“Vətən daşı... və ya 44 günün dastanı”

 

Ağcabədili şəhidlər haqqında sənədli filmlərin təqdimatı

 

Dekabrın 20-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasının “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunub. Filmlər Vətən müharibəsində həlak olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir. Ağcabədi rayonunda dünyaya gələn bu igidlər 44 günlük Zəfər yolunun şəhid yolçularıdır.

Şəhid ailələri üzvlərinin də iştirakı ilə keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı aktrisa Zülfiyyə Eldarqızı bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika “Xatirə Kitabı” redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Kitabda İkinci Dünya müharibəsi, 20 Yanvar faciəsi, Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də ötən əsrin 80-ci illərində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş şəxslər, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqqında materiallar dərc edilir. “Xatirə Kitabı” redaksiyasının “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından kitablar da hazırlanaraq çap olunur.

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, təqdimatı keçirilən filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış etdilər.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Respublika “Xatirə Kitabı”nın iyirmiyə yaxın cildi çap olunub. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. Çıxışlarda “Xatirə Kitabı” redaksiyasının “Vətən daşı... və ya 44 günün dastanı” layihəsinin əhəmiyyəti də vurğulanıb.

Sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov (Ağcabədi rayonunun Şərəfxanlı kəndində doğulub), Dəyanət Əliyev (Ağcabədi rayonunun Hacıbədəlli kəndi), Toğrul Abbasov (Ağcabədi rayonunun Hacıbədəlli kəndi) və Məhəbbət Quliyevin (Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi) şərəfli həyat və döyüş yolunu əks etdirən filmlər nümayiş olunub.

 

Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.4.