Üç əsrdən keçən teatr: dünən, bu gün, sabah

 

2023-cü ildə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi silsilə tədbirlərlə qeyd edildi. Dekabrın 25-də Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Azərbaycan Dövlət Teatr Muzeyinin (ADTM) birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfrans da əlamətdar yubileyə həsr olunmuşdu.

Konfransı giriş sözü ilə ATXİ-nin sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov açdı.

ADTM-in hazırladığı teatr tariximizin ən maraqlı səhifələrini əks etdirən videoçarxın nümayişindən sonra çıxışlar başladı.

“Azərbaycan teatrı – 150: üç əsrdən keçən teatr” mövzusunda çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli milli dramaturgiya, aktyor sənəti və rejissorluğun inkişaf tendensiyasını, teatrda bəstəkar və rəssam işinin, teatrşünaslıq elminin yaranma tarixini vərəqlədi.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə “Azərbaycan teatrı: uzaq proqnoz (xəyali gəzişmələr)” adlı çıxışında təxminən 10 ildən sonra teatrımızın dünya mədəniyyət arenasındakı yerinə dair ürəkaçan fikirlər səsləndirdi.

Məryəm xanımın xoş təəssürat yaradan proqnozları Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Yeni dram, yeni dramaturgiya” məruzəsində qaldırılan məsələlər bu gün həll olunduqda daha tez gerçəkləşə bilər.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadənin “Azərbaycan teatrı: hava və su” adlı məruzəsi isə ötənlərdən və olacaqlardan asılı olmayaraq, teatrın içində və teatr anlayışının alt qatında gizlənən anlamlara aydınlıq gətirmək niyyətli çıxış idi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Azərbaycan teatrının sosioloji mənzərəsi: problemlər, perspektivlər” adlı məruzəsində toplum içində teatra münasibəti konkret faktlar, statistik göstəricilər müstəvisində təhlil etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov isə “Köhnə teatr və təzə bazar: menecment və marketinq strategiyası” mövzusunda danışdı.

Mədəniyyət Nazirliyi Teatr sektorunun əməkdaşı Nəsibə Əsgərova çıxışlarda qeyd olunan məsələlərə dair fikirlərini konfrans iştirakçıları ilə bölüşdü.

 

Gülcahan Mirməmməd

Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.2.