Ziya Bünyadovun 100
illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
20-21 dekabr tarixlərində AMEA-da akademik Ziya
Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir
Şərq: mənbələr, tədqiqatlar, perspektivlər”
mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun təşkilatçılığı ilə
gerçəkləşən konfransda Azərbaycan, Rusiya,
İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və
Belarusdan alim və mütəxəssislər iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq
elmi konfransın Azərbaycan Prezidentinin bu ilin sentyabrında
imzaladığı “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin
qeyd edilməsi haqqında” sərəncamına əsasən
keçirildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri görkəmli alimin həyat və fəaliyyətindən
söz açıb, onun fundamental tədqiqatları ilə Azərbaycan
şərqşünaslıq və tarix elmlərinin
inkişafına mühüm töhfələr verdiyini
söyləyib.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutundan akademik Vitali Naumkinin
videoçıxışı konfrans
iştirakçılarının diqqətinə
çatdırılıb. Ziya Bünyadovun postsovet məkanında
və onun hüdudlarından kənarda tanınan görkəmli
ərəbşünas olduğunu deyən V.Naumkin onun
Qafqazın, Yaxın Şərqin, Ərəb
dünyasının Orta əsrlər tarixini araşdıran
böyük alim kimi xidmətlərini qeyd edib.
Konfransda “Elmimizin Ziya Bünyadov zirvəsi”, “Ziya
Bünyadov – görkəmli mənbəşünas alim kimi”,
“Mərkəzi Asiyanın mədəniyyət tarixi akademik Ziya
Bünyadovun tədqiqatlarında”, “Ziya Bünyadov və Avropa
fondlarındakı Xarəzm əlyazmaları” və digər
mövzularda məruzələr dinlənilib.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.3.