Salyanda Qulu Əsgərovun
xatirə gecəsi
Salyan rayon Mədəniyyət Mərkəzi və
şəhər klublarının birgə təşkilatçılığı
ilə unudulmaz xanəndə, bəstəkar və pedaqoq Qulu
Əsgərovun (1928–1987) anadan olmasının 95 illik yubileyi
münasibətilə xatirə gecəsi təşkil olunub.
Tədbirdə sənətkarın yaxınları,
ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri
iştirak ediblər. Əvvəlcə sənətkarın məzarı
ziyarət olunub.
Tədbirdə qeyd olunub ki, Qulu Əsgərov muğam
dəsgahlarını yüksək peşəkarlıqla və
ən incə cizgilərlə dinləyiciyə
çatdıra bilirdi. Yaradıcı xanəndə olan
Q.Əsgərov xalq arasında dillər əzbəri olan bir
sıra mahnı və təsniflərin müəllifidir. Onun
lent yazıları AzTV-nin “qızıl fond”unda qorunur. Xanəndə
uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında solist kimi çalışaraq muğam
operalarında yaddaqalan obrazlar yaradıb. Bunların
sırasında Zeyd, Məcnun, İbn Salam, Kərəm,
Aşıq Qərib, Şah İsmayıl kimi baş
rolları göstərmək olar.
Q.Əsgərov eyni zamanda pedaqoq kimi Azərbaycan
Dövlət İncəsənət İnstitutunda (indiki
ADMİU) Muğam kafedrasının baş müəllimi və
müdiri vəzifələrində çalışıb,
xanəndəlik sənəti üzrə gənclərin
yetişdirilməsinə öz töhfəsini verib.
Bədii hissədə vaxtilə xanəndənin
repertuarında yer almış mahnılar ifa olunub. Konsertlərinin
lent yazıları və Kürçaylı Məmmədovun
“Əziz dostum”a gedən yol” filmi nümayiş etdirilib.
Sonda sənətkarın oğlu Rahab Əsgərov
çıxış edərək atası haqqında xatirələrini
bölüşüb, tədbir iştirakçılarına
təşəkkürünü bildirib.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.4.