Bayram günlərində
nəyə baxmağa gedək?
Əgər siz yol çantasını yığmaqla
məşğulsunuzsa, Yeni il tətilini yaxın-uzaq xaricdə,
ya da ölkəmizin dilbər guşələrində
keçirmək planına yaxınsınızsa, onda bu
yazını oxumaya bilərsiniz. Çünki bu
yazdıqlarımız bayram günlərini paytaxtda qalıb,
uşaqlarla birlikdə asudə vaxtını teatr-konsert
salonlarında keçirmək istəyənlər
üçündür.
Başlayaq Azərbaycan Dövlət Kukla Teatrından.
Yaradıcı heyət Yeni il bayramı günlərində
“Qış nağılı” adlı şənlik-tamaşa
hazırlayıb. Səhnələşdirən və
quruluş verən Saida Haqverdiyeva, quruluşçu rəssam
İqbal Əliyevdir.
Tamaşa indiki uşaqların əyləncə
dünyasının zərərli tərəfləri barədədir.
Uşaqlara həm onlayn platformalar və mobil telefonlarla uzun
zaman keçirməyin zərərləri aşılanır,
həm də şifahi xalq ədəbiyyatımızdan məşhur
personajlar və hadisələr vasitəsilə mütaliəyə
maraq yaradılır.
Nağıl qəhrəmanları birləşib
uşaqların Yeni il şənliyinə gəlməyən
Şaxta baba və Qar qızı axtarırlar. Lakin onları
tapsalar da, şənliyə gəlməyə razı sala
bilmirlər. Mobil oyunlarda vaxt keçirib dərsdən yayınan,
eyni zamanda sağlam qidalanmayan uşaqlardan incik
düşdüyünü deyən Şaxta baba onlarla
görüşmək istəmir. Xeyli cəhddən sonra
nağıl qəhrəmanları Şaxta babanı
razılığa gətirir və şənliyin baş
tutmasına nail olurlar.
28 dekabr – 4 yanvar tarixlərində hər gün
dörd seans (saat 12, 14, 16 və 18) nümayiş etdiriləcək
“Qış nağılı”nda rolları Aygül Ağayeva,
Cavid Telman, Elnur Əliyev, Elxan İsmayılov, Səbinə Məmmədova,
Elgün Həmidov, Araz Həsənli, Samirə Əliyeva və
başqaları ifa edirlər.
“Şirinlər”in yeni macərası
Gənc Tamaşaçılar Teatrı dekabrın 28-dən
Yeni il proqramına başlayıb. Balacaları “Şirin əjdaha”
tamaşası gözləyir. Yanvarın 3-dək hər
gün iki seans (12:00 və 14:00; bir dəfə Azərbaycan,
bir dəfə rus dilində) göstərilən tamaşa məşhur
“Şirinlər” cizgi serialı qəhrəmanlarının
Yeni il macərası haqqındadır.
Quruluşçu rejissoru Elşad Rəhimzadə olan
tamaşada Əməkdar artistlər Rasim Cəfərov və
Elnur Bəhramxan, aktyorlar Ədalət Əbdülsəməd,
Rəşad Səfərov, Səbinə Məmmədzadə,
Zümrüd Quliyeva, Aybəniz Heydərova, Asya Atakişiyeva,
Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə
Hüseynova, Anar Seyfullayev, Elgün Yəhyayev, Anar Səfiyev,
Xaliq Bəkirov, Hökumə Rəhimzadə, Aygün Fətullayeva,
Ramil Şamiloğlu, Bəhram Əliheydər, Könül
Əbilova və Hüsniyyə Əhmədova
çıxış edirlər.
Tamaşada nə olacaq? – gələrsiniz, görərsiniz
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da
uşaqlar üçün “Yeni il şənliyi”
hazırlayıb. Teatrdan
aldığımız məlumata görə, tamaşada
Şaxta baba, Qar qız və balacaların sevimli nağıl
qəhrəmanları iştirak edəcəklər.
Dekabrın 29-dan yanvarın 3-dək hər gün
dörd seans olmaqla (10:30, 12:30, 14:30, 16:30) nümayiş olunacaq
tamaşanın digər qəhrəmanları, süjeti barədə
maraqlananda isə dedilər ki, yaradıcı heyət bunu sirr
saxlayır. Yəni, necə deyərlər, gələrsiniz,
görərsiniz.
