“Sevindirici haldır
ki, gündəliyimiz mədəniyyət mövzusuna həsr
olunub”
Əli Əsədov: “Azərbaycan beynəlxalq mədəni
tədbirlərin ənənəvi məkanına
çevrilib”
MDB iştirakçı dövlətlər arasında
bir çox sahələrdə mühüm dialoq və
qarşılıqlı fəaliyyət platformasıdır. Azərbaycan
bu formatda uğurlu qarşılıqlı fəaliyyətin zəmanəti
olan ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə
və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət
verir.
Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov bu fikirləri dekabrın 18-də Moskvada MDB
Hökumət Başçıları Şurasının
iclasında çıxışı zamanı deyib.
İclas vaxtilə sovet respublikalarını bir araya gətirən
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi
(“VDNX”) məkanındakı “Rusiya” beynəlxalq sərgi-forumunda
keçirilib. Şuranın cari ildə son toplantısı
MDB-də mədəni-humanitar əməkdaşlığa həsr
olunub.
İclasdan əvvəl nümayəndə heyətlərinin
rəhbərləri “Rusiya” beynəlxalq sərgi-forumuna
baxış keçiriblər.
İclasda çıxış edən Əli Əsədov
diqqətə çatdırıb ki, hökumətlərarası
səviyyədə müntəzəm təmaslar ikitərəfli
və çoxtərəfli əməkdaşlığın
bütün istiqamətləri üzrə məhsuldar dialoq
aparmağa, həmçinin müxtəlif
çağırışlara və risklərə vaxtında
cavab verməyə imkan yaradır.
“Sevindirici haldır ki, bu gün bizim gündəliyimiz
mədəniyyət mövzusuna həsr olunub. Ölkələrimiz
mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət
üçün böyük potensiala malikdir. Hər il MDB
çərçivəsində mədəniyyət
paytaxtlarının və tematik humanitar illərin elan edilməsi
Birlik ölkələrinin humanitar qarşılıqlı fəaliyyətinin
genişləndirilməsinə öz töhfəsini verir”, –
deyə o bildirib.
2023-cü ildə MDB-nin “Mədəniyyət
paytaxtı” olan Sankt-Peterburq şəhərinin mədəniyyətlərarası
dialoqun inkişafına töhfəsini xüsusi qeyd edən
Əli Əsədov 2024-cü ildə bu estafeti Səmərqənd
şəhərinin təhvil alması münasibətilə
Özbəkistan Respublikasını təbrik edib.
Azərbaycanın MDB çərçivəsində
mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə
böyük önəm verdiyini vurğulayan Əli Əsədov
deyib: “Ölkəmizdə müntəzəm olaraq bu sahədə
incəsənət, mədəniyyət, elm, təhsil xadimlərini
bir araya gətirən müxtəlif tədbirlər
keçirilir. Azərbaycan artıq bu cür tədbirlərin ənənəvi
məkanına çevrilib. Əlbəttə, bütün
bunlar coğrafi, tarixi və mədəni köklərə, Azərbaycan
xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə
əsaslanır. Azərbaycan Respublikası çoxmillətli
və çoxkonfessiyalı dövlətdir. Bütün millətlərin
və dinlərin nümayəndələri əsrlərdir ki,
ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində
yaşayırlar. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu
vətəndaşlarımızdır. Biz bu gün bu faktı
bu yüksək kürsüdən bir daha bəyan edirik”.
Baş nazir bildirib ki, ölkəmiz çoxsaylı
beynəlxalq platformalar vasitəsilə millətlərarası
dialoqu fəal şəkildə təşviq edir. İdman sahəsində
qarşılıqlı fəaliyyət də humanitar əlaqələrin
möhkəmləndirilməsinə öz müsbət təsirini
göstərir: “Biz 2025-ci ildə Azərbaycanın ikinci
böyük şəhəri Gəncədə keçiriləcək
III MDB ölkələri Oyunlarına məhz bu prizmadan
baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə
də MDB çərçivəsində humanitar
qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə
və inkişafına kömək edəcək”.
Əli Əsədov diqqətə çatdırıb
ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda
fəal iştirak edir. Keçən il Azərbaycanın Birlik
ölkələri ilə əmtəə dövriyyəsinin həcmi
təqribən 30 faiz artıb. Cari ilin 10 ayının
yekunlarına görə, daha 17 faizlik artım qeydə
alınıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərinin prioritet layihələr olacağı nəqliyyat-tranzit
sahəsində qarşılıqlı faydalı əməkdaşlıq
formalaşıb.
Çıxışında Azərbaycanın regionda
sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi
səylərini davam etdiricəyini vurğulayan Əli Əsədov
bildirib: “Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə
alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini
son dərəcə mühüm hesab edirik. Yaranmış
tarixi fürsətdən rasional istifadə edilməsi bizə
regionda çoxdan gözlənilən sülhə nail
olmağa imkan verəcək, regionumuzda bütün insanlara
dinc və təhlükəsiz birgəyaşayış
ümidləri bəxş edəcək”.
İclasın yekununda MDB-yə üzv dövlətlərin
hökumət başçılarının mədəni-humanitar
əməkdaşlığın perspektivlərinə dair Bəyanatı
imzalanıb.
Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi
Qırğızıstan həyata keçirib. İclasda
2024-cü il üçün sədrlik Rusiyaya keçib.
Mədəniyyət .- 2023.- 20
dekabr(¹94).- S.1;2.