Orkestrlə
danışan adamla söhbət
“Dirijorluq çox çətin, amma həm də
gözəl sənətdir...”
Həmişə dirijorlarla müsahibə mənə
çox çətin gəlib. Rastlaşdıqlarım ya
heç danışan olmayıb, ya da 2-3 cümləlik
suallarıma “bəli”, “xeyr”, “yəqin”, “ola bilər” kimi mənə
görə “yolaverdi”, ümumi cavablar veriblər. Düzü,
Akademik Opera və Balet Teatrının dirijoru Xalq artisti,
Prezidentin fərdi təqaüdçüsü, Bakı Musiqi
Akademiyasının professoru Cavanşir Cəfərovla
müsahibəyə də bu ovqatda getmişdim. Amma sağ
olsun, məni yanıltdı və uzun, maraqlı, bir az da
yaradıcı müzakirə xarakterli söhbətimiz oldu.
Qısa təqdimat üçün deyim ki, Cavanşir
Cəfərov Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət
Konservatoriyasının Dirijorluq fakültəsini bitirib. 1979-cu
ildə Bakıya qayıtdıqdan sonra Dövlət Opera və
Balet Teatrının direktoru Azər Rzayevin dəvəti ilə
xormeyster vəzifəsinə təyin olunur. Simfonik orkestrin
dirijoru kimi ilk dəfə Ü.Hacıbəylinin “Koroğlu”
operasından uvertüranın və “Çənlibel” xorunun
ifası ilə çıxış edir. 1985–1990-cı illərdə
Musiqili Komediya Teatrında əvvəl dirijor, sonra baş
dirijor olur. 1996-cı ildən dirijorluq fəaliyyətini Opera və
Balet Teatrında davam etdirir.
Əslində, tərcümeyi-halı çox zəngindir
və daha ətraflı özündən eşidəcəyik.
– Cavanşir müəllim, 70 illiyiniz münasibətilə
təbrik edirəm. Maşallah, amma heç o yaşı
göstərmirsiniz.
– Necə ki? Elə zənn edirsiniz ki, dirijorlar 70-ində
taqətdən düşməlidir? (gülür)
– Elə niyə? İltifat edirəm də.
– (Gülür). Hə, belə deyin də. Yəqin
genetik amil də var. Amma mən sağlamlığımla məşğul
oluram, idman edirəm, yəni aktiv həyatdayam. Ən əsası,
ruhumu təmiz saxlayıram, ürəyimi mənasız
şeylərlə yükləmirəm, həyatımı,
dünyanı sevərək yaşayıram. Qoyun bunu da deyim də.
İnanırsız ki, mən bu qədər uzun illərdir
işləmişəm, amma bir dəfə də müsahibə
verməmişəm.
– Deməli, eksklüziv mənədir?
– Day orasını siz bilərsiniz. Dayanın,
yadıma düşdü, 50 illiyimdə rus dilində bir sayt
üçün olmuşdu, vəssalam.
– Sizi qınamıram, dirijorlar çətin
müsahibdirlər yəqin.
– Mən burada da, təbii ki, Rusiyada da təhsilimi rus dilində
almışam. Yəqin ona görə çətinlik çəkirəm.
Amma heç bu da səbəb deyil. Axı dirijor çox zaman
susur. Danışan çubuğu, mimikaları, əlləri
və gözləridir. O, sadəcə, orkestrlə
danışır. Onu da tamaşaçı görmür.
Əslində, çoxumuz danışmırıq. Bu barədə
Yalçın (Yalçın Adıgözəlov – H.N)
ustadır (gülür).
– Azərbaycan musiqisində dirijorluq amili və bu
istiqamət nə qədər önəmli və
populyardır?
– Dirijorluq çox çətin, amma həm də
gözəl sənətdir. Bildiyiniz kimi, mən xor
dirijorluğu üzrə təhsil almışdım. Məni
simfonik orkestr dirijoru edən rəhmətlik maestro Niyazi oldu. Təhsilimi
başa vurub Opera və Balet Teatrında xormeyster kimi işləməyə
gəldim. Bir ildən sonra Niyazi məni xor kapellasına bədii
rəhbər və dirijor götürdü. O vaxtlar
bütün tədbirlərdə orkestr və xor birgə
çıxış edirdi. Bir dəfə Niyazi “Nə
durmusan, qalx, dirijorluq elə” dedi. Düzü
çaşdım. “Koroğlu” operasının “Çənlibel”
xoru oxunurdu. Zal tamaşaçı ilə dolu və mən ilk
dəfə bu boyda orkestr, tamaşaçı önünə
çıxdım. İlk çıxışım Niyazinin
xoşuna gəldi və o vaxtdan məni köməyə
çağırdı. Daha doğrusu, məşqləri mənə
tapşırdı, konserti də özü idarə edirdi.
