Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (89)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
2000-ci il 2 fevral
Prezident Heydər Əliyev Respublika Sarayında (indiki
Heydər Əliyev Sarayı) Azərbaycan Gəncləri
Gününə həsr edilmiş bayram gecəsində
iştirak edib.
2000-ci il 4 fevral
Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 55
illik yubileyi münasibətilə təbrik edib.
Xalq artisti, xanəndə Əlibaba Məmmədovun
“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
fərman imzalayıb. Sənətkarı 70 illik yubileyi
münasibətilə təbrik edib.
2000-ci il 9 mart
Xalq artisti, müsəlman Şərqinin ilk peşəkar
balerinası Qəmər Almaszadəyə 85 illik yubileyi
münasibətilə təbrik məktubu göndərib.
Milli musiqi sənətinin inkişafındakı xidmətlərinə
görə xanəndə Canəli Əkbərovun
“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
fərman imzalayıb. Xalq artistini 60 illik yubileyi münasibətilə
təbrik edib.
2000-ci il 11 mart
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik
yubileyi üzrə Dövlət Komissiyasının
iclasını keçirib.
2000-ci il 21 mart
Bakıda Novruz bayramı şənliklərində
iştirak edib.
2000-ci il 23 mart
Gürcüstana rəsmi səfəri gedişində
Tbilisidə SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq
Akademiyasının prezidenti Zurab Sereteli ilə
görüşüb. Z.Sereteli Azərbaycan Prezidentinə
Rusiya Rəssamlıq Akademiyasının “Ləyaqət”
qızıl medalını təqdim edib.
2000-ci il 27 mart
Azərbaycan teatr sənətinin
inkişafındakı xidmətlərinə görə Zəroş
Həmzəyevanın “Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında fərman imzalayıb. Xalq artistini 75 illik
yubileyi münasibətilə təbrik edib.
2000-ci il 8 aprel
“Gülüstan” Sarayında Türkdilli Ölkələrin
Dövlət Başçılarının VI Zirvə
görüşündə nitq söyləyib. Sitat:
“Sarsılmaz tarixi tellərlə
bağlılığımızla bərabər, məqsəd
və vəzifələrimizin, həll etdiyimiz problemlərin
oxşarlığı ölkələrimizi və
xalqlarımızı birləşdirən güclü
amildir...”.
2000-ci il 9 aprel
Respublika Sarayında “Kitabi-Dədə Qorqud”
dastanının 1300 illiyinə həsr olunmuş mərasimdə
nitq söyləyib. Mərasimdə türkdilli ölkələrin
başçıları, yüksək nümayəndə heyətləri
iştirak ediblər.
“...Bu yubiley bizim üçün, bütün Türk
dünyası üçün, bəşər mədəniyyəti
üçün müstəsna əhəmiyyəti olan tarixi
bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə,
milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə,
elmimizə, xalqımızın çoxəsrlik tarixinə
olan hörmət, ehtiram bayramıdır.
Son üç il ərzində Azərbaycanda “Kitabi-Dədə
Qorqud” irsinin öyrənilməsi, tədqiq edilməsi, təbliğ
olunması sahəsində böyük işlər
görülmüş və bunlar “Kitabi-Dədə Qorqud”u
bizim xalqımıza, türkdilli xalqlara tanıtmış və
onun nə qədər zəngin sərvət olduğunu
bütün dünyaya nümayiş etdirmişdir...
Biz öz tarixi köklərimizi, milli-mədəni
irsimizi bir daha dərk etməyə başladıq. Artıq biz
dərk edirik ki, Azərbaycan xalqı, bütün türkdilli
xalqlar dünya sivilizasiyasına nə qədər
böyük töhfələr vermişlər. Bunların
içərisində “Kitabi-Dədə Qorqud”un xüsusi yeri
vardır. “Kitabi-Dədə Qorqud” bizim ana
kitabımızdır. Dədə Qorqud bizim ulu
babamızdır, əcdadımızdır. Biz fəxr edirik
ki, “Kitabi-Dədə Qorqud” kimi tarixi abidəmiz vardır, fəxr
edirik ki, “Kitabi-Dədə Qorqud” kimi ulu əcdadımız
vardır. “Kitabi-Dədə Qorqud” xalqları, millətləri
daim birliyə, sülhə dəvət edibdir. 1992-ci ildə
Türkdilli Dövlətlər Birliyinin yaranması Dədə
Qorqud vəsiyyətlərinin yerinə yetirilməsinin parlaq
nümunəsidir.
“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyini təntənəli
bayram edərək, onun bu vəsiyyətlərinə sədaqətimizi
bildiririk və bəyan edirik ki, Azərbaycan xalqı müstəqillik
yollarında qarşıda duran bütün ağır və
çətin məsələlərin həll edilməsində
daha da bir, daha da əlbir olacaqdır və daim irəliyə
doğru gedəcəkdir...
“Kitabi-Dədə Qorqud” yubileyinin ən böyük mənası,
əhəmiyyəti ondan ibarətdir ki, bu, bizim milli
azadlığımızı bir daha nümayiş etdirir.
“Kitabi-Dədə Qorqud” vəsiyyətləri bizə deyir ki,
müstəqillik yolu ilə getmək, Azərbaycanın
dövlət müstəqilliyini əbədi etmək bizim hər
birimizin qarşısında duran ali məqsəddir...”
***
Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə
birgə Bakı Türk şəhidliyinin və xatirə abidəsinin
açılış mərasimində iştirak edib.
“...Son iki gündə Azərbaycanda tarixi hadisələr
baş verir. Türkdilli dövlətlər birliyinin VI zirvə
görüşü Bakıda keçirildi... Bu gün
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyini bir yerdə
təntənəli bayram kimi qeyd etdik.
Bu da təsadüfi deyildir. Çünki biz – türk
xalqları, türkdilli xalqlar bir kökə, bir dilə, eyni
dinə, bir milli adət-ənənəyə mənsubuq. Bizim
bu köklərimiz o qədər dərindir ki, 1300 il bundan
öncə bizim bütün xalqlarımızın ulu
babası olan “Dədə Qorqud”un dastanını indi yenidən
oxuyuruq, yenidən dərk edirik... Dədə Qorqud da həmişə
deyibdir ki, bir olun, əl-ələ verin. Nə qədər bir
olsanız, əl-ələ versəniz, o qədər də
uğurlu, o qədər də qalib olacaqsınız...
...Burada, azərbaycanlıların qədim
torpağında yadellilər hökm sürmək istəyirdilər,
Azərbaycanı, Bakını öz əllərinə
keçirmək istəyirdilər. O vaxt döyüşlərdə
bizə yardım etməyə gələn türk ordusunun qəhrəman
oğulları olmuşdur... İndi biz 1918-ci ildə şəhid
olmuş türk əsgərlərinin məzarları üzərində
abidə ucaltmışıq. Burada həm türk əsgərlərinin, həm də
Azərbaycan qəhrəmanlarının məzarları bir
yerdədir...”.
***
“Dədə Qorqud” dastanının 1300 illik yubileyi
şərəfinə “Gülüstan” Sarayında rəsmi qəbulda
nitq söyləyib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.5.