Məcburi
köçkünlərin filmi İzmir festivalında
mükafat qazanıb
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin dəstəyi ilə məcburi
köçkünlərin hazırladığı “Bura mənim
evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində
keçirilən 10-cu Beynəlxalq “Ege Art” qısa film
festivalının mükafatına layiq görülüb.
Dövlət Komitəsindən bildirilib ki, film Amerikada
doğulub boya-başa çatmış Ceyhun
Qarabağlının baba yurduna – Cəbrayıl rayonunun
Süleymanlı kəndinə səfəri və bu zaman
keçirdiyi hiss-yaşantılardan bəhs edir.
Təqdimat mərasimində Dövlət Komitəsi sədrinin
müşaviri Nəsimi Nərimanov və komitənin Beynəlxalq
əlaqələr, informasiya və mətbuat xidməti
departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.
Qeyd olunub ki, film məcburi köçkünlər tərəfindən
hazırlanıb. Rejissor Ağdam rayonundan məcburi
köçkün Nicat Cəlilovdur. Onun həm özü, həm
də atası Kərim Cəlilov Qarabağ müharibəsinin
iştirakçısıdır. Çəkiliş heyətinin
digər üzvləri – İsa İsmayılov Laçın,
Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam
rayonundan məcburi köçkünlərdir.
Filmin qəhrəmanı Ceyhun Qarabağlının
babası Cavanşir Qarabağlı İkinci Dünya
müharibəsində iştirak edib, müharibə başa
çatdıqdan sonra Azərbaycana qayıda bilməyib,
Türkiyədə, Misirdə, İtaliyada, Amerikada qəriblik
həyatı yaşayıb. Amma doğma yurdunu heç vaxt
unutmayıb, Vətən sevgisini övladlarına, nəvələrinə
ötürüb. Babasının uşaqlıq və gənclik
illərini keçirdiyi Süleymanlı kəndini görmək
Ceyhunun arzusu olub və torpaqlarımızın işğaldan
azad edilməsi ona bu arzunu gerçəkləşdirmək
imkanı verib. Onun baba yurdunda keçirdiyi hisslər, səfər
təəssüratları həm vətənpərvərlik
hekayəsi, həm də torpaqları viran qoyan işğala
etiraz nümunəsi kimi təqdim olunur.
“Ege Art” festivalında maraqla qarşılanan “Bura mənim
evimdir” filmi münsiflər heyəti tərəfindən “Vəfa”
mükafatına layiq görülüb.
Xatırladaq ki, noyabrın 20-də Bakıda ilk təqdimatı
olmuş filmin müxtəlif ölkələrdə
nümayişi nəzərdə tutulub.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.4.