Opera sənətimizdə iz qoyan
ifaçı
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən
1908-ci ildə “Leyli və Məcnun” operası ilə əsası
qoyulan Azərbaycanda opera sənəti 115 illik tarixi boyunca zəngin
inkişaf yolu keçib. Bu yolda böyük əməyi
keçən sənətkarlardan biri də Xalq artisti
Əlövsət Sadıqov olub.
Əlövsət Şirəli oğlu Sadıqov 22
dekabr 1906-cı ildə Şəkidə dünyaya göz
açıb. Erkən çağlardan musiqiyə maraq
göstərib. Şəki İpək Fabrikində
çalışan atasının məlahətli səsi
varmış. Əlövsət atasından eşitdiyi
muğam və xalq mahnılarını dərindən mənimsəyir.
Fabrikdə işləyərkən fəhlələr
arasında yeri gəldikcə zümzümə edir. Çox
keçmir fabrikdə istedadlı gənc kimi tanınır.
1926-cı ildə Bakıdan musiqi qrupu Şəkiyə qastrola
gəlir. Onların arasında məşhur xanəndə
Hüseynqulu Sarabski də olur. Onlar fabrikdə zəhmətkeşlər
qarşısında çıxış edirlər. Həmin
görüşdə fabrikin rəhbəri 20 yaşlı
Əlövsəti qonaqlara təqdim edir. Bildirir ki, çox
istedadlı gəncdir. İcazə versəydiniz o da bir-iki
ağız oxuyar. O, “Bəh-bəh” xalq mahnısını ifa
edir. Məlahətli səsi, sərbəst ifası H.Sarabskinin
xoşuna gəlir və onu Bakıya dəvət edir.
Əlövsət Sadıqov Bakıda gənc xanəndələrin
müsabiqəsinə qatılır. Münsiflər heyətinin
üzvləri ustad sənətkarlar Müslüm Maqomayev,
Cabbar Qaryağdıoğlu və başqaları müxtəlif
bölgələrdən gələn gənc musiqiçiləri
imtahan edirlər. Əlövsət “Ay qız” xalq
mahnısını oxuyur. İfası münsiflər heyəti
tərəfindən bəyənilir. 1928-ci ildə
ustadların rəyi ilə o, Opera və Balet Teatrına işə
qəbul olunur.
Sonra iki il Azərbaycan Dövlət
Konservatoriyasında vokal dərsi keçir. Teatrda “Leyli və
Məcnun”, “Aşıq Qərib”, “Nərgiz” operalarında səhnəyə
çıxır. Səhnədə özünü
doğruldaraq baş rolları da ifa etməyə
başlayır. İlk baş qəhrəman kimi
Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”
operasında Qərib obrazını canlandırır. 1931-ci
ilin teatr mövsümündə M.Maqomayevin “Şah
İsmayıl” operası yeni quruluşda tamaşaya
hazırlanır. Müəllifin təklifi ilə baş rol
Ə.Sadıqova həvalə olunur. O, Şah
İsmayılı böyük ustalıqla ifa edir.
Tamaşadan sonra M.Maqomayev “Mən əsl Şah
İsmayılı tapdım”, – deyir və onu təbrik edir. Bu
uğur xanəndənin yaradıcılıq yollarına
işıq tutur. Sənətdə özünü
doğruldan istedadlı ifaçı “Leyli və Məcnun”
tamaşasında Məcnun roluna da əsas namizədlərdən
biri olur. 1936-cı ildə opera yeni quruluşda tamaşaya
hazırlanır. Məcnunu Əlövsət Sadıqov
oynayır.
Araşdırmalarda qeyd edilir ki, Ə.Sadıqov bir
çox operalarda səhnəyə çıxsa da, Şah
İsmayıl obrazı onun sənət tərcümeyi-halında
xüsusi yer tutub. O, 30 ilə yaxın bu rolu böyük həvəslə
və ustalıqla oynayıb.
“Şah İsmayıl” 1940-cı ildə Opera və
Balet Teatrında yenidən tamaşaya qoyulur. Əlövsət
Sadıqovun çıxışı tamaşaçılar tərəfindən
maraqla qarşılanır. Tamaşa haqqında dövri mətbuatda
müxtəlif səpkili məqalələr dərc edilir.
Yazılardan birində Üzeyir Hacıbəylinin fikri də
verilir: “Şah İsmayıl”ın milli mənəvi dəyərlərini,
onun xalqsevərliyini inandırıcı, parlaq şəkildə
oynadığı üçün aktyor-müğənni
Əlövsət Sadıqova hörmətimi, minnətdarlığımı
bildirirəm. İnanıram ki, milli opera sənətimiz bundan
sonra da yaşayacaq və görkəmli ifaçıların ənənələri
davam etdiriləcək”.
Yaradıcılığı yüksək qiymətləndirilən
Ə.Sadıqov 1943-cü ildə “Əməkdar artist”, 1956-cı
ildə isə “Xalq artisti” fəxri adlarına layiq
görülür.
Görkəmli sənətkar 1963-cü ilə qədər
opera səhnəsində Həqiqət Rzayeva, Rübabə
Muradova, Gülxar Həsənova, Xanlar Haqverdiyev, Şirzad
Hüseynov və başqaları ilə çiyin-çiyinə
çalışıb. Opera sənətimizin inkişafına
dəyərli töhfələr verib, sənətə gələn
gənc nəslə örnək olub. Ömrünün son illərində
opera teatrında məsləhətçi pedaqoq kimi
çalışıb. Xeyirxah, insani keyfiyyətləri ilə
yada düşən, ehtiramla
xatırlanan bənzərsiz
aktyor-opera ifaçısından günümüzə xoş
xatirələr və xeyli radio lent yazıları yadigar
qalıb.
Xalq artisti Əlövsət Sadıqov 17 oktyabr 1970-ci
ildə, ömrünün 64-cü ilində
dünyasını dəyişib. II Fəxri xiyabanda dəfn
olunub.
Savalan Fərəcov
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.7.