“Xəttin şifrəsi”
Azərbaycan xalça sənətinə həsr olunan
kitabın təqdimatı
Dekabrın 20-də Milli Xalça Muzeyində
xalçaçı rəssam, professor Məmmədhüseyn
Hüseynovun “Xəttin şifrəsi” kitabının birinci
cildinin təqdimatı keçirildi. Kitab Mədəniyyət
Nazirliyinin dəstəyi ilə nəşr olunub.
Tədbirin aparıcısı Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi çıxış edərək
milli rəssamlıqda və klassik poeziyada xətt,
naxış, rəsm sənəti haqqında
danışdı, kitabla bağlı fikirlərini
bölüşdü. Bildirildi ki, kitabda xalçalarda nöqtə
və xətt anlayışlarından, bu həndəsi elementlərin
Azərbaycan və digər türkdilli xalqların mifoloji
dünyagörüşünə təsirindən bəhs
olunur. Burada xalçalarla yanaşı, digər dekorativ-tətbiqi
sənət nümunələrini də bəzəyən
nöqtə və xətlərin yaratdığı semantik mənalar
açıqlanıb. Müəllif uzun illər
apardığı araşdırmalar əsasında xətt
anlayışına tarixi-fəlsəfi aspektdən
yanaşaraq onların rəmzi xüsusiyyətlərini
göstərib.
Millət vəkili Cavanşir Feyziyev dedi ki, Məmmədhüseyn
Hüseynov tədqiqat əsərində xəttin incəsənətimiz
üçün sıradan bir element olmadığını
elmi baxımdan əsaslandırıb. O, həmçinin müəllifin
“Pazırıq” xalçası ilə bağlı
araşdırmasını, bu məlumatın dünya dillərinə
tərcümə olunaraq türk xalqlarına məxsusluğunu
sübuta yetirməsini yüksək qiymətləndirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Fazil Mustafa bildirdi ki, “Xəttin şifrəsi” kitabında
xalça sənətimizlə etnoqrafiyamızın
ayrılmaz tellər kimi bir-birinə
bağlılığı zəngin illüstrativ nümunələrlə
təsdiq olunur. Bu nümunələrin əsas qismi Milli
Xalça Muzeyinin eksponatlarından ibarətdir. Müəllif
xətt anlayışının fəlsəfi məqamlarını,
inanclardan qaynaqlanan rəmzlərini, qədim
palazlarımızda, xalçalarımızda və bu kimi digər
nümunələrdə göstərməklə milli mədəni
irsimizin zənginliyinə də diqqəti yönəldib.
Kitabın rəyçisi, Milli İncəsənət
Muzeyinin direktoru Şirin Məlikova, Dövlət Rəssamlıq
Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev
müəllifi təbrik edərək bildirdilər ki, ilk cilddə
müəllif nöqtədən xəttə, xətdən
kompozisiyaya qədərki məqamlara diqqət çəkib.
Xalq rəssamı Aydın Rəcəbov, millət vəkili
Sabir Rüstəmxanlı, professor Qəzənfər
Paşayev, Əməkdar incəsənət xadimi Ziyadxan
Əliyev kitabın əhəmiyyətini vurğuladılar.
Qeyd olundu ki, kitab müəllifin böyük zəhməti və
geniş tədqiqatçılıq təcrübəsi sayəsində
ərsəyə gəlib. Əsrlərlə Azərbaycanın
mədəni irsini zənginləşdirən bu sənətin
əlifbası xalqımızın tarixini,
dünyagörüşünü, həyat fəlsəfəsini
özündə əks etdirən naxışdır. Təbiətin
ünsürlərini, canlı və cansız
varlıqlarını ifadə edən təsvir növü
kimi naxış sənəti stilizənin ən mücərrəd
təzahürüdür. “Xəttin şifrəsi” kitabı gələcək
tədqiqatçılar üçün dəyərli mənbə
rolunu oynayacaq.
Sonda çıxış edən müəllif,
Əməkdar rəssam Məmmədhüseyn Hüseynov
qonaqlara və kitabın ərsəyə gəlməsinə dəstək
olan qurumlara minnətdarlığını bildirdi.
Lalə Azəri
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.3.