– Bu, belə nə qədər davam elədi? Yəni
sizin arxa plandakı qəhrəmanlığınız?
– Amma bu, böyük qürur idi. Dövlət Simfonik
Orkestrinə dirijorluq sizə elə-belə iş gəlməsin.
Ruhu şad olsun onun, 28 yaşında bir gənc
üçün bu yaxşı təcrübə idi. Beləcə,
kapellada işləyə-işləyə orkestrdə də
çalışırdım. Günlərin bir günü
“Muzkomediya”nın direktoru Bala Qasımov Niyazinin yanında mənə
iş təklif elədi. Onlar dost idilər, filarmoniyaya tez-tez gəlirdi.
Onun “Gəl, səni teatra dirijor götürüm” sözü
ağzından çıxanda gözümü maestroya dikdim.
Cavandım, günahkar adam kimi bir anda elə bildim
balacalaşdım. Heç nə demədim, eləcə
maestroya baxdım. O da bərk hirsləndi və mənə
“Əgər onun təklifinə razılıq versən, səni
işdən qovacam” dedi. Mən də, sözsüz ki,
razılaşmadım. Bir müddətdən sonra Niyazi rəhmətə
getdi. Mən gördüm ki, yox, daha alınmır. Kapelladan məni və daha bir
neçə nəfəri çıxarmaq istəyirlər.
Yadıma Bala müəllimin təklifi düşdü və
teatra getdim. Artıq ora xormeyster kimi yox, dirijor kimi getdim.
– Eşitdiyimə görə, Niyazinin
ölümündən sonra filarmoniyada vəziyyət elə də
ürəkaçan olmayıb.
– Hə, xaotik vəziyyət yarandı. O vaxt mədəniyyət
naziri də Zakir Bağırov idi. Həmin dövr çox
çətin oldu. Nə isə, yavaş-yavaş nizam
yarandı. Mən o teatrda
işlədim və bir ildən sonra baş dirijor oldum.
Dörd il bu vəzifəni icra etdim, bir neçə
tamaşanı hazırladım. Hər şey yaxşı
gedirdi. Birdən faciə yaşandı, iki baldızım avtoqəzada
həlak oldular. Şəmkirə köçməli olduq.
Axı, onların uşaqlarına baxmaq, böyütmək
lazım idi. Buradan işdən çıxıb Şəmkirdə
Mədəniyyət şöbəsinin müdir müavini
işlədim. Dörd il də belə davam etdi. Uşaqlar bir
az da böyüdülər və onları da
götürüb Bakıya döndük. İki
özümün övladım, üç də onlar – birlikdə
böyüdülər, təhsil aldılar. İndi,
şükür, nəvələrim, böyük ailəm var.
– Axırda verəcəyim sual idi, amma indi məqamıdır:
həyatda xoşbəxtsiz, yoxsa sənətdə?
– Hər ikisində, amma əsas ailədir.
– Bayaqkı sözümə qayıdıram, dirijorluq
bizdə o qədər də populyar deyil. Solisti, artisti,
vokalçını tanıyırlar, amma dirijor az
tanınır. Dirijor deyəndə isə ilk yada düşən
maestro Niyazi olur.– Haqlısınız. Niyazi səviyyəsinə
heç kim çata bilməz və
o, tam başqa bir insan idi.
– Necə xatırlayırsınız onu?
– Niyazi çox çətin adam idi. Tələbkar və
kaprizli.
– Ondan sizə hansı xasiyyətlər keçib?
– Heç biri, istəmirəm də (gülür). Mənə
həmişə “Sən onunla necə yola gedirsən”
sualını verirdilər. Deyirdim ki, “çox asan”.
Çünki o, etirazı sevmirdi. Deyirdi,
danışırdı, səni o ki var danlayırdı və
gözləyirdi ki, bircə kəlmə cavab verəsən.
Əsas partlayış da bundan sonra yaranır və o, əsib-coşurdu.
Mən də dilini tapmışdım, susurdum, o sakitləşəndə
danışırdım. Ruhu şad olsun, susaraq, səbir edərək
danışmağı da öyrətdi mənə.
