Vokalçılar
festivalının konsertləri
Azərbaycan Vokalçıları III Beynəlxalq
Festivalının daha bir konserti dekabrın 18-də Bəstəkarlar
İttifaqının təşkilatçılığı
ilə Beynəlxalq Muğam Mərkəzində keçirildi.
Müasir Azərbaycan bəstəkarlarının indiyədək
səslənməmiş əsərlərinin ifa olunduğu
musiqi axşamında solistləri Xalq artisti Fəxrəddin Kərimovun
rəhbərliyi altında Qara Qarayev adına Dövlət
Kamera Orkestri müşayiət edirdi.
Konsert proqramında bəstəkarlar – Xalq artistləri
Elnarə Dadaşova və Sərdar Fərəcovun, eləcə
də Tahir İbişov, Fərid Fətullayev, Tural Məmmədli,
Qumru İmamverdiyev, Elvin Quliyev və başqalarının
vokal əsərləri səsləndi.
Xalq artisti Samir Cəfərov, Əməkdar artist Səidə
Şərifəliyeva, ifaçılar İsmayıl Zeynalov, Mələk
İsrafilova və Atəş Qarayevin ifaları yeni səslənən
əsərlərə xüsusi gözəllik bəxş
etdi.
Konsertin sonunda layihənin bədii rəhbəri Əməkdar
artist Ramil Qasımov festivalın təşkilinə görə
Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının rəhbərliyinə təşəkkürünü
bildirdi. O, ilk dəfə tamaşaçılara təqdim
olunan əsərlərin musiqi mədəniyyətimizə yeni
töhfə olduğunu vurğuladı, müəlliflərə
təbriklərini çatdırdı.
***
Festivalın beşinci günü (19 dekabr)
dünyaşöhrətli ifaçılar Fidan və Xuraman
Qasımovalara həsr olunmuş “Sənətin
işığında” adlı konsertlə yadda qaldı.
BMA-nın nəzdindəki Opera studiyasındakı
konsertdən öncə tanınmış Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova çıxış edərək
Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan
musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin
inkişafındakı xidmətlərindən, söz
açdı.
Əməkdar artistlər İnarə Babayeva (vokal) və
Zülfiyyə Sadıqovanın (fortepiano) təqdimatında keçirilən
konsert tamaşaçılar tərəfindən böyük
rəğbətlə qarşılandı.
Proqramda A.Falconieri, V.Bellini, N.Rimski-Korsakov, S.Raxmaninov,
F.Loeven, C.Puççini, Ü.Hacıbəyli, Q.Qarayev və
T.Quliyevin yaradıcılığından vokal nümunələr,
sonda isə “Qoy gülüm gəlsin, ay nənə” xalq
mahnısı səsləndi.
Sonda Xalq artisti, professor Xuraman Qasımova səhnəyə
çıxaraq İnarə Babayevanı təbrik etdi, ona təşəkkürünü
bildirərək daha böyük uğurlar arzuladı.
***
Festival çərçivəsində dekabrın
19-da Milli Konservatoriya nəzdindəki Musiqi Kollecində
keçirilən konsert isə görkəmli opera
ifaçısı, SSRİ Xalq artisti Lütfiyar İmanovun
xatirəsinə həsr olunmuşdu.
Musiqi Kolleci tələbələrinin ifasında
dünya və Azərbaycan bəstəkarlarının əsərləri,
korifey sənətkarın repertuarında geniş yer tutan vokal
nümunələri səsləndirildi.
Lalə
Həmidə
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.5.