Alqışlara layiq
“Bülbül vokal məktəbi”
Əslində, başlığa
çıxardığımız Bülbül vokal məktəbi
ifadəsini dırnaq içində yazmaya da bilərdik. Amma səbəb
başqadır: çünki biz bu gün Azərbaycan vokal məktəbinin,
yəni böyük Bülbülün həm vokalçı,
həm də pedaqoq olaraq təməlini qoyduğu məktəbin
davamçılarından, onların uğurlarından deyil, Azərbaycan
Vokalçıları III Beynəlxalq Festivalının
konsertindən söz açırıq.
Dekabrın 20-də festival çərçivəsində
Azərbaycan Dövlət Akademik Filarmoniyasında
“Bülbül vokal məktəbi” adlı növbəti konsert
oldu. Konsertin proqramı bizə xəbər verirdi ki, bu gecə
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının simfonik orkestri, xoru və solistləri
çıxış edəcək. Hələ konsert
başlamamış səhnənin önünü bəzəyən
ağ qızılgüllərdən ibarət gül çələnginin
üstündəki “Polad Bülbüloğludan” yazısı
işarə edirdi ki, Bülbül yadigarı da konsertdə
olacaq.
Yeri gəlmişkən, filarmoniya səhnəsini bəzəyən
böyük, səhnə güzgüsünün sağ və
sol tərəflərini boyaboy tutmuş Azərbaycan vokal sənəti
təmsilçilərinin fotokollajı keçənlərə
ehtiramın, yaşayanlara diqqətin, gələnlərə
isə qayğının təzahürü olaraq
qavranılırdı.
Orkestrin ifaçıları səhnədə öz
yerlərini tutandan, birinci violin alətlərin sazlanmasına nəzarət
edəndən sonra Azərbaycanın Rusiya
Federasiyasındakı səfiri Xalq artisti Polad
Bülbüloğlu səhnəyə çıxdı. Hər
kəsi salamlayaraq “Bülbül vokal məktəbi” adlı
vokal musiqisi konsertinin təşkil olunmasından məmnunluğunu
bildirdi: “Deməli, Bülbülün yaratdığı vokal
məktəbi yaşayır, çalışır, gənclər
bu məktəbdən bəhrələnir. Mən şadam ki,
Yeni il ərəfəsində Ramil Qasımovun
yaratdığı və bədii rəhbəri olduğu
festival var. Ramil Mobil Əhmədovun, Mobil Əhmədov isə
Bülbülün tələbəsi olub. Odur ki, Ramil
Bülbülün vokal sənətindəki mənəvi nəvəsi
onun kimi işini davam etdirir. Bu gün dörd yüz nəfərə
kimi gənc Bülbül vokal məktəbində oxumaq istəyindədir.
Bu hal, məni Bülbülün oğlu, musiqiçi,
keçmiş mədəniyyət naziri kimi çox sevindirir
ki, klassik vokal məktəbinə belə böyük maraq var.
İnanıram ki, bu məktəbdə yeni Bülbüllər,
Rəşid Behbudovlar, Müslüm Maqomayevlər yetişəcək.
Bir daha konsertin təşkilatçılarına dərin təşəkkürümü
bildirir, sizin hamınızı qarşıdan gələn Yeni
il münasibətilə təbrik edir, müvəffəqiyyətlər
arzulayıram”.
Sonra festivalın bədii rəhbəri Əməkdar
artist Ramil Qasımov səhnəyə çıxaraq
ideyasının uğurla gerçəkləşməsində
göstərdiyi dəstəyə görə Mədəniyyət
Nazirliyinə, Akademik Opera və Balet Teatrının rəhbərliyinə
təşəkkür etdi.
Konsertdə ilk ifa olunan əsər Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından uvertüra və “Çənlibel
xoru” oldu. Opera və Balet Teatrının orkestri ilə birlikdə
teatrın xor kollektivi (baş xormeyster Əməkdar incəsənət
xadimi Sevil Hacıyeva) də konsertdə çıxış
edirdi. Dirijor teatrın musiqi rəhbəri
Əməkdar artist Əyyub Quliyev idi.
Sonra bir-birinin ardınca Xalq artistləri Gülnaz
İsmayılova, Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar
artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Fəridə
Məmmədova, Elnarə Məmmədova, Anton Ferştandt,
İnarə Babayeva, solistlər Mahir Tağızadə və
Taleh Yəhyayev Üzeyir Hacıbəyli, baba Müslüm
Maqomayev, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov
və Pikə Axundovanın operalarından ariyalar ifa etdilər.
Konsertin sonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə
həsr olunmuş solistlər, xor və orkestr
üçün “Rekviyem” əsəri səsləndi. Müəllifləri
tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və
şair İlqar Fəhmi olan bu əsərin ilk ifa şərəfi
vokalçıların respublika və beynəlxalq müsabiqələr
laureatı Atəş Qarayevə və Lalə Sultanlıya nəsib
oldu.
***
Azərbaycan Vokalçıları III Beynəlxalq
Festivalı dekabrın 22-də Heydər Əliyev Mərkəzində
“Viva, Puççini!” konsert proqramı ilə başa
çatacaq.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.1;3.