Qeyri-maddi mədəni
irsin mühafizəsini necə təşkil etməli?
Mədəni İrs Forumunun ikinci paneli “Qeyri-maddi mədəni
irsin mühafizəsi və müasir
çağırışlar” mövzusuna həsr olunub.
Panelin moderatoru Mədəniyyət Nazirliyi İncəsənət
şöbəsinin müdiri Sevil Kərimova mövzu barədə
məlumat verərək
çıxışçıları səhnəyə dəvət
edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən
hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr
olunmuş videoçarx nümayiş etdirilib.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, memar Elçin Şamilli “Dekorativ-tətbiqi sənət
nümunələri və müasir bədii ifadə
formaları” mövzusunda çıxışında
müasir dövrdə vizual dilin dekorativ-tətbiqi sənətlərdə,
memarlıqda, dizayn sənətində oynadığı roldan
danışıb.
Azərbaycan Milli İncəsənət Muzeyi Elm
şöbəsinin müdiri sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov son
otuz ildə ermənilər tərəfindən mənimsənilən,
talanan mədəni sərvətlərimiz haqqında söz
açıb, son zamanlar bədnam qonşularımızın
Xankəndidən apardıqları qeyri-maddi mədəni irs
nümunələrini özlərininki kimi təqdim etməyə
başladıqlarını söyləyib. O, itirdiyimiz sərvətlərin
“qırmızı kitabı”nın tərtib edilməsinin
vacibliyini qeyd edib.
“Azərxalça” ASC-nin kreativ direktoru sənətşünaslıq
üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva
“Qeyri-maddi mədəni irs yaradıcılıq və
innovasiyaların əsası kimi: iqtisadi və sosial aspekt”
mövzusunda çıxış edib. O, Bakının
Pirşağı, Balaxanı və digər qəsəbələrində
heç vaxt işləməmiş qadınlar
üçün xalçaçılıq, keçəçilik
kurslarının təşkil edilməsindən, qədim
texnologiya ilə boyaqçılıq sənətinin, Şəkidə
ipəkbasma sənətinin dirçəldilməsindən
danışıb. Sənətşünas alim gənc
xalçaçı rəssamların yenilikçi
ideyaları üçün yeni imkanların yaradılması
üçün də təkliflərini səsləndirib.
Əməkdar rəssam Məmmədhüseyn
Hüseynov “İtirilməkdə olan sənət növləri
və ənənələrin ötürülmə mexanizmləri”
adlı məruzəsində tərtib etdiyi xalça sənətində
unudulmaqda olan mədəni irs nümunələrinə dair cədvəli
slayd kimi təqdim edib, təkliflərini dilə gətirib.
Panelin sonuncu məruzəçisi – Mədəniyyət
Nazirliyinin sektor müdiri Nuriyyə Məmmədovanın “Azərbaycanın
qeyri-maddi mədəni irs nümunələri beynəlxalq
siyahılarda” mövzusunda çıxışı dinlənilib.
O, Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO
Konvensiyasının şərtləri barədə məlumat
verib.
Çıxışlardan sonra qaldırılan məsələlər
və təkliflər barədə fikir mübadiləsi
aparılıb, suallar cavablandırılıb.
Gülcahan
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.3.