Çünki o, ustad idi...
– Şəmkirdən qayıtdıqdan sonra harada
çalışdınız?
– Onu deyirdim axı, “Muzkomediya”ya qayıtdım. Onda
direktor Qəzənfər Topçiyev idi. Məni işə
götürdü. 1996-cı ildə isə məni yenidən
Opera və Balet Teatrına dəvət etdilər. Onda baş
dirijor Kazım Əliverdibəyov idi. Gördüm mənə
acıqlı-acıqlı baxır. Yaşlı adam idi,
başa düşürdüm onu. Hiss etdim ki, bura gəlməyimi
istəmir.
– Deməli, dirijorların arasında da belə
söz-söhbətlər olur?
– Eh, sizə böyük orkestr ilə iş asan gəlməsin.
Söz-söhbəti, rəqabəti də olur. Dirijor gərək
yaxşı mənada çoxbilmiş olsun. Baxın, mən
bura gələndə orkestrdə korifeylər oturmuşdular.
Yaşları, təcrübələri, fəxri adları,
nüfuzları vardı. Mən isə cavan kadr. Amma
özümə qarşı yaxşı münasibət
gördüm. Tək idim və başladım
yavaş-yavaş bütün repertuarı öyrənməyə.
O günlər Kazım müəllim də çıxıb
getmişdi Türkiyəyə. Çətin dönəm idi,
90-cı illəri yadınıza salın: bir axın getdi
qardaş ölkəyə. Orkestrdən də gedənlər
az olmadı. Beləcə, dağılmaqda olan orkestrlə təkbaşına
qaldım. Neyləmək olardı? Başladım məşqlərə
və beləcə uzun illər işlədik.
– Orkestr sizə rahat öyrəşdi?
– Başqa çarə də yox idi (gülür).
Dörd ay dirijor, sonra isə baş dirijor oldum. Onda Xalq artisti
Rauf Abdullayev də artıq Türkiyədən
qayıtmışdı. Bəzi tamaşaları da o idarə
edirdi. Əlavə olaraq gürcü dirijorlar da dəvət
edilirdi.
– Rəqabətin güclü olduğu yerdə ən
yaxşısı olmaq məcburiyyətdir.
– Baş dirijor olanda təkcə orkestri yox, solistləri,
xoru, baleti idarə etməlisən. Bu isə yüzlərlə
insan amilidir. Özü də hərəsi bir
düşüncə və ovqatda.
– Hansını idarə etmək daha çətin idi?
– Hamısını. Hərəsinin öz xüsusiyyəti
var. İş prosesində elə an olur ki, sən səhv edə
bilməzsən. Baxın, götürək baleti. Balet artisti
oynayır, hansısa məqamda – elementar olaraq
atıldığı anı icra edə bilmir və büdrəyir,
gecikir, sürüşür, nə isə baş verir də.
Bu an mən akkord verməliyəm. Deməli, həm səhnəni,
həm də orkestri eyni anda görməli və səhnədən
gördüyümü orkestrə ötürməliyəm.
Orkestrdə idarəetmə anındakı cüzi sapma
bütünlükdə çaşqınlıq yaradır.
– Sözsüz ki, dediyiniz işin incəliyidir. Bu,
öz yerində. Mənə maraqlı olan başqa məqamdır.
Baxın, not-orkestr-səhnə – bu üçlükdə
dirijor üçün əsas göstərici nədir?
– Baletdə də, operada da səhnə. Mən o nota
elə-belə baxıram, inanın. Əksəriyyətini əzbər
bildiyimdən nota yox, canlı prosesə baxaraq idarə edirəm.
Bunun da öz incəlikləri var. Məsələn,
tamaşaya qədər gedib bir neçə dəfə balet məşqlərinə
baxıram. Harada nə etməli olduğumu özüm
üçün hesablayıram və beləcə, tamaşa
zamanı işimi mexaniki olaraq görürəm. Bu mənada
opera tamaşaları daha çətindir. Görürsən
ki, bir andan sonra solistin nəfəsi çatmır və
başlayır temp ilə oxumağa. Orkestr də onu
“qovmağa”. Bu an idarəetmə çətin olur.
– Siz deyən məqamlar milli operalarda daha çox olur,
yoxsa?...
– Əsasən muğam operalarında. Yaxşı,
bacarıqlı, bayaq dediyim mənada çoxbilmiş dirijor hər
kəsin yerini bilir və lazım gələndə göstərir
də. Orkestrə də, solistlərə də.
