Bizi “Şuşadan
İtaliyaya” aparan yolun yeni yolçuları
Hər günü zövqoxşayan musiqilərlə
süslənən Azərbaycan Vokalçıları III Beynəlxalq
Festivalı (15–22 dekabr) bizləri yeni səslərlə də
tanış etdi.
Dekabrın 18-də Bülbülün memorial muzeyində
keçirilən “Şuşadan İtaliyaya” adlı konsert
proqramında Əməkdar artist Ramil Qasımovun
yaratdığı Bülbül vokal məktəbinin tələbələri
çıxış etdilər.
Gənc vokalçılar Üzeyir Hacıbəylinin
“Arşın mal alan” əsərindən Asyanın
mahnısı və Gülçöhrənin naləsini, Asəf
Zeynallı, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman
Ələsgərov və Səid Rüstəmovun mahnı və
romanslarını, xalq mahnılarını ifa etdilər.
Proqrama Avropa bəstəkarlarının əsərləri də
daxil edilmişdi. Ernesto de Kurtis, Ciovanni Bonocini, Şarl-Kamill
Sen-Sans, Georq Friderix Hendel kimi müəlliflərin kiçik həcmi
vokal əsərlərini gənc ifaçıların səsindən
dinləmək xoş oldu.
Konsertmeyster Aygün Muradovanın müşayiəti
ilə çıxış edən Şaban Cəfərov,
Mehdi Niftəliyev, Amil Nuri, Nəzrin Mansırlı,
Ərşad Heydərov, İbrahim Quliyev, Aytac Nəsibova, Fidan
Sultanova, Elşən Məmmədov, Kənan Sultanov, Parsa
Khaev, Lalə Namazova, Əli Vahidov, Gülüm Salimova, Nuray Qəmbərzadə
və Günay Məmmədovanın səsinin tezliklə daha
böyük səhnələrdən eşidəcəyimizə
ümidliyik.
…Təxminən bir əsr öncə Azərbaycandan,
Şuşadan ali vokal təhsili almaq üçün ilk
cığır açıldı: sonradan milli vokal sənətinin
istiqamətini müəyyən edəcək, Azərbaycan bəstəkarlarını
romans, opera yazmağa həvəsləndirəcək
Bülbül bu yolla İtaliyaya getdi və qayıtdı…
…Əgər bu gün Azərbaycan vokal məktəbinin
yetirmələri opera ifaçılığının “Məkkə”si
sayılan İtaliyada təkcə təhsil almır, həm də
bütün Avropa səhnələrini öz istedadları ilə
fəth edirlərsə, Şuşadan İtaliyaya aparan
yolları gedənlərimiz çox olacaq.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.5.