərkük elinin, həm də Azərbaycan
xalqının dillər əzbəridir”.
Qeyd olundu ki, Kərkük tarix boyu türkmənlərin
toplu şəklində yaşadığı bir ərazidir. Kərkükdə
bu gün bizimlə dil və ruh eyniliyi olan 3 milyondan bir qədər
çox soydaşımız yaşayır. Türkmənlər
tarixən indiki İraqın şimal ərazilərində –
Mosul, Kərkük, Telafer, Tuzhurmatı, Altınkörpü,
Kifra, Karatepe, Hanekin, Bayat və digər şəhərlərdə
məskunlaşıb. Bütün çətinliklərə
baxmayaraq, soydaşlarımız Azərbaycan türkcəsində
danışır və adət-ənənələri
yaşatmağa çalışırlar. Ulu öndər Heydər
Əliyev vaxtilə İraqda yaşayan türkmənlər barədə
demişdi ki, onlar da azərbaycanlılar kimi, bir
bütövün parçalarıdır. Bizi eyni tarixi
köklər və adət-ənənələr birləşdirir.
Bildirildi ki, sovet dövründə türk
xalqlarının tarixini, mədəniyyətini
araşdırmaq, folklor nümunələrini toplamaq, eləcə
də türk xalqlarının mədəniyyətləri
arasında müqayisəli təhlillər aparmaq çətin
məsələ idi. Lakin Rəsul Rza, Bəxtiyar Vahabzadə,
Qəzənfər Paşayev kimi ziyalılar bu istiqamətdə
usanmadan çalışıblar. Kərkük mədəniyyəti
və folklorunun öyrənilməsində professor Qəzənfər
Paşayevin xüsusi xidmətləri var. Onun “Kərkük
bayatıları”, “Kərkük folklorunun janrları”, “Kərkük
mahnıları”, “Kərkük folkloru antologiyası” və s. əsərləri
İraqdakı soydaşlarımızın etnik-mədəni zənginliyinə
işıq salıb, onları bizə daha yaxından
tanıdıb.
Kərkük mahnılarının Azərbaycanda
tanınmasında türkmən əsilli diktor və solist
Sinan Səid və müğənni Nərminə Məmmədovanın
duetlərinin böyük rolu olub. Azərbaycan dinləyiciləri
üçün tamamilə yeni bir tərz hesab olunan “Axşam olur”, “Sevdi yar”,
“Evlərinin önü yonca” kimi mahnılarda Kərkük
türklərinin zaman-zaman yaşadıqları faciələr,
yurd, qardaş həsrəti əks olunur.
Kərkük xalq mahnılarının dillər əzbəri
olmasında Xalq artisti, ustad xanəndə Hacıbaba
Hüseynov da mühüm xidmətlər göstərib. Xanəndənin
ilk qastrol səfəri İraqa olub. Onun repertuarında
geniş yer tutmuş “Yana-yana kül oldum”, “İki sevda çəkənlərin
cəzası var”, “Endim bulaq başına”, “Adalardan bir qız
gəlir” və s. mahnılar həmişə dinləyicilərin
könlünü oxşayıb.
Etnomusiqişünas G.Əsədzadənin
çıxışından sonra söz musiqiyə verildi.
BMM-in solistləri Rüstəm Müslümov (tar) və
Əməkdar artist Toğrul Əsədullayevin (kamança)
müşayiəti ilə Xalq artisti Gülyaz Məmmədova,
Əməkdar artist Nuriyyə Hüseynova, gənc xanəndələr
Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Hüseyn Məlikov,
Zümrüd Məmmədova, Məmməd Nəcəfov, Səbinə
Ərəbli, Yaqut Xəlilzadə, Rəvan Qaçayev,
Günay İmamverdiyeva, Nisbət Sədrayeva, Vəfa Vəzirova,
eləcə də ud ifaçısı İsmayıl Zülfüqarov,
pianoçu Rəbiyə İmanquliyeva, “Şəms-Qəmər”
kamera xoru (bədii rəhbər Leyla Zalıyeva, xormeyster
Xanımana Məmmədzadə) rəngarəng proqram təqdim
etdilər.
Kərkük xalq musiqi nümunələri, müxtəlif
üslublarda işlənilmiş xalq və bəstəkar
mahnıları səsləndi. Gecədə bəzi nümunələr
ilk dəfə təqdim olunurdu. Dosent L.Zalıyevanın “Mənim
ipək yaylığım” Kərkük xalq
mahnısının 4 səs üçün a capella işləməsi,
habelə “Ninnə yarım” xalq mahnısı əsasında
ud və piano alətində kompozisiya maraqlı
alınmışdı.
Lalə Azəri
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.5.