Yeni ili “Balıqçı...” ilə qarşılayaq
Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrının “Balıqçı və qızıl
balıq haqqında nağıl” tamaşası ötən həftəsonundan
repertuardadır. 30-31 dekabr, eləcə də 2 və 4 yanvarda
(12:00) A.S.Puşkinin eyniadlı əsəri əsasında
hazırlanmış bu nağıl-tamaşa balaca teatrsevərlərin
ixtiyarına veriləcək. Quruluşçu rejissor və
xoreoqraf Raulya Turkkan, dekorasiya üzrə rəssam Səmra
Axundova, geyim üzrə rəssam Əməkdar mədəniyyət
işçisi Olqa Abbasova, musiqi tərtibatçısı
Əməkdar mədəniyyət işçisi Vladimir
Neverovdur.
Tamaşadan öncə Qar qız ilə Şaxta baba səhnənin
önünə çıxıb balacaları Yeni il
münasibətilə təbrik edirlər.
“Buzlar ölkəsində” nə var, nə yox?
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
dekabrın 23-dən Yeni il ovqatındadır. “Buzlar ölkəsində”
nağıl-tamaşası yanvarın 5-dək hər gün
saat 10:00, 12:00, 14:00 və 16:00-da nümayiş olunur.
Tamaşa Anar Sadıqovun qələmə
aldığı nağıl əsasında səhnəyə
qoyulub. Quruluşçu rejissor Əlif Cahangirli, musiqi tərtibatçısı
Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Səhnə əsərində Əməkdar artistlər
Mehriban Xanlarova, Rəşad Bəxtiyarov, Sevinc Əliyeva, Elxan
Quliyev, Mətləb Abdullayev, aktyorlar Şəhla Əliqızı,
Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev,
Firuzə Balayeva, Vüsal Mustafayev, Dilarə Nəzərova,
Lalə Süleymanova və Nəzrin Abdullayeva
çıxış edirlər.
“Küllücə”, bir də “Şelkunçik”
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı bayram günlərində iki tamaşa təqdim edəcək.
Dekabrın 30-da L.Vaynşteynin “Küllücə”
(“Zoluşka”) operası (12:00, 16:00) göstəriləcək.
Quruluşçu rejissor Əməkdar incəsənət
xadimi Əli Usubov, rejissor Əməkdar incəsənət
xadimi Hafiz Quliyev, dirijor Orxan Həşimovdur. Tamaşa rus
dilindədir. Rollarda Əməkdar artistlər İnarə
Babayeva, Anton Ferştandt, Fəridə Məmmədova və
Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Nəriman
Əliyev, Fəhmin Əhmədli və Nina Makarova iştirak
edirlər.
Yanvarın 5-də (19:00) və yanvarın 6-da (15:00) isə
P.İ.Çaykovskinin “Şelkunçik” baleti nümayiş
olunacaq. Bu tamaşanın da dirijoru Orxan Həşimovdur.
Əsas partiyaları Dinara Məmmədova (Maşa), İntiqam
Məmmədov (Şahzadə) və Əməkdar artist Anar
Mikayılov (Drosselmeyer) ifa edəcəklər.
Teatrın tamaşaları BMA-nın Opera
studiyasında göstərilir.
Bir məkanda üç şənlik
Heydər Əliyev Sarayında göstəriləcək
Yeni il şənlik-tamaşaları sarayın öz
proqramı olmadığı üçün həmin tədbirlər
haqqında qısaca məlumat verməli olduq.
Dekabrın 30-da (12:00, 15:00) “Yeni ilin Mult Paradı”,
yanvarın 2-3-də (12:00, 15:00) “Yeni il” şənlikləri,
yanvarın 4-də (10:00, 13:30, 17:00) isə “Şaxta babanın
axtarışında” şənlik-tamaşası keçiriləcək.
***
Bizdən bu qədər. Əsas odur ki, Yeni il tətilində
darıxmayasınız. Xatırladaq ki, biletləri şəhərin
teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən,
eləcə də “İticket.az” saytından əldə etmək
olar.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.3.