Nizami Gəncəvini
onun çəkdiyi portretlə tanıyırıq
“Molla Nəsrəddin” dərgisi sənətdə ilk məktəbi
olmuşdu...
Təsviri sənət tariximizdə parlaq iz qoyan sənətkarlardan
biri də Xalq rəssamı Qəzənfər Xalıqovdur. O,
rəngkarlıq və qrafika, teatr dekorasiyası və kino rəssamlığı,
eləcə də monumental boyakarlıq sahəsində dəyərli
sənət nümunələri yaradıb. Şair və
yazıçıların əsərlərinə
illüstrasiyalar çəkib. Bütün bunlarla bərabər
o, ilk dəfə dünyaşöhrətli Azərbaycan
şairi Nizami Gəncəvinin portretini yaradıb. Onun
yaradıcılıq təxəyyülünün məhsulu
olan bu əsərdən sonra dahi şairin onlarla portreti
yaradılıb və heykəli qoyulub. Görkəmli
fırça ustasını anadan olmasının 125 illiyi
münasibətilə yada saldıq.
Qəzənfər Ələkbər oğlu Xalıqov
16 dekabr 1898-ci ildə Bakının Qobu kəndində
dünyaya göz açıb. Erkən çağlardan təsviri
sənətə maraq göstərir. Atası onun təlim-tərbiyəsinə
diqqətlə yanaşır, şəhərdəki “Səadət”
məktəbinə qoyur. Qəzənfər təhsilini
başa vurduqdan sonra Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinə qəbul olunur. Burada M.Gerasimovdan sənətin
sirlərini öyrənir. 1928-ci ildə məzun olduqdan sonra
müstəqil rəssamlıq fəaliyyəti göstərir.
Cəlil Məmmədquluzadənin dəvəti ilə
“Molla Nəsrəddin” jurnalında karikaturalar dərc etdirir. Rəssam
C.Məmmədquluzadə ilə tanışlığı,
jurnalla əməkdaşlığı barədə xatirələrində
yazır: “Atam “Molla Nəsrəddin” jurnalına abunəçi
idi. Onun hər nömrəsi mənim üçün
toy-bayrama çevrilirdi. Birinci növbədə jurnalın
böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici
şəkillərinə baxmaqdan doymazdım. 1924-25-ci illərdə
“Gənc işçi” qəzetində rəssam işləyirdim.
Bir gün işə gələndə mənə dedilər
ki, səni “Molla Nəsrəddin” jurnalına
çağırırlar. Getdim, çox
sıxıldığımı görən Mirzə Cəlil
dedi ki, cavan rəssamsan, gəl bizim jurnalda da qələmini
işlət. Dedim ki, sizin jurnalda işləmək
üçün kifayət qədər təcrübəm
yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi:
“Hamı əvvəl təcrübəsiz olur. Heç kəs
birdən-birə böyük rəssam olmayıb.
Görürsən, bu saat bizim rəssamlarımız azdır.
Gərək cavanlardan təzə-təzə rəssamlar
yetişsin”. Mirzə Cəlil məni işə həvəsləndirdi.
Çox keçmədi jurnalın əsas rəssamlarından
biri oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni
nağıl edir, ya da materialı verirdi. Deyirdi oxu, bunun əsasında
karikatura çək. Şəkil hazır olanda Mirzə onu
diqqətlə nəzərdən keçirərdi. Bəzən
də göstərişlər verər və yenidən
işlədərdi...”.
“Molla Nəsrəddin” dərgisi Qəzənfər
Xalıqov üçün böyük bir məktəb olur,
onda satiraya xüsusi meyil oyadır.
