Beynəlxalq Muğam Mərkəzinin 15 illiyi qeyd edilib

 

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BMM-in direktoru Sahib Paşazadə və yazıçı-dramaturq İlqar Fəhmi çıxış ediblər. Mərkəzin muğam sənətimizin təbliği, şanlı mənəvi irsin saxlancı kimi fəaliyyətindən söz açılıb.

BMM-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Xalq artisti, ustad xanəndə Arif Babayevin videotəbriki təqdim edilib.

Xalq artistləri Gülyaz Məmmədova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Elçin Həşimov, Elnur Əhmədov, Teyyub Aslanov və Əməkdar incəsənət xadimi Aqil Məlikovun iştirakı ilə konsert proqramı təqdim olunub.

Qeyd edək ki, 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz tarın formasında, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılışı musiqi sənətimiz və ümumilikdə mədəniyyətimiz üçün əlamətdar hadisə olub. Mərkəz mədəniyyətimizin himayədarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Ötən müddət ərzində bu sənət məkanında çoxsaylı layihələr reallaşdırılıb, konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. “Muğam axşamları” silsilə konsertləri, eləcə də “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.

 

Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.2.