“Qorxma, biz səninləyik!”
Yuli Qusmanın doğma şəhərdə 80 illik
yubiley gecəsi
Yubileylər həmişə uyğun ab-havada qeyd
olunur. Təkcə adının özlüyündə bir
çox mətləbləri əks etdirən bir insanın
yubileyindən söhbət getdikdə isə, burada daha
möhtəşəm tədbirin olacağına
hazırlaşmaq lazımdır.
Dekabrın 19-da Akademik Musiqili Teatrda Azərbaycanın
Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi,
ötən əsrin 60-cı illərinin ŞHK
komandasının əfsanəvi kapitanı Yuli Solomonoviç
Qusmanın tamaşaçılar tərəfindən ayaq
üstə alqışlandığı tədbir də bu qəbildən
idi. O, uzun onilliklərdən sonra yenidən 1976–1984-cü illərdə
bədii rəhbəri olduğu teatrın səhnəsinə
qalxdı.
Təəccüblü deyil ki, məhz burada – Yuli
Solomonoviçin bir vaxtlar çalışdığı
doğma teatrın səhnəsində indi “Qorxma, biz səninləyik!”
tamaşa-konserti nümayiş etdirilir. Tamaşanın əsasını
da yubilyarın quruluş müəllifi olduğu məşhur
film təşkil edib.
Tamaşanın ideya müəllifi yubilyarın
qardaşı, Rusiyanın TASS informasiya agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusman, bədii rəhbəri
teatrın direktoru, Əməkdar incəsənət xadimi
Əliqismət Lalayevdir.
42 il əvvəl çəkilmiş “Qorxma, mən səninləyəm!”
filmi qısa müddətdə milyonlarla
tamaşaçının sevimli ekran əsərinə
çevrilmişdi. Özü də təkcə çoxlu
tryukların olduğu zəngin süjet xəttinə görə
deyil. Rejissor çox gözəl aktyor heyəti
seçmiş, ekranda cəlbedici macəra, bu gün deyildiyi
kimi, Azərbaycan milli koloriti olan müzikl ərsəyə gətirmişdi.
Bütün bunları o vaxt 36 yaşı olan bəstəkar
Polad Bülbüloğlunun film üçün
yazdığı parlaq musiqilər müşayiət edib.
Tamaşa-konsertin əsasında da musiqili filmin necə
yaradılması və lentə alınması prosesi əks
olunub. Librettonun müəllifi qismində Yelena İsayeva və
həm də tamaşanın quruluşçu rejissoru olan Cavid
İmamverdiyev çıxış ediblər.
Hadisələrin necə cərəyan etməsi,
çəkiliş prosesindən əvvəl baş verənlər
tamaşaçılar üçün maraqlı olub. Bu barədə
Emil Heydərovun səhnədə obrazını
canlandırdığı Yuli Qusmanın özü bəhs
edir.
Yeri gəlmişkən, tamaşada həmin
dövrün bir çox məşhurları iştirak ediblər.
Filmdə baş rolu oynamış Xalq artisti, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşa
zalından özünü müşahidə edib. Xalq artisti Həmidə Ömərova
da səhnədə özü ilə görüşüb.
Tamaşada mərhum Lev Durov, Muxtarbek Kantemirov və Mirzə
Babayevin obrazları da olub. “Mühəndis Petrov”un – Xalq artisti
Aleksandr Şarovskinin səhnəyə qalxdığı vaxt
filmin epizodu tamamilə teatr təcəssümü alıb.
Səhnəyə çıxan məşhur aktyorlar təkcə
yubilyarı təbrik etmək və ona öz sevgilərini
çatdırmaqla kifayətlənməyiblər. Onlar həm
də filmlə bağlı xatirələrini, eyni zamanda uzun
illər əvvəl Yuli Qusmanla şəxsi görüşləri
barədə təəssüratlarını
bölüşüblər. Tamaşa-konsertdə Xalq artisti Sərxan
Sərxan da çıxış edib. Yuli Solomonoviçi təbrik
edənlər arasında tanınmış karateçilər
Yaşar Bəşirov və Rafael Ağayev də olublar. Onlar
tamaşaçılara xatırladıblar ki, Yuli Qusman o vaxtlar
öz filmi ilə milli karate məktəbinin əsasını
qoyub. Bu səbəbdən ona ikinci qara kəmər və
yeddinci dan diplomu təqdim edilib. Filmdə Mərdan rolunu
oynamış Cahangir Novruzov da videotəbrik göndərib.
“Qorxma, biz səninləyik!” tamaşasının
süjeti “Qorxma, mən səninləyəm!” filminin
ayrı-ayrı səhnələri ilə
çulğaşırdı. Qusman-Heydərovun yumoru zalda
xoş gülüş sədaları ilə müşayiət
olunurdu və tədbirin baş qəhrəmanının – Yuli
Solomonoviçin səhnəyə gəlişini
hazırlayırdı. Hamıya tanış olan səsi
eşidən tamaşaçı zalı nəfəsini tutaraq
taleyini əbədi olaraq Bakı ilə bağlamış
insanın minnətdarlıq dolu sözlərini dinləyib.
Yubilyar da doğma şəhərə sevgisini ifadə edib və
bildirib ki, Bakı indi daha gözəl və möhtəşəm
olub. Məşhur bakılı yubiley tamasasına görə
məxsusi olaraq Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət
Nazirliyinə və kiçik qardaşına təşəkkür
edib. O da böyük qardaşın xahişi ilə səhnəyə
qalxıb və təbrik sözlərini – onun bütün həyatını
əhatə edən filmlə bağlı heyrətamiz təəssüratını
bölüşüb.
Tamaşanın sonunda yubilyarın dostu Polad
Bülbüloğlu təbriklərini çatdırmaqla
yanaşı, filmin ən parlaq kompozisiyalarından birini – Yuli
Qusmanın da həyatı ilə səsləşən,
özünəməxsus himnə çevrilmiş “Biz
mübarizə edərək necə yaşadıq”
mahnısını ifa edib.
Qeyd edək ki, tamaşada Xalq artisti İlham Namiq Kamal,
Əməkdar artistlər Şövqi Hüseynov və Fərid
Əliyev, aktyorlar Rauf Babayev, Nicat Əli, xor artistləri və
teatrın balet truppası iştirak edib. Quruluşçu
dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin
Atayev, quruluşçu xormeyster Əməkdar artist Vaqif Məstanov,
quruluşçu baletmeyster Əməkdar artist Emin Əliyev,
qrim üzrə rəssam Aybəniz Hüseynova, rejissor
assistenti Tamilla Aslanovadır.
Premyeradan sonra daha iki gün – 20-21 dekabr tarixlərində
də nümayiş olunan “Qorxma, biz səninləyik!”
tamaşası yəqin ki, teatrın daimi repertuarında da
yerini alacaq.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.1;3.