İki zirvənin
fatehi – alim və müəllim
Akademik Feyzulla Qasımzadənin 125 illiyinə həsr
olunmuş tədbir
AMEA, Azərbaycan Yazıçılar Birliyi (AYB) və
AYB Ədəbiyyat Fondunun birgə təşkilatçılığı
ilə Əməkdar elm xadimi, Əməkdar müəllim,
akademik Feyzulla Qasımzadənin (1898–1976) anadan olmasının
125 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin
fatehi – alim və müəllim” mövzulu tədbirdə
çıxış edən AYB Ədəbiyyat Fondunun
direktoru Varis Yolçuyev görkəmli alimin mənalı
ömür yolundan danışıb.
AYB-nin birinci katibi Xalq yazıçısı
Çingiz Abdullayev akademik Feyzulla Qasımzadənin zəngin
milli elmi kadrların hazırlanması sahəsindəki xidmətlərindən
bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə
30 elmlər doktoru, 120-dən çox elmlər namizədi
yetişdirilib.
Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı
bildirib ki, F.Qasımzadə Azərbaycan ədəbiyyatı
tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı
tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində
və təbliğ olunmasında müstəsna xidmətlər
göstərib. O, ədəbiyyatşünas
alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını
sistemləşdirərək ali məktəblər
üçün dərslik hazırlayan, ədəbiyyatşünas
və tənqidçilər nəsli yetişdirən
böyük bir pedaqoq idi.
Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin
direktoru akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə
Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat
tarixçisi kimi tanınan ilk alimlərdən biridir. XIX əsr
Azərbaycan ədəbiyyatının tədqiqi bilavasitə
onun adı və fəaliyyəti ilə bağlıdır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru akademik Teymur Kərimli isə
çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas
alim kimi ədəbiyyat tariximizdə müstəsna yer
tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar
üzərində işləyən görkəmli alim həmin
dövr Azərbaycan ədəbiyyatının nümayəndələri
ilə ünsiyyətdə olmuş şəxslərdən
dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq
sanballı əsərlər ortaya çıxarıb.
Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov,
filologiya elmləri doktorları Təyyar Salamoğlu, Yeganə
İsmayılova və başqaları Feyzulla Qasımzadənin
Azərbaycan ədəbiyyatı tarixinin
araşdırılmasında və təbliğindəki xidmətlərindən
danışıblar.
Sonda mərhum alimin qızı Nigar Qasımzadə və
nəvəsi biologiya elmləri doktoru Tubuxanım Qasımzadə
akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən
ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlıqlarını
bildiriblər.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.7.