“Təsviri sənət
və müasir çağırışlar”
Dekabrın 18-də “Gülüstan” Sarayında Mədəni
İrs Forumunun açılış mərasimindən sonra
ilk panel iclası keçirilib.
“Təsviri sənət
və müasir çağırışlar” adlı ilk panel “Yeni
Qallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri,
sənətşünas Rafael Gülməmmədovun
moderatorluğu ilə gerçəkləşib.
Təsviri sənət sahəsində təhsil
mövzusunda danışan Xalq rəssamı, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru professor Natiq Əliyev bu istiqamətdə
görülən işlər, universitet olaraq tələbə
rəssamlara yaratdıqları şərait, müştərək
sərgi və müsabiqələr barədə məlumat
verib. Deyib ki, uşaqlara kiçik yaşlarından, hətta
uşaq bağçasından təsviri sənətlə
bağlı bilgilər verilməlidir. Sonrakı mərhələlərdə
bu zəncirin qırılmamasına diqqət yetirilməlidir.
Rektor rəssamlıq təhsilində magistratura pilləsində
müəyyən problemlərin olduğunu da diqqətə
çatdırıb: “Son illər rəssamlıq sənətinə
qızlar daha çox gəlir və daha çox interyer-dizayn
ixtisasını seçirlər. Təəssüf ki, klassik
ixtisaslara maraq azalır. Buna görə də klassik ixtisaslara
maraq artırmaq üçün təbliğat xarakterli
işlər aparırıq”.
Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdi
çıxışında müasir şəhərsalmada rəssam
işinin, demək olar ki, nəzərə
çarpmadığını qeyd edib. Bildirib ki, paytaxt və
bölgələrdə vaxtilə hazırlanmış mozaik əsərlər
diqqətdən kənarda qalıb, bir çoxu isə
baxımsızlıqdan dağılmaq təhlükəsi ilə
üz-üzədir. İnteryer və eksteryerdə mozaik panno və tablolara diqqət
artırılmalıdır.
Xalq rəssamı Eldar Mikayılzadə ənənəvi
sənətin müasir dildə ifadəsi məsələsinə
toxunub. Heydər Əliyev Fondu tərəfindən çap
olunan “İlmələrin rəqsi” kitabından danışan
rəssam bu layihənin xalça sənətimizin, xalça
məktəblərimizin dünyada təbliği
baxımından önəmini qeyd edib. Deyib ki, İrəvan
xalça məktəbi sahəsində apardığı tədqiqatlar
üzrə daha bir nəşr ərsəyə gələcək.
Rəssam Anar Hüseynzadə rəqəmsal incəsənətlə
bağlı fikirlərini bölüşüb. O, Qarabağ səfərlərinin
rəssam kimi fəaliyyətlərində maraqlı bir iz
qoyduğunu diqqətə çatdırıb. A.Hüseynzadə
həmçinin rəssam əməyinin kapitala çevrilməsi
üçün təhsildə marketinq üzrə ixtisasların
açılmasının zəruriliyini qeyd edib.
Sonda qeyd olunan məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.3.