Milli Kitabxananın
100 illiyi Ankarada qeyd edilib
Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi
dekabrın 20-də Ankarada, Türkiyə Milli Kitabxanasında
qeyd edilib.
Əvvəlcə “Azərbaycan Milli
Kitabxanasının nəşrləri” adlı sərginin
açılışı olub.
Tədbiri Türkiyə Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər baş
direktoru, Türkiyə Milli Kitabxanasının rəhbəri
Taner Beyoğlu açıb. O, qardaş ölkənin
nümayəndələrini Türkiyə Milli Kitabxanasında
görməkdən məmnun olduğunu vurğulayıb və
Azərbaycan Milli Kitabxanasını 100 illik yubiley münasibətilə
təbrik edib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim
Tahirov kitabxananın 100 illik yubileyinin Ankarada qeyd olunmasından
məmnunluğunu bildirib. O, iki ölkənin Milli
kitabxanaları arasında əməkdaşlıqdan bəhs edərək
gələcəkdə bir sıra layihələr nəzərdə
tutulduğunu vurğulayıb.
Sonra Azərbaycan Milli Kitabxanası haqqında
videoçarx nümayiş olunub.
Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi
şöbəsinin müdiri tarix üzrə fəlsəfə
doktoru Akif Marifli çıxışında Türkiyə
Milli Kitabxanası ilə mütəmadi olaraq keçirilən
birgə tədbirlər, kitab təqdimatları haqqında
danışıb. Bakıda keçirilən beynəlxalq kitab
sərgilərində hər il qardaş ölkənin fəal
iştirakını qeyd edib.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi
Elçin Qafarlı hər iki ölkənin Milli Kitabxanasına
gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşı
Fidan Bayramova kitabxananın 100 illik yubileyi ilə bağlı
elektron məlumat bazasının təqdimatını edib.
Yubileyə həsr olunmuş “100 illik yol” adlı film və
kitabxananın nəşrləri Türkiyə Milli
Kitabxanasına hədiyyə edilib.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.3.