Tariximizə xitab edən
sənətkar
Heykəltaraş Görüş Babayevin 80 illiyi
münasibətilə sərgisi açılıb
2014-cü ildə ondan qəzetimiz üçün
müsahibə almış, söhbətimizə “Səmaya
boylanan rənglər” adını vermişdim. Təxminən
9 il sonra, dekabrın 19-da Azərbaycan Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına sərgi
salonunda 80 illik yubileyinə həsr edilən sərgisinin
açılışındayam.
Heykəltaraş, Əməkdar rəssam
Görüş Babayevin (Görüş Nurəddinoğlu) rənglər
dünyası sanki bir musiqidir, melodiyadır. Həzin ladlar kimi
bir-birini izləyir bu rəng dünyası. Qocaman rəssamın
rənglərə məxsusi münasibəti, rəng duyumu bəlkə
də uşaqlıqdan musiqi təhsili alması ilə
bağlıdır.
Açılışdan əvvəl sərgi məkanını
gəzirəm. Rəssamlar haqqında deyilmiş fikirləri
xatırlayıram. Onlar mühiti başqalarına nisbətən
daha incə hiss edirlər. Fırçanın sahibinə
verdiyi azadlığı həyatında ən azı bir dəfə
əlinə fırça almış insanlar daha yaxşı
anlayar, məncə. Müasir rəssamların bəziləri
rəsm çəkmək həvəsini meditasiya forması
adlandırır, digərləri üçün bu,
emosiyaları ifadə etmək, bəzilərinə görə,
peşəkar vəzifələrin öhdəsindən daha
yaxşı gəlmək üçün bir üsuldur. Amma
gerçəklik budur ki, əsl sənət müəllifinin
həyatında mühüm rol oynayır, insanları
düşündürür...
Məni bu düşüncələrdən Xalq rəssamı,
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad
Xəlilovun səsi ayırır. Budur, artıq sərginin
açılış mərasimi başlanır.
Fərhad müəllim qonaqları salamladı.
Görüş Babayevlə hələ tələbəlik illərindən
dostluq etdiklərini dedi. O, həmkarını yubileyi
münasibətilə təbrik etdi, yaradıcılıq
uğurları arzuladı.
ADA Universitetinin rektoru professor Hafiz Paşayev yubiley sərgisi
münasibətilə Görüş Babayevi təbrik etdi, onunla
uzun illərdir dostluq etdiklərini diqqətə
çatdırdı. Rektor “Dədə Qorqud” heykəlinin
hazırlanması ilə bağlı apardıqları fikir
mübadiləsini, müxtəlif birgə layihələri barədə
söz açdı, ADA Universitetinin Qazax bölməsinin həyətində
heykəltaraş tərəfindən Firidun bəy
Köçərli və onun həyat yoldaşı Badisəba
xanımın heykəllərinin ustalıqla
yaradıldığını dedi.
Millət vəkili akademik Rafael Hüseynov ilin sonuna
yaxın bayramın bayrama qarışdığını
bildirdi: “Rəssam, bəstəkar, şair gözəllik
yaradanda dünyanı daha da gözəl edirlər.
Görüş müəllimin müxtəlif illərdə
yaratdığı əsərlər bir yerə toplanıb il
ayrıcında seyrçilərə təqdim olunursa, bu da bir
bayramdır. 2023-cü il başa çatır. İl
ayrıcında, qəribə də olsa, insan həm
keçmişə, həm də gələcəyə baxmaq
istəyir. Görüş müəllimin daxili dünyası
yaratmaq eşqi ilə dolu olduğu üçün o, 80
yaşında da gəncdir və həmişə gələcəyə
baxır...”.
Görüş Babayevin Azərbaycan heykəltaraşlığındakı
rolu barədə danışan akademik dedi: “Azərbaycanlılar
istedadlı xalqdır və o istedadlardan birinin ünvanı da
Görüş Babayevdir. Onun sənətə gəlişi təbii
idi, qandan gələn bir məsələ idi. Biz 70-ci illərdə
tələbə olarkən əl-əl gəzən kitablar var
idi: yazıçı-jurnalist Nurəddin Babayevin kitabları.
Onun kitablarında gəncliyə nəsihətlər var idi. O,
Azərbaycan gəncliyinə necə vətəndaş
olmağı öyrədirdi. Həmin bu tərbiyəni evdə
övladlarına da verirdi. Görüş Babayev hələ
yeniyetmə çağlarından bu tərbiyədən irəli
gələrək öz şəxsiyyəti, öz sənəti
ilə incəsənətdə yeri olan bir insana çevrilə
bildi. Onun yaratdığı əsərlərin böyük
bir hissəsi məhz Azərbaycan tarixi ilə
bağlıdır. Bu gün bu əsərləri izləyərkən
hər birində duyğusallıq hiss olunur. Heykəltaraşlığındakı
plastika, xırda cizgilərə qədər getmək prinsipi rənglərə
olan hisslərindən irəli gəlir. O, şeir də
yazır, rəsm də çəkir, ruhunun ifadəsi olan
bütöv kompozisiyalı heykəllər də yaradır.
Biz heykəltaraşlıq sənətimizdə
Görüş Babayev məktəbinin də qədrini bilməliyik.
Ənənə itmədən gələcək zamanlara
ötürülməlidir...”.
Xalq rəssamı Fuad Salayev də yubilyar sənət
dostuna təbriklərini çatdırdı.
Yubilyar heykəltaraş çıxış edərək
sərgiyə qatılan hər kəsə minnətdarlığını
bildirdi. Ən böyük arzusu isə belə oldu: “10 ildən
sonra burada iştirak edən hər bir kəslə bərabər
90 illiyimlə bağlı sərgimdə görüşmək
arzusu ilə”.
Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə
Görüş Babayevin 50-yə yaxın heykəltaraşlıq
və rəngkarlıq nümunəsi sənətsevərlərin
ixtiyarına verilib.
Sərgi dekabrın 29-dək ziyarət
üçün açıq olacaq.
Qeyd edək ki, Görüş Babayev 17 fevral
1943-cü ildə Bakıda anadan olub. 12 nömrəli Musiqi məktəbində
(fortepiano sinfi) oxuyub. 1959-cu ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin
Heykəltaraşlıq şöbəsinə daxil olub. Məktəbi
bitirdikdən sonra təhsilini Leninqrad (Sankt-Peterburq) Rəssamlıq
Akademiyasının Monumental heykəltaraşlıq fakültəsində
davam etdirib. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun
rəhbərliyi altında yaradıcılıq
emalatxanasında çalışıb.
Onun əsərləri sırasına Mirzə Şəfi
Vazehin Gəncədə ucaldılan abidəsi, Bakıda “Dədə
Qorqud”, Türkiyənin Ərzurum şəhərində “Arfa
çalan qız”, Sumqayıtda “Nizami Gəncəvi”, “20 Yanvar
şəhidlərinə abidə” və başqalarını
qeyd edə bilərik. Nizami Gəncəvinin Rusiyanın
Sankt-Peterburq şəhərində ucaldılan heykəlinin də
müəllifi Görüş Babayevdir.
Görüş Babayev 10 il Türkiyədə heykəltaraşlıqdan
dərs deyib və “Türkiyə yuxuları” silsiləsindən
əsərlər işləyib.
L.Azəri
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.5.