Rəssam gənc yaşlarından rəngkarlıq sahəsində
uğurlu addımlar atır. “Qadınlar şöbəsi”,
“Firdovsinin dəfni”, “Çoban Cümşüdün portreti”,
“Həyat yoldaşının portreti” və başqa əsərlər
maraqla qarşılanır. Araşdırmalarda qeyd edilir ki,
1939-cu ildə dahi Azərbaycan şair və mütəfəkkiri
N.Gəncəvinin bədii obrazının yaradılması ilə
bağlı müsabiqə elan olunur. Müsabiqədə
Q.Xalıqovla bərabər Xalq rəssamları Kamil Xanlarov,
Tağı Tağıyev, Əməkdar incəsənət
xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov
və başqaları da iştirak edirlər. Müsabiqəyə
Rusiya və Gürcüstandan da 30-dək portret təqdim
olunur. Ancaq Q.Xalıqov müsabiqənin birinci mərhələsində
iştirak etmir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində
hazırladığı portret müsabiqəyə təqdim
edilir və birinciliyə layiq görülür.
Məşhur şərqşünas və Nizami irsinin
araşdırıcısı akademik Yevgeni Bertels portret
haqqında deyib: “Portret şairin tarixi obrazına uyğundur və
Nizami belə görünüşə malik ola bilərdi”.
Qeyd olunur ki, şərqşünas Y.Bertles, filosof Heydər
Hüseynov və ədəbiyyatşünas Həmid Araslı
öz elmi məsləhətləri ilə bu portretin ərsəyə
gəlməsində rəssama yaxından kömək ediblər.
Təsadüfi deyil ki, artıq 80 ildir Azərbaycan xalqı ilə
yanaşı, beynəlxalq ictimaiyyət də böyük
Nizamini məhz Q.Xalıqovun yaratdığı obrazla
yaddaşına həkk edir.
Rəssam qrafika sahəsində də uğurlu əsərlərə
imza atıb. Müstəqil qrafika işləri və kitab
qrafikası sahəsində yaratdığı sənət
nümunələri tamaşaçı marağına səbəb
olub. Görkəmli sənətkarın “Koroğlu”,
“Koroğlu at belində”, “Xaqani Şirvani”, “Xaqani zindanda”, “Məhəmməd
Füzuli” adlı qrafik portretləri tamaşaçıya
estetik zövq bəxş edir. Q.Xalıqov şair və
yazıçılarımızın əsərlərinin
süjetləri əsasında illüstrasiyalar çəkib.
Eyni zamanda kitabların bədii tərtibatını
hazırlayıb. M.Seyidzadənin “Nərgiz” poemasına, N.Gəncəvinin
“Xosrov və Şirin”, “İsgəndərnamə”
poemalarına çəkdiyi illüstrasiyaları, eləcə
də Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”,
Ə.Vahidin “Qəzəllər”, S.Rəhimovun “Aynalı”,
A.Şaiqin “Qoçpolad”, S.Vurğunun “İstiqbal təranəsi”
kitablarına verdiyi bədii tərtibat diqqəti cəlb edib.
Teatr dekorasiyası və kino rəssamlığı
sahəsində fəaliyyət göstərən Q.Xalıqov
Ü.Hacıbəylinin “Koroğlu”, R.Qlierin “Şahsənəm”
operalarına bədii tərtibat verib, həmçinin “Sehrli
xalat” və “İstintaq davam edir” filmlərinin geyim eskizlərini
yüksək zövqlə hazırlayıb. O, plakat sahəsində
də özünü sınayıb. “Molla Pənah Vaqif”
plakatı bu mənada diqqətəlayiq nümunələrdəndir.
Bir müddət “Kirpi” jurnalında da fəaliyyət
göstərmiş sənətkarın “Firdovsinin dəfni” və
“Nizaminin portreti” əsərləri bu gün Azərbaycan Milli
İncəsənət Muzeyinin daimi ekspozisiyasını bəzəyir.
Yaradıcılığı yüksək qiymətləndirilən
rəssam 1940-cı ildə “Əməkdar incəsənət
xadimi”, 1973-cü ildə “Xalq rəssamı” fəxri
adlarına layiq görülüb, bir sıra ordenlərlə
təltif edilib.
Təsviri sənət salnaməmizi diqqətəlayiq əsərlərlə
zənginləşdirən Qəzənfər Xalıqov 1 mart
1981-ci ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn
olunub.
Savalan Fərəcov
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.7.