Qeyri-maddi mədəni
irs nümunələrimiz İslam Dünyası İrs
Siyahısında
Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət
göstərən İslam Dünyası İrs Komitəsinin
(IWHC) 11-ci iclası keçirilib.
Komitə üzvlərinin qərarı ilə ölkəmizin
zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni
irs nümunəsi İslam Dünyası İrs
Siyahısına daxil edilib: Yallı (köçəri, tənzərə)
Naxçıvanın ənənəvi qrup rəqsləri;
Dolmanın hazırlanması və paylaşılması ənənəsi,
mədəni kimliyin göstəricisi; Pəhləvanlıq mədəniyyəti,
ənənəvi zorxana oyunları, idman növləri və
güləş; Azərbaycan muğamı; Lahıc misgərlik
sənəti; Çövkən – ənənəvi Qarabağ
atüstü oyunu; Azərbaycan aşıq sənəti; Kəlağayı
düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti
və onun simvolizmi; Tar ifaçılıq sənəti və
onun hazırlanma ustalığı; Azərbaycanda xalça
toxuculuğu ənənəvi sənəti.
Dekabrın 19-da ICESCO-nun qərargahında keçirilən
mərasimdə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin hazırladığı namizədlik faylları əsasında
qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına
daxil edilməsini təsdiq edən sertifikatlar ICESCO-nun baş
direktoru Salim əl-Malik tərəfindən ölkəmizin
qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim
edilib.
İslam Dünyası İrs Komitəsinin qərarı
ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni
irs elementlərinin mühüm dəyəri vurğulanıb və
mədəni irsin qorunması, mühafizəsi və
davamlılığının təmin edilməsinin vacibliyi
nümayiş etdirilib. Azərbaycanın ICESCO ilə əməkdaşlığında
mədəni irsin qorunması mövzusu mühüm yer tutur.
Xatırladaq ki, daha öncə Azərbaycandan
İçərişəhər (Qız qalası və
Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin
tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və
Qobustan qayaüstü rəsmləri, həmçinin
miniatür sənəti və “Nar bayramı” ənənəsi
İslam Dünyası İrs Siyahısına daxil edilib.
Bununla da Azərbaycanın siyahıdakı mədəni irs
nümunələrinin sayı 15-ə çatıb.
Qeyd edək ki, sözügedən nümunələr
UNESCO-nun müvafiq siyahılarında da yer alıb.
Mədəniyyət .- 2023.- 20
dekabr(№94).- S.1.