– Dirijorlar arasında dostlarınız çoxdur?
– Əslində, hamı ilə yaxşıyam, amma həm
də məsafəli. Dirijor Yaşar İmanovla yaxşı
münasibətim, zarafatım var. Bilirsiniz, hərə öz
işi ilə məşğul olsa, mənasız
söz-söhbətlər də olmaz. İdarəetmə
qabiliyyəti, peşəkarlıq, istedad və sözsüz
ki, səmimiyyət bütün qapıların
açarıdır. Amma dirijor sənəti “burada mənəm,
Bağdadda kor xəlifə”liyi sevmir. İstənilən halda
orkestr, solistlər, balet, xor məhz o hegemonluq
iddialıları əridib, mum edirlər (gülür və mən
artıq eyhamından nə dediyini aydın anlayıram deyə
söhbəti dəyişirəm).
– Yəqin sizin də ən sevdiyiniz opera və balet
nümunələri var...
– Sözsüz ki. Amma üzərində ən
çox əziyyət çəkdiyimdən
danışım, siz də bilin. 20 ildən sonra “Xanəndənin
taleyi” operasının notlarını tapdım.
İtmişdi, nə bilmək olar, bəlkə də
itirilmişdi. Cahangir Cahangirovun bu operası ilk dəfə
1980-ci ildə qoyulmuşdu. Rəhmətlik Baba Mahmudoğlu əsas
ifaçı idi. O opera repertuarda qalsa da, 1982-ci il
yanğınında notu da, dekorasiyası da itdi-batdı.
Notları çətinliklə Ədəbiyyat və İncəsənət
Arxivindən tapdım və 30 ildən sonra onu yenidən qoyduq.
Son dəfə İlkin Əhmədov oynadı. İki dəfə
oynandı və sonra mən getdim.
– Hara?
– Təqaüdə göndərdilər. Sağ olsun
Yusif Eyvazov, onun dəvəti ilə yenidən doğma məkandayam.
Yusif müəllim məni dəvət edəndə
düşündüm ki, 70 illiyimi keçirmək istəyir.
Keçirdilər də. O, həm də “gəlin, işləyək”
dedi. Özü də tək məni yox, peşəkar rəhbər
kimi teatrın ehtiyacı olan bir çox insanı yenidən
işə dəvət etdi. Bunların arasında solistlər
də, musiqiçilər də, balet artistləri də var. Məşqlərimiz
gedir, son olaraq “1001 gecə” baletini idarə etmişəm.
“Sevil”, “Traviata”, “Şelkunçik”... davam edirik. Böyük əzm
və enerji ilə.
– Bir az da klassik musiqiyə maraqdan danışaq. Sizcə,
bu musiqiyə kütləvi maraq niyə azdır?
– Az deyil, sadəcə onun öz dinləyicisi var. Bu,
Avropada da, qonşumuz Rusiyada da belədir. Təkcə indi yox,
sovetlər zamanında da belə olub.
– Amma o dönəmdə xor kapellası, orkestr
kolxozçular qarşısında konsertlər verirdi. Klassik
musiqi təbliğatı ənənəsi var idi.
– Adətən bizdə xor sənəti o qədər
də geniş yayılmayıb. Gürcülərə,
başqa millətlərə nisbətdə zəifdir.
Sözsüz ki, burada kilsə musiqisi amili də var. Bütün
hallarda, Dövlət Xor Kapellası əsas kollektiv olaraq daim
maraqla izlənilib. Amma münasibət yenə də o deyildi.
– Bəlkə kapellanın repertuarına əl gəzdirib,
milliləşdirmək lazımdır?
– Əlbəttə, lazımdır. Amma xor
üçün əsər yazılmır axı. Biz nə qədər
“Almanı atdım xarala” oxuyaq? Əsərlər
yazılmalıdır. Amma bir şeyi də deyim ki, sovet
dövründə də plançılıq var idi. Məsələn,
biz kapella və orkestrlə rayonlara 10 günlük qastrola
gedirdik. Konsertlərimiz də əsasən kolxozlarda olurdu.
Bir-iki gündən sonra bir də görürdün ki, sədr
astaca “Gəlin, qol çəkin, gedin. Hesab edin ki, konsert
verdiniz” deyirdi və biz də məcbur olurduq.
– Xor üçün əsər yazmaq çətindir
yəqin.
