Avstraliyada Azərbaycan film gecələri
Azərbaycanın Avstraliyadakı Səfirliyinin və
Heydər Əliyev Fondunun dəstəyi ilə Sidney, Melburn və
Brizben şəhərlərində ilk dəfə “Azərbaycan
film gecəsi” adlı tədbirlər (30 noyabr – 15 dekabr)
keçirilib.
Səfirlikdən verilən məlumata görə,
noyabrın 30-dan dekabrın 15-dək sözügedən şəhərlərdə
Azərbaycan və Avstraliya arasında dərin mədəniyyət
körpüsünü simvolizə edən “Əli və Nino”
filmi (2016, Azərbaycan-Britaniya, rejissor Asif Kapadia)
nümayiş etdirilib.
Yerli ictimaiyyətin, incəsənət
adamlarının, diplomatların, bu ölkədə
yaşayan soydaşlarımızın iştirak etdikləri
Sidney premyerasında Azərbaycanın Avstraliyadakı müvəqqəti
işlər vəkili Vaqif Cəfərov çıxış
edib. O, dünyanın bir sıra ölkələrində
nümayiş etdirilən, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri
olduğu “Əli və Nino” filmini Azərbaycan xalqının
milli azadlıq mübarizəsinə işıq salan dəyərli
ekran əsəri kimi xarakterizə edib.
Diplomat “Əli və Nino” filminin Avstraliyada
nümayişinin iki ölkənin mədəni əlaqələrinə
töhfə olduğunu, filmin tamaşaçıda Azərbaycan
xalqının keçmişi, mədəni zənginliyi barədə
geniş təəssürat yaradacağına əminliyini ifadə
edib. Bildirib ki, film gecələrinin təşkilində
Avstraliyada yaşayan azərbaycanlılar yaxından iştirak
ediblər. Bu, həmvətənlərimizin harada
yaşamalarardan asılı olmayaraq milli dəyərlərə
sıx bağlılığının göstəricisidir.
Filmin nümayişindən sonra qonaqlara Qurban Səidin
“Əli və Nino” kitabı hədiyyə olunub.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.8.