“Mədəni
yaddaşımızda Qərbi Azərbaycan”
Milli İncəsənət Muzeyində sərgi
Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan
incəsənətinə həsr edilmiş sərgi
açılıb. Dekabrın 15-də
açılışı olan “Mədəni
yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində
təşkil olunub.
Muzeyin direktoru Şirin Məlikova sərgi barədə
ətraflı məlumat verib. Bildirib ki, Mədəniyyət
Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı,
Qərbi Azərbaycan İcmasının dəstəyi ilə
keçirilən sərgidə ümumlikdə 100-ə
yaxın eksponat yer alıb. Bunlar Azərbaycan Milli İncəsənət
Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça
Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və
“Qızılı Xalçalar” qalereyasının
kolleksiyasından təsviri və dekorativ-tətbiqi sənət,
numizmatika nümunələri, foto və tarixi sənədlərdir.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova 2023-cü ilin tariximizdə bir çox vacib hadisələrlə
yadda qalacağını deyib. Bu il ölkəmizin
bütün ərazisində suverenliyimiz tam bərpa olundu.
İnanırıq ki, Prezident İlham Əliyevin dediyi “bir
gün Qərbi azərbaycanlılar böyük coşqu və
həvəslə öz doğma torpaqlarına qayıdıb
orada yaşayacaqlar” fikri də reallaşacaq.
Nazir müavini qeyd edib ki, bu sərgi Qərbi Azərbaycan
mədəniyyətinin geniş ictimaiyyətə
çatdırılması və tarixi yaddaşın yenilənməsində,
həmçinin dünyada tanıdılmasında mühüm
rol oynayır. Qərbi Azərbaycanın qədim mədəniyyət
nümunələri ilə zəngin olduğunu qeyd edən
S.Yusifova əlavə edib ki, onların bir çoxu vandalizmə
məruz qalıb, dağıdılıb, bəziləri isə
saxtalaşdırılıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu sərgini
böyük mədəniyyət hadisəsi adlandırıb.
Bildirib ki, Qərbi Azərbaycanın böyük tarixi mədəni
irsi var və bu irs haqqında məlumatları geniş
kütləyə çatdırmaq mütləqdir.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qərbi Azərbaycan ərazisində mövcud olmuş
nadir sənət abidələrimiz zaman-zaman dədə-baba
torpaqlarından deportasiya edilmiş xalqımızın
buradakı izini silmək üçün
dağıdılaraq misli görünməmiş vandalizmə
uğramışdır. Məhv edilən dəyərli abidələr
içərisində Azərbaycan memarlığının
şah əsərlərindən sayılan İrəvan Sərdar
sarayı da olub. Təqdim olunan ekspozisiyada ilk dəfə olaraq
süni intellekt vasitəsilə Sərdar sarayının Qacar
üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya
ilə canlandırılır. Arxiv fotoları Dövlət Rus
Muzeyi və Gürcüstan Dövlət İncəsənət
Muzeyindən əldə edilib. Həmçinin Azərbaycan dəzgah
boyakarlığının banisi Mirzə Qədim İrəvaninin
saray üçün işlədiyi pannolarının surətləri
(əsilləri Gürcüstan Dövlət İncəsənət
Muzeyində saxlanılır) və indiyə kimi işıq
üzü görməyən divar rəsmlərinin eskizləri
nümayiş olunur.
Sərgidə görkəmli rəssam Bəhruz Kəngərlinin
erməni daşnaklarının törətdikləri vəhşiliklər
nəticəsində yurd-yuvasından didərgin düşərək
Naxçıvana sığınan insanları təsvir etdiyi
“Qaçqınlar” silsiləsi təqdim edilir. Əslən Qərbi
Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin
qrafika əsərləri və görkəmli
xalçaçı rəssam Kamil Əliyevin müəllifi
olduğu xalçalar da eksponatlar sırasındadır.
Sərgi gələn il fevralın sonunadək davam edəcək.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.5.