– Xor üçün yazmaq xüsusi təhsil və təcrübə
istəyir. Ona görə də bəstəkarlarımız əsasən
ya vokal, ya da simfonik əsərlər yazırlar.
– Nəticədə musiqi məktəblərinin xor
siniflərində seyrəklik yarandı.
– Bəli, çox təəssüf. Amma son illər
bu sahədə də vəziyyət düzəlir
yavaş-yavaş. Bilirsiniz, təbliğat, xüsusən
uşaqlıqdan təbliğat aparılmalıdır.
Yadınızdadırsa, Əfsər Cavanşirovun “Bənövşə”
uşaq xoru var idi və oradan xeyli solist
çıxmışdı. Bilmirəm nə ağıl ilə
o kollektivi dağıtdılar.
– Bəlkə xor həm də ona gözə
alınmır ki, bizdə “mən” “biz”i üstələyir?
– Sözsüz ki, bizdə solo ifaçılıq,
populyarlıq əsas amildir, təəssüf ki.
– Bayaq 90-cı illərdən çox
danışdıq. O çətin dönəmdə xeyli
musiqiçi Türkiyəyə getmişdi. Siz nə əcəb
getmədiniz? Burada işiniz-gücünüz var idi deyə?
– İşə gəlincə, hamımızın
işi var idi və cüzi məvacib ilə bir neçə
yerə qaçırdıq. Amma yenə də getməyi
düşünmədim. O dövr çətin idi, solistlər,
ifaçılar, balet artistləri getdilər. İndi isə
qayıdırlar. Yəqin artıq orada kadrlar yetişiblər
deyə, bunlara ehtiyac yoxdur. Kim necə bacarırdı
yaşayırdı. Mən dörd yerdə
çalışırdım. Çətin idi. İndi də
musiqiçilərimiz bir neçə yerdə işləyirlər.
Dolanmaq üçün bu, vacibdir. Digər tərəfdən,
heç indi də peşəkar kadrlar siz deyən qədər
çox deyil.
– Orkestrlərin peşəkarlıq səviyyəsi barədə
fikirləriniz maraqlıdır.
– Son illər yaranan tələbə kollektivlərini
çox bəyənirəm. Onlar orkestrdə öyrəşirlər.
Heç də hər solist akademik teatra, simfonik orkestrə
düşə bilmir. Düşəndə də öyrəşməkləri
uzun zaman alır. Bu mənada elə kollektivlər gənclər
üçün püxtələşmə məkanı kimi
vacibdir. Ümumən orkestrlərin sayı artsa, hətta
rayonlarda da yeni musiqi kollektivləri yaransa, çox
yaxşı olar.
– Sizin orkestrə düşmək çətindir?
– Asan da deyil. Amma öyrədirik. Bizdə müsabiqə
elan olundu, ikinci orkestr üçün solistlər
yığıldı. Qarşımızda böyük iş
planı var. Bir orkestrlə də bunu etmək çətindir.
Ona görə də Yusif müəllim maraqlı ideya irəli
sürdü və ikinci orkestr yığılır. Beləcə,
eyni zamanda teatrda da, qastrolda da çıxış etmək
mümkün olacaq. Yəni iş dayanmayacaq.
– Gəlin sonda söhbətin orkestrovkasını edək:
dirijorun gözü, ağzı, əli işləyir, yoxsa
çubuğu?
– Bayaqdan bu sualı gözləyirdim (gülür). Mən
özüm musiqi ilə yaşayıram deyə, çubuq
heç yadıma da düşmür. Birinə qaş-göz,
başqasına mimika ilə düzəliş verirəm. Olur,
kimsə səhv oxuyanda yüngülcə əlimi yellədirəm
ki, nə edirsən (əlini havada oynadıb, astaca
ağzına aparır), ya da işarə ilə Elxanı
(Əməkdar artist, tarzən Elxan Mansurov – H.N.) göstərib
başa salıram ki, “Bax, ayaqların artıq yerə
döyür, hara çıxmısan, düş
aşağı”. Solistləri beləcə, gülə-oynaya
yola verirəm. Amma orkestr bir baxışımla bilir ki, kim
harada nəyi səhv ifa edib. Nəfəsli alətlərdə
müəyyən məqamlarda bunu keçmək olur. İnsandır,
uzun ifa zamanı ani texniki səslənmə sürüşmələri
olur. Amma bunu biz bilirik. Tamaşaçı elə də hiss eləmir.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.6.