TÜRKSOY-un yubileyi UNESCO-da qeyd edilib
UNESCO-nun Parisdəki mənzil-qərargahında Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un
30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı
qala-konsert olub. Konsert Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan və
Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin
birgə təşkilatçılığı və
TÜRKSOY-un dəstəyi ilə keçirilib.
Tədbirdə UNESCO-ya üzv dövlətlərin
daimi nümayəndələri, yerli ictimaiyyət və
türkdilli ölkələrin diaspor nümayəndələri
iştirak ediblər.
Azərbaycan Respublikasının UNESCO yanında daimi
nümayəndəsi Elman Abdullayev TÜRKSOY-un tarixindən
danışıb və təşkilatın bu illərdə
ortaq mədəni dəyərlərimizi təbliğ etdiyini
bildirib. Səfir TÜRKSOY tərəfindən Şuşa
şəhərinin 2023-cü ildə “Türk
dünyasının mədəniyyət paytaxtı” elan edildiyini
və bu çərçivədə silsilə tədbirlərin
keçirildiyini də diqqətə çatdırıb.
UNESCO baş direktorunun Afrika Prioriteti və Xarici
Əlaqələr üzrə müavini Antoni Ohemenq-Boamah mədəni
müxtəlifliyin və mədəniyyətlərarası
dialoqun təşviqində TÜRKSOY-la əməkdaşlığının
əhəmiyyətini qeyd edib. O, TÜRKSOY-un türk
xalqlarının mədəni irsinin qorunub saxlanılması və
təbliği sahəsində gördüyü işlərin
UNESCO tərəfindən yüksək qiymətləndirildiyini
deyib.
TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf təşkilatın
baş katibi Sultan Raevin adından tədbir
iştirakçılarını salamlayıb. Baş katibin
videomesajı təqdim edilib.
Qala-konsertdə Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan və
Türkiyənin milli musiqi və rəqsləri nümayiş
etdirilib. Zəngin mədəni
proqramda Azərbaycan Dövlət Rəqs Ansamblının
üzvlərindən Gülzar Fərəcova, Rəşad
İbrahimov və Təbriz Yusubovun iştirakı ilə
“Sarı gəlin” xalq
mahnısı səslənib. Ruslan Zərbəliyev (tar),
Aysu Sadıqova (qanun) və Pərviz Fərhadov (kamança)
“Çahargah rapsodiyası”nı (bəstəkar Həsən
Rzayev) ifa ediblər.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.8.