100 yaşlı “Zaqatala”
Bu il bölgə mətbuatında özünəməxsus
dəst-xətti ilə seçilən “Zaqatala” qəzetinin 100
illiyidir. 1923-cü ildə “Zaqatala kəndçisi” adı ilə
fəaliyyətə başlayan mətbu orqanın zəngin tarixi
var.
Qəzetin 100 illiyi münasibətilə dekabrın
19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində tədbir
keçirilib. Tədbirdə rayon rəhbərliyi, qəzetin əməkdaşları,
media nümayəndələri, ziyalılar iştirak ediblər.
Əvvəlcə mərkəzin foyesində qəzetin ötən
dövrdəki fəaliyyətini əks etdirən sərgiyə
baxış olub.
“Zaqatala” qəzetinin redaktoru Əməkdar mədəniyyət
işçisi İbrahim İbrahimovun “Bir əsrlik salnaməçilik
yolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, qəzet
müxtəlif illərdə fərqli adlarla
çıxıb, 1991-ci ildən “Zaqatala” adı ilə nəşr
edilir. Qəzet fəaliyyət göstərdiyi illər ərzində
4 dəfə əlifba, 3 dəfə çap
texnologiyasını dəyişib.
“Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov,
Qax rayonunda çıxan “Şəlalə” qəzetinin
redaktoru Xavər Əfəndiyeva, Zərdabda nəşr olunan
“Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, qəzetin
yazarlarından Həşim İsmayılov
çıxış ediblər.
Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə qəzetin
rayonun ictimai-siyasi və mədəni həyatındakı
rolunu xüsusi vurğulayıb, kollektivə təbriklərini
çatdırıb.
Sonda kollektivə rayon İcra Hakimiyyətinin fəxri
fərmanı təqdim olunub.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.4.