“Traviata”: musiqinin
sehri bütün yolları hamar edir
Avropa hər zaman bizim indi tanıdığımız
Avropa kimi olmayıb ki… Yəni oralarda da cəmiyyətin əxlaq
normalarına, əxlaqi simasına kölgə düşənlərə
münasibət bugünkütək loyal olmayıb. Özü
də təkcə cəmiyyətdə yox, hətta ədəbiyyatda
belə.
Elə o yerdən başlayaq ki, 1848-ci ildə Aleksandr
Düma (oğul) “Kameliyalı qadın” romanını
çap etdirdi. Müəllif romanın uğurunu görəndən
sonra nəsr əsərinin motivləri əsasında pyes
yazaraq onu teatra təqdim etdi ki, “Kameliyalı qadın” öz
yaşantılarını səhnədən də
bölüşsün. Amma… Dörd il ərzində senzura bu əsərin
tamaşaya qoyulmasına icazə vermədi. Çünki
yolunu azmış qadın səhnədə müsbət
baş qəhrəman ola bilməzdi: bu təkcə teatrın
deyil, həm də müəllifin adına ləkə gətirərdi.
Yalnız 1852-ci ildə “Kameliyalı qadın” səhnəyə
çıxdı və öz müəllifinə
görünməmiş şöhrət gətirərək
bütün Parisi çaxnaşmaya saldı. Çünki
Aleksandr Düma öz qəhrəmanı kurtizanka Violetta
Valerinin həyat tərzini vəsf etməmişdi, gözəl
və ağıllı oyuncağa çevrilmiş
qadının düşdüyü həyat oyununda
uduzmağından bəhs etmişdi ki, bu da insan qəlbini titrətməyə
bilməzdi.
Həmin il Parisdə yaşayan Cüzeppe Verdi də
tamaşaya baxır və yeni opera yazmaq fikrinə
düşür. O artıq “Riqoletto” və “Trubadur”
operalarının müəllifi idi. Tanınmış bəstəkarın
yeni operası da, adıçəkilən iki əsərdəki
kimi, cəmiyyətin üz döndərdiyi insanı baş qəhrəman
olaraq təqdim edib, sənətin, musiqinin qüdrəti ilə
tamaşaçıları düşündürəcəkdi.
Beləcə, Cüzeppe Verdinin cəsarəti,
istedadı və uzaqgörənliyi sayəsində 170 ildir
“Traviata” (italyan dilində “la traviata” yolunu azmış
qadın deməkdir) dünyanın opera teatrlarının
repertuarındadır, bütün soprano və tenorlar bir
gün səhnəyə Violetta Valeri və Alfred Jermon kimi
çıxmağı arzulayırlar.
Elə dekabrın 17-də Azərbaycan
Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində
oynanılan “Traviata” da bu gözəl səhnə əsərinin
170 illik yubileyinə həsr olunmuşdu.
“Traviata” operasını izləməyə gələn
hər bir sənətsevər mükəmməl musiqi ilə
yanaşı, gözəl ifalar, güclü səslər dinləməkdən
zövq almaq niyyətindədir. Hələ doxsanıncı
illərdən bəri Xalq artisti Cənnət Səlimovanın
quruluşunda tamaşaya qoyulmuş bu operanın afişası
həmişə tamaşa salonunu doldurur. Dəxli yoxdur,
tamaşada dəvətli solist çıxış edəcək,
yoxsa öz solistlərimiz: “Traviata”nın pərəstişkarları
həmişə çoxdur. Üstəlik, bilirlər ki, Xalq
artisti Cavanşir Cəfərovun idarə etdiyi orkestr, Əməkdar
incəsənət xadimi Sevil Hacıyevanın
hazırlaşdırdığı xor da tamaşanın
uğurunu təmin edəcək.
Solistlərə gəlincə, əsas partiyaların
ifaçıları – Əməkdar artistlər İnarə
Babayeva (Violetta Valeri) və Ramil Qasımov (Alfred Jermon), eləcə
də Cahangir Qurbanov (Jorj Jermon) və Səbinə Vahabzadə
(Flora Bervua) tamaşanın ideyasını oynadıqları
obrazların davranışına haqq qazandıraraq
çatdıra bildilər. Xalq artisti Əkrəm Poladovun ifa
etdiyi həkim Qrenvill, Əməkdar artist Tural Ağasıyevə
həvalə edilmiş Qaston səhnədə çox
görünməsələr də, onların
çıxışı tamaşanın uğurunu təmin
edən məqamlardan idi. Teatrın iki cavan solisti – Nina Makarova
(Anina) və Mahir Tağızadənin (Baron) həcmcə
kiçik, lakin Violettanın taleyində mənaca böyük
olan partiyaların öhdəsindən layiqincə gəlişi
tamaşaçıda elə bir təəssürat oyatdı
ki, onların adı tezliklə yeni quruluşların
afişalarında üst sıralarda yazılacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının budəfəki “Traviata”sı da operasevərlərin
ürəyincə oldu. Çünki musiqinin sehri, sənətin
gücü əsər qəhrəmanının həyat
yolundakı büdrəmələri sığallamağa
qabildir...
Azərbaycan Vokalçıları III Beynəlxalq
Festivalından təəssüratımızı
bölüşməyə davam edəcəyik...
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.6.